"Xankəndi" Azərbaycan bayrağı ilə Avstraliya sularına daxil olan ilk tanker olub
Yeniliklərdən dərhal xəbərdar olun
Milli gəmiçilik tariximizdə ilk dəfə müstəqil Azərbaycan bayrağı altında üzən tanker Avstraliya sularına daxil olub.
Bu barədə BAKU.WS-ə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən (ASCO) məlumat verilib.
Bildirilib ki, bu tarixi səfəri "Aframax" tipli "Xankəndi" tankeri həyata keçirib.
Oktyabrın 19-da Bruneyin Seria limanından yola çıxan gəmi 18 günlük fasiləsiz səfərdən sonra Avstraliyanın Gilonq limanına yan alıb. Burada yük təhlükəsiz şəkildə tankerdən boşaldılıb.
Dəniz təhlükəsizliyi və ekoloji nəzarət baxımından ciddi prosedurların tətbiq olunduğu Avstraliya limanında "Xankəndi" bütün tələblərə cavab verib. Belə ki, limanda olduğu müddətdə tanker yerli ekoloji nəzarətdən və ABS təsnifat cəmiyyətinin illik müayinəsindən uğurla keçib. Eyni zamanda, burada gəmidə heyət dəyişikliyi aparılıb, yanacaq təchizatı həyata keçirilib, təhlükəsizlik, radio və GMDSS sistemlərinə illik texniki xidmət göstərilib.
Gəmi 2024-cü ildə ASCO və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) paritet əsaslarla yaratdığı "SA Maritime AFEZCO" Birgə Müəssisəsi tərəfindən alınıb və elə həmin ilin avqustunda Türkiyənin Aliağa limanında üçrəngli bayrağımızın qaldırılması ilə istismara qəbul edilib.
Tankerin dedveyti 115 521 ton, uzunluğu 249,95 metr, eni 44 metr, bortunun hündürlüyü 21,20 metr, suya oturumu 15,22 metr, maksimal sürəti isə 16 düyündür.
Oxşar xəbərlər
Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirilib
Ali Məhkəmənin İnzibati kollegiyasında özünüməşğulluq proqramı çərçivəsində verilmiş əmlakın geri tələb edilməsi ilə bağlı mübahisəyə baxılıb. Bu barədə BAKU.WS...