Xəzərin səviyyəsinin azalması bu ciddi fəsadlara səbəb ola bilər

Xəzərin səviyyəsinin azalması bu ciddi fəsadlara səbəb ola bilər
Foto
Sosial 57

Xəzər dənizinin səviyyəsində son illər müşahidə olunan davamlı azalma sahil zonalarına, infrastruktur obyektlərinə, gəmiçiliyə və ekosistemlərə ciddi təsir göstərir.

BAKU.WS xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutu Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri coğrafiya elmləri doktoru Səid Səfərov bildirib.

Alim qeyd edib ki, dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzərin dünya okeanı ilə birbaşa əlaqəsinin olmaması onun səviyyəsinin müxtəlif təbii və antropogen amillərin təsiri ilə dəyişməsinə səbəb olur:

"Tarix boyu dənizin səviyyəsində həm kəskin enmələr, həm də yüksəlmələr müşahidə edilib. 2006-cı ildən etibarən isə Xəzərin səviyyəsi ardıcıl olaraq aşağı düşür və 2005-ci illə müqayisədə azalma artıq 2,5 metrdən çoxdur. Müxtəlif geoloji dövrlərdə Xəzərin səviyyəsinin dəyişməsində əsasən tektonik proseslər rol oynayıb. Son minilliklərdə isə iqlim və hidroloji amillərin təsiri daha böyükdür. Hazırda Xəzərin səviyyəsinin dəyişməsi onun su balansı ilə müəyyən olunur. Gəlir hissəsini çayların gətirdiyi su və səthə düşən yağıntılar, çıxar hissəsini isə səthdən buxarlanma və Qaraboğazgöl körfəzinə gedən su təşkil edir".

Xəzərin səviyyəsinin azalması bu ciddi fəsadlara səbəb ola bilər

S.Səfərovun sözlərinə görə, son bir neçə minillikdə Xəzərin səviyyə dəyişmələrində çay axınının xüsusi əhəmiyyəti var və burada Volqa çayının payı xüsusilə böyükdür: "Volqa hövzəsində ötən əsrin 50-ci illərindən başlayaraq çoxsaylı iri su anbarları yaradılıb və onların ümumi səthi 36 min kvadrat kilometrdən çoxdur. "1980-ci illərdən başlayaraq temperaturun artması ilə əlaqədar su anbarlarının səthindən buxarlanma kəskin artıb. Eyni zamanda, temperaturun yüksəlməsi suya olan tələbatı da artırıb. Sənaye, kənd təsərrüfatı və məişətdə suya tələbatın artması nəticəsində çay axımının formalaşmasına da təsir yaranır". Alim Volqa hövzəsində yağıntıların azalmasının çay axımının azalmasının əsas səbəbi olması barədə fikirlərin düzgün olmadığını da bildirib. Onun sözlərinə görə, aparılan tədqiqatlar son 30–35 il ərzində Volqa hövzəsində yağıntıların miqdarında statistik baxımdan əhəmiyyətli dəyişiklik olmadığını göstərir.

O, Xəzərin çirklənmə mənbələrinin də daha əvvəl geniş şəkildə araşdırıldığını diqqətə çatdırıb: "Avropa layihəsi çərçivəsində çayların, kollektorların və kanalizasiya xətlərinin Xəzərə gətirdiyi çirkləndiricilər tədqiq edilib və nəticələr hesabat şəklində dərc olunub. Hazırda Coğrafiya İnstitutunda Xəzərin səviyyə dəyişmələrinə təsir edən amillər, sahil zonasında baş verən dəyişikliklər və dənizin monitorinqi istiqamətində tədqiqatlar aparılır. Azərbaycanın cənub bölgəsində - Astara, Lənkəran və Masallı rayonları ərazisində çöl tədqiqatları həyata keçirilib. Tədqiqatların əsas məqsədi Xəzərin səviyyəsinin aşağı düşməsi nəticəsində dənizin müxtəlif sahələrdə nə qədər geri çəkildiyini dəqiq müəyyənləşdirmək olub. Bu dəyişiklikləri peyk təsvirləri əsasında və müxtəlif ölçmə üsulları ilə müəyyənləşdirmək mümkündür. Lakin aparılan tədqiqatlarda daha yüksək dəqiqlik əldə etmək üçün santimetr dəqiqliyi ilə ölçmə aparan GPS avadanlığından istifadə olunub. Biz bu cihazı bir günlük icarəyə götürdük və sahə tədqiqatları zamanı müxtəlif ərazilərdə dəniz səviyyəsinin aşağı düşməsi ilə sahilin nə qədər geri çəkildiyini ölçə bildik. Bu ölçmələr bizə daha dəqiq nəticələr əldə etməyə imkan verdi".

Xəzərin səviyyəsinin azalması bu ciddi fəsadlara səbəb ola bilər

Onun sözlərinə görə, Xəzərin səviyyəsinin həm kəskin aşağı düşməsi, həm də yüksəlməsi sahil infrastrukturuna təsir göstərir. Dəyişikliklərin ekosistem üçün də mühüm nəticələri var.

Gəmiçilik sahəsində yaranan problemlərə toxunan alim Bakı buxtası və Dübəndi ərazisini nümunə göstərib. Bildirib ki, dənizin dayazlaşması nəticəsində iri gəmilərin sahilə yanaşmasında çətinliklər yaranır və bunun qarşısını almaq üçün mütəmadi dərinləşdirmə işlərinin aparılması tələb olunur. Bu isə əlavə maliyyə və texniki resurslar tələb edir. Xəzərin səviyyə dəyişmələrinin yaratdığı nəticələrin daha geniş və sistemli şəkildə araşdırılması vacibdir. "Hazırda dünyanın müxtəlif ölkələrindən alimlər Xəzərin səviyyəsinin azalması dinamikasını, bunun səbəblərini və gələcəkdə yarada biləcəyi nəticələri öyrənirlər. Əsas məsələ xəritənin hazırlanması deyil. Müasir elmi-texniki imkanlarla Xəzərin sahil xəttində baş verən dəyişiklikləri peyk təsvirləri əsasında xəritələşdirmək mümkündür. Əsas məsələ həmin dəyişikliklərin ölkənin infrastrukturuna, ekologiyasına, dəniz gəmiçiliyinə və dənizdən çıxarılan karbohidrogen yataqlarına real təsirinin müəyyənləşdirilməsidir. Bizim tədqiqatlarımız da məhz bu istiqamətlərə yönəlib".

Xəzərin səviyyəsinin azalması bu ciddi fəsadlara səbəb ola bilər

O əlavə edib ki, Xəzərin səviyyəsinin növbəti 10–20 il ərzində necə dəyişəcəyinin müəyyənləşdirilməsi və mümkün nəticələrin əvvəlcədən qiymətləndirilməsi həm elmi, həm də praktiki baxımdan mühüm əhəmiyyət daşıyır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər