SİZİN REKLAM BURADA!
055 213 76 73


“AFFA milli komandanın baş məşqçisi Canni De Byazinin AVRO-2024-ün seçmə mərhələsinin Belçika ilə səfər oyunundan sonra azərbaycanlı jurnalistlər haqqında işlətdiyi qeyri-etik ifadələrə görə ciddi tədbir görəcək”.

BAKU.WS xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında milli assosiasiyanın vitse-prezidenti Vaqif Sadıqov məlumat verib.

Onun sözlərinə görə, bunu nəinki italiyalı mütəxəssisə, heç kimə yaraşdırmadığını bildirib:

“Onu bu çıxışı etməyə nəyin vadar etdiyini bilmirəm. Amma hesab edirəm ki, tamamilə yanlış addım idi. Heç kimin haqqı yoxdur ki, mətbuat konfransında jurnalistlərə təhqiramiz ifadələr işlətsin. AFFA-nın baş katibi də bununla bağlı jurnalistlərdən üzr istədi. Əminəm ki, bu məsələyə ilə bağlı ciddi tədbir görüləcək”.

Canni De Byazinin milli komandadakı gələcəyinə də toxunan AFFA rəsmisi müqavilənin uzadılıb-uzadılmaması ilə bağlı çox ciddi müzakirəyə ehtiyac olduğunu vurğulayıb:

“Potensialı yüksək millimizə hazırda potensialı tükənən baş məşqçi rəhbərlik edir. İcraiyyə Komitəsinin bununla bağlı verəcəyi qərarı gözləyəcəyik”.

Yığmanın Belçikaya 0:5 hesablı məğlubiyyətini də şərh edən V. Sadıqov komandanın seçmə mərhələdə ən zəif oyununu keçirdiyini söyləyib:

“Qəbul etmək lazımdır ki, komandamız Belçika kimi güclü rəqiblə oynamağa fiziki və psixoloji cəhətdən hazır deyildi. Amma futbolçuların hər matçda zəif çıxış etdiyini söyləmək də düzgün deyil. Məsələn, İsveçlə oyunda 3:0 hesabı ilə qalib gəldiyimizi də unutmamaq lazımdır. Təəssüf ki, eyni performansı Belçika komandası ilə matçda göstərə bilmədik”.

BAKU.WS