Ermənilər "Qarabağ" klubunu almaq istəyir
Azərbaycanın futzal klubunu ermənilər almaq istəyir.
BAKU.WS-in məlumatına görə, Moskvanın şərq divizionun futzal üzrə həvəskərlar çempionatında "Qarabağ Moskva" adı altında çıxış edən komandaya ermənilər göz dikib. Liqada aldığı müvəffəqiyyətli nəticələrdən sonra ermənilərin komandaya satılması üçün təzyiq etdiyi məlum olub.
Komandanı ermənilərə satmaq istəməyən, ancaq maddi vəziyyət səbəbiylə çətin durumda olan klubun futzalçıları səfər oyunlarına ciblərindən pul verərək gedirlər. Komanda qardaş ölkə Türkiyədən kömək gözləyir.
"Qarabağ Moskva" klubunun həm oyunçusu, həm də məşqçisi olan Elnur Vəliyev ermənilərin "Artsax" komandasının klubu almaq istədiyini bildirib: "Oyunçularımız bu istəyi israrla rədd edir. Əgər bizə maddi dəstək verilsə, Azərbaycan bayrağını böyük liqada dalgalandıra bilərik. Əlbəttə Azərbaycandan fərqli olaraq ermənilərin bu komandaya maraq göstərməsi üzücü bir vəziyyətdir".
Komandanın göstərdiyi uğurların ortada olduğunu ifadə edən Elnur Vəliyev "Qarabağ Moskva"ya heç bir dəstək verilmədiyini qeyd edib.
Qeyd edək ki, Moskvanın şərq divizionun futzal üzrə həvəskərlar çempionatında "Qarabağ Moskva" adı altında çıxış edən komanda Qarabağ adını layiqincə təmsil edir. Milliyətcə azərbaycanlılardan təşkil olunan komanda 2013-cü il yanvarın 10-da Moskvada yaşayan həmvətənlərimiz tərəfindən yaradılıb.
Kollektiv əsasən Moskvada yaşayan gənclərdən və tələbələrdən ibarətdir. İlk olaraq Moskva Mini Futbol Həvəskar Liqasının Şərq Divizionunda mübarizəyə qoşulan klub, debütdəcə Liqanın və "Silver Cup"ın qalibi olub. Daha sonra 2013-cü ilin may ayında "Lujniki"də baş tutan futbol spartakiadasında 96 komanda arasında 3-cü olmağı bacarıb. Bu uğurdan sonra klubun 4 oyunçusu - Pərviz Abdinov, Sərxan Rzazadə, Aleksandr Revunov və Elnur Vəliyev Ryazan şəhərində təşkil olunan ənənəvi "Myaç Dobra" futbol turnirində Azərbaycan diasporunun Ryazan şəhərinin "Kaspiy" klubuna dəvət alıblar. Sonda sözügedən turnirin qalibi məhz "Kaspiy" kollektivi olub.
Ötən il yay fasiləsindən sonra "Qarabağ" adlı komanda yenidən Şərq Divizionunda mübarizə aparıb. Həmin mövsüm kollektiv 2-ci yeri tutub. Bundan sonra klubda maliyyə problemləri yaşandığından, komanda fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Buna baxmayaraq, klub öz maddi hesabına çıxışını bərpa edib.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Qarabağ münaqişəsinin həllində sürpriz dəyişiklik
Rusiyanın "Kommersant" qəzeti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iddia ortaya atıb. BAKU.WS-in məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun Ba...