Uşaqların özü qədər, rəqəmsal həyatlarını da qorumalıyıq
"Sosial şəbəkələr bu gün həyatın ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, həm də hər kəsə tanış olan bir mühitdir. Demək olar ki, hər kəsin, hər bir uşağın bu və ya digər platformada şəxsi səhifəsi var. Eyni zamanda, sosial şəbəkələr uşaqlar üçün ən təhlükəsiz məkan olmaqdan çox-çox uzaqdır".
Bunu BAKU.WS-ə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.
Onun sözlərinə görə, uşaqlar sosial şəbəkələrdə zorakılıq və manipulyasiya ilə üzləşirlər:
"Hələ inkişaf mərhələsində olan psixikaya malik uşaqların rəqəmsal texnologiyalardan daimi və nəzarətsiz istifadəsi müxtəlif asılılıqların yaranmasına, diqqət və konsentrasiya qabiliyyətinin zəifləməsinə, səthi düşüncə tərzinin formalaşmasına, davamlılığının azalmasına, eləcə də oflayn həyata marağın ümumiyyətlə itirilməsinə gətirib çıxarır. Lakin biz uşaqlara təbiətin verdiyi ən yaxşı dəyərlərə sahib çıxmağı öyrətməyə borcluyuq. Sosial şəbəkənin ümumiyyətlə qəbul edilmiş hüquqi tərifi olmasa da, onun sərhədlərinin dəqiq müəyyən edilməməsi daha böyük problemlərə və çərçivəsizliyə gətirib çıxarır.
Rusiya qanunvericiliyinə görə sosial şəbəkə istifadəçilər tərəfindən yaradılan şəxsi səhifələr vasitəsilə məlumatın yerləşdirilməsi və ya yayılması üçün nəzərdə tutulmuş, yaxud istifadə edilən, reklamların yayımlana bildiyi və Rusiyada gündəlik 500 mindən çox istifadəçisi olan veb-səhifə, informasiya sistemi və ya proqram təminatıdır. Avstraliyada isə bu, fərqli şəkildə müəyyən edilir. Avstraliyada sosial media xidməti Onlayn Təhlükəsizlik Qanununun meyarlarına cavab verən xidmətdir. Bu qanun 2021-ci ildə qəbul edilib. Xidmətin yeganə və ya əsas məqsədi iki və ya daha çox son istifadəçi arasında onlayn sosial qarşılıqlı əlaqəni təmin etməkdir.
Almaniya qanunvericiliyi isə bu məsələyə çox dəqiq tərif verir. Məsələn, Almaniya qanunvericiliyi rəqəmsal xidmət təminatçısını məzmun mübadiləsi, yəni sosial şəbəkələr üçün nəzərdə tutulmuş mənfəət yönümlü onlayn platformaları idarə edən şəxs kimi müəyyən edir.
ABŞ, Avropa İqtisadi Bölgəsi, İsveçrə və ya Hindistanın qeyri-rezidentləri üçün TikTok istifadəçi müqaviləsinin 11-ci bölməsinin "e" bəndində minimum yaş həddi 13 olaraq müəyyən edilir. Müəyyən yurisdiksiyalar üçün əlavə şərtlərdə fərdi məhdudiyyətlər də nəzərdə tutulur.
Məsələn, Braziliyadakı istifadəçilər 16 yaşdan yuxarı, lakin 18 yaşdan kiçik olduqda valideyn razılığına malik hesab olunurlar. Oxşar qayda Meksikadakı istifadəçilərə də aiddir. Əgər 18 yaşdan kiçiksinizsə, xidmətlərdən yalnız valideyninizin və ya qanuni qəyyumunuzun razılığı ilə istifadə edə bilərsiniz".
Şəbnəm Həsənova əlavə edib ki, digər bir ölkə isə bu məsələni fərqli şəkildə tənzimləyir:
"İndoneziyadakı istifadəçilər üçün xidmətlərdən istifadə zamanı istifadəçi ən azı 21 yaşında olduğunu, evli olduğunu və ya qəyyumluq altında olmadığını təsdiq edir. İstifadəçi 21 yaşdan kiçik və subaydırsa, TikTok hesabı tam məsuliyyəti öz üzərinə götürən valideyn və ya qəyyum tərəfindən yaradılmalıdır.
