FIFA ilə UEFA arasında gərginlik: Yeni qaydalar dünya futbolunu iki cəbhəyə bölüb
Futbolda hakimlik qaydaları ətrafında yaranan mübahisələr artıq təkcə meydandakı qərarlarla məhdudlaşmır. FIFA-nın 2026-cı il dünya çempionatında tətbiq etdiyi yeni qaydalar UEFA ilə qurum arasında ciddi fikir ayrılığına səbəb olub.
BAKU.WS xəbər verir ki, Dünya çempionatında sınaqdan keçirilən bir sıra hakimlik yenilikləri həm futbolçuların, həm məşqçilərin, həm də Avropa futbol qurumlarının sərt tənqidi ilə qarşılaşıb.
Turnirdə hakimlərə oyunçular arasında sərt təmaslara daha çox icazə verilməsi tövsiyə olunub. Təsadüfi əl zərbələri, hava mübarizələrində təmaslar və bəzi kobud epizodlar artıq "oyunun təbii hissəsi" kimi qiymətləndirilir.
Bundan başqa, FIFA bir sıra yeni qaydalar tətbiq edib:
mübahisə zamanı ağzını əli və ya forması ilə örtən futbolçu birbaşa qırmızı vərəqə ala bilər;
VAR-ın səlahiyyətləri genişləndirilib və daha çox epizoda müdaxilə etməsinə imkan verilib;
zədələnən futbolçu tibbi yardım aldıqdan sonra bir dəqiqə meydandan kənarda qalmalıdır;
əvəzetmə prosesi 10 saniyə ərzində başa çatdırılmalıdır, əks halda komanda müəyyən müddət azlıqda oynayacaq;
etiraz əlaməti olaraq meydanı tərk edən futbolçu qırmızı vərəqə alacaq, komanda isə texniki məğlubiyyətlə üzləşə bilər.
UEFA bu qaydaları qəbul etmir
UEFA isə bu dəyişikliklərin əksəriyyətini Avropa turnirlərində tətbiq etmək niyyətində deyil.
Məlumata görə, qurum futbolçunun ağzını örtməsinə görə birbaşa qırmızı vərəqə göstərilməsi, eləcə də etiraz səbəbindən meydanı tərk etməyə görə sərt cəzaların tətbiqini məqsədəuyğun hesab etmir.
İngiltərə Premyer Liqası, La Liqa, A Seriyası və Bundesliqa da FIFA-nın yeni qaydalarından imtina edərək mövcud hakimlik prinsiplərini qoruyacaqlarını açıqlayıblar.
Mübahisənin arxasında milyardlarla dollar dayanır
Ekspertlərin fikrincə, FIFA ilə UEFA arasındakı qarşıdurmanın səbəbi yalnız hakimlik qaydaları deyil.
Bildirilir ki, əsas mübarizə dünya futbolunun idarə olunması və böyük maliyyə axınlarına nəzarət uğrundadır. UEFA hesab edir ki, FIFA milli komandaların yarışlarını təşkil etməli, klub futboluna isə müdaxilə etməməlidir.
Xüsusilə FIFA-nın genişləndirilmiş Klublararası Dünya Çempionatını yaratması Avropa futbolunda narazılıq doğurub. UEFA bu turnirin UEFA Çempionlar Liqasına rəqib kimi formalaşdırıldığını və aparıcı klubların gəlirlərini bölüşdürməyi hədəflədiyini düşünür.
Futbolçular da narazıdır
Sıx oyun təqvimi də narazılığı artıran əsas amillərdəndir. Bir sıra tanınmış futbolçular, o cümlədən Rodri və Kevin De Bruyne son illərdə oyun sayının həddindən artıq artdığını bildirərək, bunun futbolçuların sağlamlığı üçün ciddi risk yaratdığını vurğulayıblar.
Məlumata görə, UEFA rəhbərliyi artıq 2027-ci ildə keçiriləcək FIFA prezident seçkilərində Canni İnfantinoya qarşı alternativ namizəd irəli sürmək imkanlarını da nəzərdən keçirir.
Beləliklə, hakimlik qaydaları ətrafında başlayan mübahisə artıq dünya futbolunda idarəçilik və maliyyə maraqları uğrunda açıq qarşıdurmaya çevrilib.
Oxşar xəbərlər
Azərbaycan futbolunda 13 il sonra tarixi uğur təkrarlanıb
Avrokubokların I təsnifat mərhələsinin ilk oyunları Azərbaycan futbolu tarixinə ən uğurlu həftə kimi düşüb. BAKU.WS Peşəkar Futbol Liqasının rəsmi saytına istin...