SİZİN REKLAM BURADA!
055 213 76 73


"Sabah çox ciddi rəqibə qarşı oynayacağıq. "Arsenal" hazırda texniki və fiziki durumları yüksək səviyyədədir. Onların Rusiya Premyer Liqasında son iki oyununu izləmişik. Maraqlı oyun olacaq".

"Report"un Tulaya ezam olunmuş əməkdaşının verdiyi məlumatına görə, bunları "Neftçi"nin baş məşqçisi Roberto Bordin Rusiyada "Arsenal"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, Bakı-Moskva təyyarəsində problem yarandığı üçün 6 saat yubanmaları komandaya təsir etməyəcək: "Yorğunluq bu günə təsir edə bilər. Məşqin vaxtını dəyişdik. Yüngül məşqdən sonra hazır olacağıq. Yubanmanın oyuna təsir edəcəyini düşünmürəm".

Bordinin sözlərinə görə, əsas məqsədləri oyuna düzgün yanaşmaqdır: "Qol buraxmasaq yaxşı olar. Ancaq rəqib çox yaxşı komandadır və əla formadadır. Qapımızı toxunulmaz saxlamaq çətin olacaq. Buradan qələbə ilə də qayıtmaq istərdim. Oyuna düzgün yanaşmağa çalışmalıyıq. Çünki cavab görüşü də var. Öz şanslarımızdan istifadə etməyə çalışacağıq. Matça hazırlaşmaq üçün kifayət qədər vaxtımız olub. "Arsenal" ilk dəfədir avrokubokda çıxış edir, stadionda ajiotaj olacaq. Matçın Tulada keçirilməsi meydan sahibləri üçün üstünlükdür. Biz də öz evimizdə üstün durumda olacağıq. "Neftçi" böyük tarixə malik klubdur. Burada gözəl oyun nümayiş etdirmək və sərfəli nəticə qazanmaq istəyirik. Sabah necə olacağını indidən deyə bilmərəm. İlk dəqiqələrdən qol buraxmaq istəmərik. Meydana uyğunlaşmaq və öz futbolumuzu sərgiləməyi düşünürük. Qol buraxsaq da, vəziyyəti dəyişmək üçün düzgün oynamalıyıq. Sabah hava şəraitinin yağışlı olmaq ehtimalına gəlincə, bu, meydançaya təsir edə bilər, taktikaya yox".

Qeyd edək ki, iyulun 25-də "Arsenal" mərkəzi stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Qarşılaşma "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.
BAKU.WS