Vətəndaşları təhqir edən deputat üçün ən pis hal: Mandatına “əlvida” deyə bilər

Vətəndaşları təhqir edən deputat üçün ən pis hal: Mandatına “əlvida” deyə bilər
Sosial 230

Milli Məclisin deputatı Etibar Əliyev parlamentdaxili intizam məsuliyyətinə cəlb oluna bilər.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, mayın 18-də E.Əliyev sosial şəbəkə hesabında onun yazdıqlarına reaksiya verməyənlərdən dostluğundan çıxmasını tələb edib.

Onun yazdıqlarına reaksiya verməyib dostluğunda qalanları isə vicdansız hesab etdiyini deyib.

Deyəsən, Etibar Əliyev elə bilir ki, deputat statusu ona toxunulmazlıq verdiyinə görə istədiyi fikri səsləndirə bilər. Halbuki elə deyil, toxunulmazlığın da sərhədləri var.

Birincisi, mənəvi baxımdan Etibar Əliyevin dedikləri təhqirdir. Məsələ burasındadır ki, hüquqi müstəvidən də onun fikirlərində təhqir var.

Konstitusiyanın 89-cu maddəsinin 7-ci bəndinə əsasən, deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda Milli Məclisin deputatlığından məhrumetmə haqqında qərar qanunla müəyyən edilmiş qaydada qəbul edilir.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanuna nəzər yetirək:

Bildirilir ki, deputat vətəndaşlarla, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli və təmkinli olmalıdır.

Etibar Əliyevin fikirlərində isə təmkindən çox “dəliqanlılıq” elementləri mövcuddur.

Etik davranış qaydalarının pozulmasına görə deputat Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

Deputatlar “Deputatın etik davranış qaydaları haqqında” qanunla müəyyən edilmiş etik davranış qaydalarını pozduqda parlamentdaxili məsuliyyətə cəlb olunur. Lakin kobud surətdə pozduğu hallar istisnadır. Yəni buna görə deputat barəsində daha sərt tədbir görülür.

Milli Məclisin deputatı barəsində aşağıdakı intizam tədbirlərindən biri tətbiq edilir: xəbərdarlıq, söz kəsmə, iclas salonundan çıxarma, töhmət, deputat səlahiyyətlərinin itirilməsi.

Əgər deputatın hərəkətlərində qanunla müəyyən olunmuş qaydada pozuntu halları aşkarlanarsa, Milli Məclisin sədri deputat barəsində İntizam komissiyasına təqdimatla müraciət edir.

İntizam komissiyası 2 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə deputat barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir.

Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar parlamentin növbəti iclasında elan edilir.

Milli Məclisin iclasda iştirak edən deputatları yalnız deputat səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra, intizam komissiyasının üzvlərinə suallar verə, deputatın səlahiyyətlərinin itirilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər.

Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə parlamentin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.

İndi iki nəticə çıxara bilərik: ən yaxşı halda Etibar Əliyev parlamentdaxili məsuliyyətə cəlb olunacaq, ən pis halda isə deputat mandatı ilə vidalaşacaq.

İkinci versiya isə inandırıcı gəlmir...

Son xəbərlər