Düşünürəm ki, Azərbaycanda da sosial şəbəkələrlə bağlı qəbul edilən qanun olduqca düzgün və vaxtında verilmiş qərardır. Çünki bir çox dövlətlər, inkişaf etmiş ölkələr, cəmiyyətlər artıq bu istiqamətdə həyəcan təbili çalırlar.
Böyük Britaniya hökuməti 2026-cı ilin mart ayından may ayına qədər milli məsləhətləşmələr keçirib ki, bu da hökumətin həyata keçirdiyi ən böyük ictimai əməkdaşlıq tədbirlərindən biri kimi qiymətləndirilir. Hər 10 valideyndən 9-u 16 yaşdan kiçik uşaqlar üçün sosial media qadağasını dəstəkləyir və gənclərin üçdə ikisi 16 yaşdan kiçik uşaqların ən azı bəzi sosial media platformalarından istifadəsinə icazə verilməməli olduğu qənaətindədir. Bu dəyişikliklər qaydaları yenidən formalaşdırır ki, uşaqlar onlara ən çox zərər verən platformalardan və onlayn xüsusiyyətlərdən qorunsunlar".
Ekspert sonqa vurğulayıb ki, uşaqlar hələ öyrənmə mərhələsindədirlər. Bu prosesdə yaddaşa daxil olan hər bir məlumat ömürlük iz buraxır:
"Uşaqlar yenə də öyrənmək, xəbərləri izləmək, oyun oynamaq, dostları və ailələri ilə əlaqə saxlamaq üçün təhlükəsiz şəkildə internetdən istifadə edə biləcəklər. Bu, zərərin azaldılmasına, rifahın yaxşılaşdırılmasına və gənclər üçün daha sağlam uşaqlıq imkanlarının yaradılmasına gətirib çıxarır. Bu, eyni zamanda, böyüklərin də yükünü azaldır. Onlar daimi nəzarət və yoxlamalar aparmağa məcbur qalmayacaqlar.
Məsələyə yalnız bir tərəfdən baxmaq da düzgün deyil. Burada kompleks yanaşma olmalıdır. Fərd, ailə, cəmiyyət və dövlət üçün bu məsələ son dərəcə həssasdır.
2018-ci ildə qəbul edilmiş "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunla uşaqların yaşına uyğun informasiyanı əldə etmək hüququnun həyata keçirilməsi, onların zərərli informasiyadan qorunması tədbirləri müəyyən edilib və bu sahədə yaranan münasibətlər tənzimlənib. Bu gün atılan addımlar həmin tənzimləmələrin davamıdır. Qanun 12 aydan sonra qüvvəyə minəcək. Qanunvericiliyə edilən dəyişikliklər beynəlxalq təcrübə və yerli şərait nəzərə alınmaqla həyata keçirilir. Qanunvericilik lüğətinə edilən dəyişikliklər də həssaslıqla tənzimlənib.
Xarici ölkə liderlərinin də bu məsələyə fundamental yanaşmaları var. Norveçin Baş naziri Jonas Gahr Støre bildirir:" Biz bu qanunvericiliyi uşaqların həqiqətən uşaq kimi yaşaya biləcəyi bir uşaqlıq dövrünü qorumaq üçün tətbiq edirik. Oyun, dostluq və gündəlik həyat alqoritmlər və ekranlar tərəfindən ələ keçirilməməlidir. Bu, uşaqların rəqəmsal həyatını qorumaq üçün vacib tədbirdir".
Təbii ki, real dünyada qanunla qadağan olunan bir şeyin virtual dünyada qanuni hesab edilməsi yolverilməzdir. Bu qanundan sonra uşaqların təmiz havada dostları və ətrafı ilə daha çox vaxt keçirməsi üçün əlavə imkan yaranacaq".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bakının mərkəzi küçəsində piyadalar avtobus zolağında getməyə məcbur olur
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışında paytaxtın Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti istiqamətində piyada infrastrukt...