SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinin ilk iki günü geridə qalıb.

Əvvəlcə yunan-Roma, ardından isə qadın güləşçilər qüvvələrini sınayıblar. Azərbaycan millisinin ümumilikdə 9 güləşçisi xalça üzərinə çıxıb. Lakin onlardan heç biri Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib.

Turnirin son günündə sərbəst güləşçilər mübarizə aparacaqlar. Yarışı izləyənlər arasında yunan-Roma güləşi üzrə Azərbaycan millisinin sabiq üzvü, Rio-2016-nın bürünc mükafatçısı və dünya çempionu Rəsul Çunayev də var.

33 yaşlı mütəxəssis “Report”a müsahibəsində Azərbaycan təmsilçilərinin çıxışını dəyərləndirib.

- İlk iki gündə yunan-Roma və qadın güləşçilərimizdən heç biri olimpiadaya lisenziya qazana bilmədi. Bunu nə ilə əlaqələndirmək olar?

- İdmanda bəzən uğursuz çıxışlar da olur. İnanıram ki, güləşçilərimiz özlərini toparlayacaq və növbəti turnirdə lisenziya qazanacaqlar. Onlarda bu güc var. Əsas odur ki, həvəsdən düşməsinlər.

- Doğma divarlar amilinin nəticələrə müsbət təsir etməməsini necə başa düşmək olar?

- Hər adam doğma divarlar arasında çıxış edə bilmir. Məsuliyyət hissi, stress çox olur. Məncə, güləşçilərimiz bu turnirə psixoloji cəhətdən hazır deyildilər. Çünki öz səhvləri nəticəsində məğlub oldular. Bir sözlə, stressə qalib gələ bilmədilər.

- Bu gün sərbəst güləşçilərimiz mübarizəyə qoşulacaqlar. Kimlərə ümidiniz daha çoxdur?

- Bu gün xalçaya çıxacaq bütün güləşçilərimizdən olimpiadaya lisenziya qazanmalarını gözləyirik. Lisenziya turniri olduğu üçün hər kəs bütün gücü ilə, son saniyəyə qədər yarışır. Hətta son saniyədə qalib gələnlər də oldu. Hamı olimpiadaya düşmək üçün can atır. Kim psixoloji cəhətdən hazır olsa, o da müsbət nəticə qazanacaq.

- Turnirdə bir neçə sürpriz nəticə qeydə alındı ki, onlardan biri də Mariya Stadnikin (50 kq) son saniyələrdə qələbəni əldən verməsi oldu...

- Yarışda çoxlu sürprizlər gördük. Elə güləşçilər oldu ki, gözlənilmədən favoritləri məğlub edərək, lisenziya qazandılar. Mariya Stadnik də son saniyədə qələbəni əldən verdi. Ayağa durduqdan sonra onda bir anlıq boşluq yarandı. Təəssüf ki, rəqibi bundan lazımınca yararlandı. Əminəm ki, Mariya növbəti yarışda bu səhvini düzəldərək olimpiadaya lisenziya qazanacaq. Dünən uduzduğu ukraynalı rəqibinə isə olimpiadada böyük fərqlə qalib gələcəyinə inanıram.

- Mayda İstanbulda keçiriləcək Dünya Təsnifat turniri güləşçilərimiz üçün son şans sayılır. Həmin yarışa daha iddialı idmançıların qatılacağını nəzərə alsaq, olimpiadaya lisenziya qazanmaq çətin olmayacaq?

- Əlbəttə ki, Dünya Təsnifat turniri daha çətin keçəcək. Çünki bütün ölkələrdən güləşçilər yarışa “alovlu” gələcəklər ki, lisenziya qazansınlar. Mən də Rio-2016-ya son yarışda lisenziya əldə etmişdim. Həmin vaxt fiziki cəhətdən çox psixoloji baxımdan hazır idim. Bakıdakı Avropa Olimpiya Təsnifat turnirində daha çox təcrübəlilər “alov küləyi”nə rast gəlirlər. Güləşçilərimiz rəqiblərini yüksək qiymətləndirməlidirlər.

BAKU.WS