SİZİN REKLAM BURADA!
055 213 76 73


 


"Qarabağ Vyana” futbol klubu 2014-cü ildə Vyana Futbol Federasiyasında (WFV) rəsmi qeydiyyatdan keçərək, Oberliqa A-da mübarizə aparmaq üçün lisenziya əldə edib.  

 

BAKU.WS-in məlumatına görə, Oberliqa rəsmi olaraq Vyana Futbol Federasiyasının 3-cü, Avstriya Futbol Federasiyasının isə 6-cı liqasıdır. "Qarabağ Vyana” 2014-2015-ci il mövsümündə Oberliqa A-da keçirdiyi 26 oyunda 17 qalibiyyət, 2 bərabərlik və 7 məğlubiyyət ilə mövsümün sonunda 55 xal toplayaraq, sadəcә 2 xallıq fәrqlә 14 klubun iştirak etdiyi liqanı ikinci olaraq bitirmişdir. Klub eyni mövsümdə paralel olaraq Vyana kubokunda iştirak etmiş və 5 mərhələdə də ard-arda qələbələr qazanmışdır. Yerli müstəxəssislər əldə olunmuş nəticəni yeni qurulan bir klub üçün yüksək qiymətləndirmişlər.

 

 

Avstriyanın Vyana şəhərində "Qarabağ Vyana” adında futbol klubunun yaradılması ideyası və təşəbbüsü 2013-cü ildə klubun prezidenti Orxan Vəliyev tərəfindən irəli sürülmüşdür. 2014-ci il iyul ayında rəsmi olaraq "FC Karabakh Wien” təsis edilmişdir. Klubun İdarə Heyətində 4 azərbaycanlı, 1 avstriyalı və 1 türk yer alıb.

Klubun adı Azərbaycan və Avstriya üçün tarixi əhəmiyyətə malik olan region və şəhər adlarının vəhdətindən seçilmişdir. Belə ki, Vyana şəhəri Avstriyada və Avropada mədəniyyət və incəsənət tarixinin beşiyi, Qarabağ regionu isə Azərbaycan və Qafqazda eyni şəkildə mədəniyyət və incəsənət məkanı kimi tanınır. Təəssüfflər olsun ki, son 25 illik zaman kəsiyində Avropa və dünya ictimaiyyətində "Qarabağ” sözünün daha çox müharibə və münaqişə adları ilə birgə hallanması, Qarabağın əslində sahib olduğu dəyərə xələl gətirmiş və dünya ictimaiyyəti tərəfindən yanlış tanınılmasına səbəb olmuşdur. Bilavasitə Avstriyada və Avropada Qarabağın adının yerli ictimaiyyətə Azərbaycanın tərkib hissəsi kimi idman vasitəsi ilə müsbət yöndən tanıdılması gənc azərbaycanlı təsisçilər tərəfindən əsas hədəf olaraq qarşıya qoyulmuşdur.

"Qarabağ Vyana” FK rəsmi internet səhifəsi vasitəsi ilə Avstriya ictimaiyyətini "Qarabağ” sözü ilə bağlı aşağıdakı şəkildə məlumatlandırır :

* "Karabakh” sözü qədim türkcədə və Azərbaycan dilində Kara – qara, bakh – bağ, ədəbi olaraq "Qara Bağ" deməkdir. Qarabağ Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış regionudur. Azərbaycanın ürəyi hesab olunan Qarabağ regionu ölkəyə tarixən çoxlu sayda tanınmış şəxslər – yazıçılar, idmançılar, siyasətçilər və dövlət xadimləri vermişdir. Qarabağ Azərbaycan musiqisinin beşiyi sayılır. 

 

2015-2016 ci il mövsümünə isə "Qarabağ Vyana” FK bir liqa daha yüksək olan 2-ci Landesliqa-dan başlamışdır. 2-ci Landesliqa Vyana Futbol Federasiyasının rəsmi olaraq 2-ci liqası, Avstriya Futbol Federasiyasının isә 5-ci liqası hesab olunur. Bu liqada ilk dəfə çıxış etməsinə baxmayaraq, İdarə Heyəti tərəfindən əsas komanda qarşısında əsas vəzifə kimi sadəcə çempionluq qoyulmuşdu. Belə ki, "Qarabağ Vyana” 2-ci Landesliqada 30 görüş keçirərək, 21 qalibiyyət, 4 bərabərlik və 5 məğlubiyyət nəticəsində 67 xal toplamış və 16 komandanın mübarizə apardığı liqada ən yaxın izləyicisini 4 xal qabaqlayaraq çempion olmuşdur.

 

Klub eyni mövsümdə paralel olaraq Vyana Kubokunda da iştirak edərək, böyük uğur əldə etmişdir. Vyana Futbol Federasiyasının 289 klubunun iştirak etdiyi Vyana kubokunda klubumuz finala qədər yüksəlmiş və Avstriya milli futbol komandasının ev oyunlarını keçirdiyi "Ernst-Happel” stadionunda digər finalist "SV Gersthof” üzərində 2-0 hesablı inamlı qələbə qazanaraq, çempion olmuşdur. "Qarabağ Vyana” komandası 2-ci Landesliqa tarixinə ilk dəfə eyni mövsümdə liqanı və şəhər kubokunu qazanan klub olaraq keçmişdir.

 

Kluba mövsümün 3-cü çempionluğunu isə C liqasında mübarizə aparan U-18 komandası gətirmişdir. Beləliklə, 2015-2016-cı illərdə "Qarabağ Vyana” futbol komandası aktivinə 3 çempionluq yazdıraraq, tarixi bir mövsüm keçirmişdir. 

 

Almaniya və Avstriya futbol liqalarının mütəxəssis saytı fanreport.com internet portalı tərəfindən "Qarabağ Vyana” futbol klubu son 1 ildə göstərdiyi uğura görə Vyana federal torpağının (əyalət) ən yaxşı 100 klubu arasında ilk beşlikdə qərarlaşmışdır.

 

2016-2017-ci il mövsümündə "Qarabağ Vyana” komandası ən yüksək şəhər liqasında mübarizəyə start verəcək. Bu mövsümdə klubun mübarizə aparacağı Stadtliqa Vyana Futbol Federasiyasının 1-ci liqası, Avstriya Futbol Federasiyasının isə 4-cü liqasıdır. Mövsümə ciddi hazırlaşan klub, ilk olaraq 2016-cı il 19 Avqust tarixində səfər oyununa çıxacaqdır. Stadtliqada ümumilikdə 16 klub arasında 30 görüş keçirəcək olan "Qarabağ Vyana” komandası yerli ekspertlər tərəfindən çempionluq tituluna əsas namizəd kimi göstərilir.

 

2016-2017- ci il mövsümündə "Qarabağ Vyana” klubu ilk dəfə olaraq Vyana əyalət çempionu kimi Avstriya kubokunda iştirak hüququ qazanmış və 2016-cı il 8 iyul tarixində Avstriyanın ən tanınmış klubu olan "SK Rapid Vyana” klubu ilə qarşılaşmışdır. İki klub arasında istər tarixi, istər büdcə, istərsə də güc nisbətinə baxmayaraq, "Qarabağ Vyana” yerli ictimaiyyəti təəccübləndirəcək dərəcədə yüksək səviyyədə mübarizə aparmış və 1-3 hesabı ilə "SK Rapid Vyana” qarşısında məğlub olmuşdur.

 

"Qarabağ Vyana” futbol klubunun İdarə Heyətinin bu il əsas komanda üçün müəyyən etdiyi yeganə hədəf liqanı ilk pillədə bitirərək, Regional liqaya vəsiqə qazanmaqdır. Regional liqaya yüksəlmək klub üçün olduqca ciddi önəm daşıyır. Klubumuz Regional liqaya yuksələcəyi təqdirdə, Vyana Futbol Federasiyası tərkibindən Avstriya Futbol Federasiyası tərkibinə birbaşa keçid edərək, ölkənin 3-cü ən yüksək liqasında Vyana əyalətini təmsil edəcəkdir.

 

BAKU.WS