Tikinti materiallarının qiyməti BAHALAŞACAQ

Tikinti materiallarının qiyməti BAHALAŞACAQ
Açıqlama
Sosial 46

"Fevralın sonu və martın əvvəlində tikinti sektorunda ənənəvi olaraq mövsümi qiymət artımı müşahidə olunur və hazırda bazar məhz bu mərhələdən keçir".

Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

AQC sədri əlavə edib ki, hər il tikinti işlərinin aktivləşməsi ilə paralel olaraq materiallara tələbat artır, bu isə qiymətlərin yüksəlməsinə səbəb olur:

"Hazırda Azərbaycanda, xüsusilə Qarabağ bölgəsində genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, eyni zamanda Bakı şəhərində söküntü və yenidənqurma layihələrinin həyata keçirilməsi tikinti bazarına ciddi təsir göstərir. Köhnə tikililərin yerində yeni binaların inşası materiallara tələbatı artıraraq qiymətlərin yüksəlməsini şərtləndirir.

Bununla yanaşı, tikinti normalarının sərtləşdirilməsi və şəhərin mərkəzi ərazilərində müəyyən məhdudiyyətlərin tətbiqi tikinti tempinə təsir etsə də, ümumi tendensiya yenə də bahalaşma istiqamətində qalır.

Qiymət artımına təsir edən əsas amillərdən biri də logistik xərclərin yüksəlməsidir. Regionda baş verən hadisələr, o cümlədən müharibə faktorları daşınma xərclərini artırır ki, bu da məhsulun maya dəyərinə birbaşa təsir edir. Eyni zamanda inflyasiya da bazarda qiymətlərin artmasını sürətləndirən əsas faktorlar sırasındadır".

Vüqar Oruc həmçinin deyib ki, bəzi tikinti materialları üzrə isə fərqli vəziyyət müşahidə olunur:

"Yerli istehsalın mövcud olduğu sahələrdə – məsələn, sement, borular, plastik pəncərə materialları və taxta məhsullarında təklifin çoxluğu qiymətlərin sabit qalmasına, bəzi hallarda isə ucuzlaşmasına şərait yaradır.

Lakin idxaldan asılı olan məhsullar, xüsusilə armatur və digər metal konstruksiyalar üzrə qiymətlərdə artım davam edir. Xarici bazarlarda bahalaşma və daşınma xərclərinin təxminən 15 faiz yüksəlməsi bu məhsulların daxili bazarda qiymətinə ciddi təsir göstərir.

Təkcə mart ayı ərzində tikinti materiallarının qiymətində 5-7 faiz artım qeydə alına bilər. Ümumilikdə isə hər il təkrarlanan bu bahalaşma tendensiyası bazara müraciətlərin artması ilə birbaşa əlaqəlidir".

Orxan Hüseyn

Son xəbərlər