"Çelsi" Abramoviç dövründəki pozuntulara görə 10,75 milyon cərimələndi
İngiltərənin "Çelsi" klubu rusiyalı iş adamı Roman Abramoviçin rəhbərliyi dövründə baş vermiş qayda pozuntularına görə 10,75 milyon funt sterlinq məbləğində cərimələnib.
BAKU.WS xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Məlumata görə, ötən ilin sentyabrında İngiltərə Futbol Assosiasiyası (The Football Association) klub barəsində 74 qayda pozuntusu ilə bağlı ittiham irəli sürüb. Bu pozuntular əsasən futbol agentləri ilə iş qaydaları və 2009–2022-ci illərdə futbolçulara edilən investisiyalar ilə bağlı olub.
Bununla yanaşı, "Premier League" "Çelsi"yə akademiya üçün yeni oyunçuların transferini 9 ay müddətinə qadağan edib. Həmçinin əsas komanda üçün transferlərə 1 illik şərti qadağa tətbiq olunub, lakin bu qərarın icrası 2 il müddətinə təxirə salınıb.
Hazırda Premyer Liqada 30 turdan sonra "Çelsi" 48 xal toplayaraq turnir cədvəlində 6-cı yerdə qərarlaşıb. Komanda lider "Arsenal"dan 22 xal geri qalır.
Qeyd edək ki, Abramoviç "Çelsi" klubunu 2003-cü ildə 140 milyon funt sterlinqə satın almışdı. Onun rəhbərliyi dövründə London klubu 5 dəfə Premyer Liqa çempionu, 2 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə UEFA Avropa Liqasının qalibi olub. Bundan əlavə, komanda 5 dəfə İngiltərə Kubokunu, 3 dəfə isə Liqa Kubokunu qazanıb.
Abramoviç 2022-ci ilin may ayında sanksiyalar səbəbindən klubu satıb. Hazırda komandanın sahibi amerikalı iş adamı Todd Boehlidir. O, transferlər üçün yüz milyonlarla avro xərcləyərək klubu liqanın ən çox pul xərcləyən komandalarından birinə çevirib.
Bununla belə, "Çelsi" 2022/23 mövsümündə uzun illərdən sonra ilk dəfə avrokuboklara vəsiqə qazana bilməmişdi. Komanda 2024/25 mövsümündə isə UEFA Konfrans Liqasında turnirinin qalibi olub və yenidən UEFA Çempionlar Liqası yarışına vəsiqə qazanıb.
Oxşar xəbərlər
"Neftçi" Emin Mahmudovun qolu ilə tarixə keçdi
"Neftçi" Azərbaycan çempionatlarında 150-ci penaltisini vurub. BAKU.WS Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqası...