Azərbaycanın səkkiz boksçusu U-17 Avropa çempionatında yarımfinala vəsiqə qazanıb
Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında Azərbaycanın səkkiz təmsilçisi yarımfinala vəsiqə qazanıb.
Azərbaycan Boks Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, 1/4 final mərhələsinin son günündə millinin daha altı üzvü yarımfinala yüksəlib.
Cəmilə Muradlı (57 kq) Rozali Uhrova (Çexiya) ilə qarşılaşıb. Döyüş təmsilçimizin 4:1 (29:28, 29:28, 30:27, 28:29, 29:28) hesablı qələbəsi ilə başa çatıb. O, yarımfinalda Morena Stifani (İtaliya) ilə üz-üzə gələcək.
Həsrət Məmmədov (46 kq) Kristian Mezesi (Slovakiya) cəmi 79 saniyəyə üstələyib. Boksçu final uğrunda Ronan Çarlzla (İrlandiya) münasibətinə aydınlıq gətirəcək.
İsmayıl Nəsirzadə (52 kq) Qleb Qrinblatı (İsrail) məğlub edib – 5:0 (29:26, 29:26, 29:25, 29:25, 30:24). O, növbəti cəhdində Martin Nevini (İrlandiya) sınağa çəkəcək.
Qardaş Rəhimov (54 kq) bu dəfə Mikita Beskaravainy (Belarus) üzərində qələbə qazanıb – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Milli üzvü yarımfinalda Strahinya Mrdakla (Monteneqro) gücünü yoxlayacaq.
Məhəmmədəli İstamov (57 kq) Eleftherios Zurnatsisə (Yunanıstan) qalib gəlib. Boksçumuz ilk 2 raundu aktivinə yazdıqdan sonra rəqib məşqçi döyüşdən imtina edib. İstamov növbəti görüşündə Nikita Zaxarçenko (Ukrayna) ilə qarşılaşacaq.
Hidayət Məmmədov (70 kq) isə Sandro Tsimtsba (Rusiya) üzərində inamlı qələbə qazanıb. O, ilk raundda rəqibini nokaut edib. Məmmədov yarımfinalda Paddi Nevinlə (İrlandiya) döyüşəcək.
Nəticədə yarımfinala yüksələn boksçularımızın sayı 8-ə yüksəlib. Daha öncə Səma Abbasova (66 kq) və Xumar Cəfərli (+80 kq) də bu hüquqa yiyələnib.
Yarımfinala yüksələn milli üzvləri özləri üçün azı bürünc medalı təmin ediblər.
Qeyd edək ki, yarımfinal döyüşləri bu gün, finallar oktyabrın 11-də olacaq.
Oxşar xəbərlər
Zelim Kotsoyev (100 kq) Bakıda keçirilən dünya çempionatına qələbə ilə start verib
Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Bakıda keçirilən dünya çempionatına qələbə ilə start verib. BAKU.WS report-a istinadən xəbər verir ki, o, 1/32 final...