"Qarabağ" - "Seltik" matçına bilet satışına start verilib. 

 

BAKU.WS-in məlumatına görə, Çempionlar Liqası təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək qarşılaşmanın biletləri satışa çıxan kimi bəzi işbazların iştahı qabarıb. Artıq məlumdur ki, qara bazar alverçiləri kassalardan çox sayda biletlər əldə edib. Onlar iddia edirlər ki, futbol matçının başlamasına az müddət qalmış biletləri satmağa başlayacaqlar. 

Məhz bu amillərə görə, "Qarabağ" kassalarında biletlərin satışının dayandırılması barədə qərar qəbul edilib. Hazırda təsnifat mərhələsinin cavab oyunun biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında əldə etmək olar. Gizli yolla bilet satan şəxslərlə bağlı hüquq-mühafizə orqanları məşğul olacaqlar. 

Xatırladaq ki, kassalaradan bir nəfərə maksimum 3 bilet satmağa icazə verilir. Biletlərin dəyəri 1 AZN-dən 50 AZN-ə qədər dəyişir. Matç 4 avqustda yerli vaxtla 21:30-da start götürəcək. 

BAKU.WS redaksiyasına göndərilən bir videoda işbazın təsadüfi yoldan keçən şəxslə danışdıqları qeydə alınıb. O, biletləri hansı yolla əldə etdiyini və bu biletləri necə satacağını izah edir. "Qarabağ" klubunun formasını geyinmiş gənc futbol matçı baş tutan gün Respublika stadionunun kassalarında 1 manata alınmış biletləri 10-15 manata satacaq. Azyaşlı uşaqların köməyi ilə 25 ədəd bilet ala bilən işbaz qara bazarda bu biletləri sataraq yüksək qazanc əldə etmək niyyətindədir.