Uçuşlar bərpa olunur: yoluxmanın qarşısı necə alınacaq? - AÇIQLAMA

Uçuşlar bərpa olunur: yoluxmanın qarşısı necə alınacaq? - AÇIQLAMA
Sosial 775

Yay gəlir, dünyanın hər yerində təyyarə uçuşları bərpa olunur. Pandemiyanın tam başa çatmadığı zamanda aviasəfərlər yoluxmaya necə təsir edə bilər? Bu şəraitdə hansı addımlar atılmalıdır?

BAKU.WS xəbər verir ki, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev "Lent.az"a bildirib ki, əslində belə müzakirələrin yaşanacağı elm adamlarına hələ bu virus yeni yayılarkən məlum idi:

“Sadəcə, virusla mübarizənin ilkin mərhələsində prioritetlər fərqli olduğuna görə, bu mövzu o qədər də ictimailəşməmişdi. İndi isə tətil mövsümü yaxınlaşdığına görə artıq bu mövzu hər kəsi narahat etməyə başlayır. Xüsusən də ölkələr arası uçuşlar zamanı təyyarə kabinində ola biləcək yoluxma halları nəinki sadə vətəndaşları, eləcə də böyük aviaşirkətləri və ölkə rəhbərliklərini də narahat edir”.

N.Abdullayev bildirir ki, son elmi tədqiqatlara görə, virusun yayılmasında əsas yeri damcılardan da kiçik olan aerozollar tutur və virusun 50%-i məhz aerozollar vasitəsi ilə yayılır. Məhz bu aerozollar da təyyarə kabinində yoluxma hallarına səbəb ola bilər. “Amma qeyd etdiyim kimi, bu problem daha öncədən artıq elmə məlum idi və yaranacaq müzakirələrə elmi cavab vermək üçün də artıq bu sahədə də tədqiqatlar var. Həmin tədqiqatlar göstərir ki, təyyarə salonunda hava axınının istiqaməti bəlli olduğundan müəyyən şərtlərə əməl etməklə aerozolla yoluxmanın qarşısını almaq mümkündür.

Belə ki, virus daşıyıcılığına şübhə olanların təyyarənin müvafiq yerində əyləşdirilməsi, sərnişinlərin maskalardan istifadəsi və həmçinin məsafənin də saxlanılması həmin şərtlərə daxil olan vacib faktorlardır. Təyyarə kabinində sərnişinlər arasında məsafələrin saxlanılması maliyyə baxımından aviaşirkətlər tərəfindən dəstəklənməsə belə, maskaların aerozolların yayılmasını əngəlləməsi və təyyarələrdə olan hava axınının istiqamətinin öncədən bəlli olması faktları nəzərə alınarsa, yoluxuculuq qabiliyyətinə malik viruslu aerozolların bütün təyyarə sərnişinlərini yoluxdurması halı gözlənilən deyil”.

Maraqlıdır, bu tədbirlərlə yoluxmanın qarşısını almaq olarsa, onda bu günə qədər təyyarələrin uçuşuna niyə icazə verilmirdi?

Həmsöhbətimiz deyir ki, cavab sadədir: “Hər kəs bilməlidir ki, dünyanın hər yerində bu məsələlər siyasi qərarla həll olunur və elmin rolu burada sadəcə siyasətə dəstək olmaqdır. Amma bir şeyi unutmamalıyıq ki, təyyarə uçuşları mümkün olan zaman narahatlıq təkcə kabində yoluxma ilə bağlı deyil. Vacib məsələlərdən biri də virus daşıyıcısı olan insanın hər hansı bir ölkəyə daxil olan zaman müəyyən qrup insanları yoluxdurmasıdır ki, bu da yenidən ölkədə fərqli problemlərə gətirib çıxarda bilər”.

Son xəbərlər