Tələbələr arasında yeni məcburiyyət: Yaşamadıqları mənzilin kirayəsini ödəyirlər

Tələbələr arasında yeni məcburiyyət: Yaşamadıqları mənzilin kirayəsini ödəyirlər
Video
Sosial 33

Tələbələr yay tətilində olsalar da, kirayə mənzil bazarı "tətilə çıxmayıb". Bəzi tələbələr sentyabrda daha yüksək qiymətə ev axtarmamaq üçün kirayə götürdükləri mənzili aylarla əvvəlcədən saxlayırlar. Hətta yay aylarında həmin evdə yaşamasalar belə, kirayə haqqını ödəməyə davam edirlər. Çünki dərslər başlayanda münasib qiymətə mənzil tapmaq ayrıca problemə çevrilə bilər.

BAKU.WS AzTV-ə istinadla xəbər verir ki, tələbələrdən birinin sözlərinə görə, sentyabrda kirayə mənzil tapmağın çətin olduğunu nəzərə alaraq yay aylarında da ödəniş etməyə məcbur qalırlar:

"Məcbur qalmasaq belə, kirayə haqqını ödəyirik. Çünki sentyabrda tələbə axını o qədər çox olur ki, kirayə ev tapmaq mümkün olmur. Buna görə də üç ay evdə qalmasaq da, kirayə haqqını ödəyirik ki, mənzil əlimizdən çıxmasın".

Digər tələbə də oxşar vəziyyətlə üzləşdiklərini bildirir:

"Üç ay ərzində şəhərdə olmurlar. Maksimum bir ayını rayonda keçirirlər. Buna baxmayaraq, kirayə haqqını ödəyirlər ki, geri qayıdanda yenidən ev axtarmaq məcburiyyətində qalmasınlar. Burada ev tapmaq çətin olur. Qrup yoldaşlarım arasında da yayda evdə qalmasalar belə, mənzili başqası tutmasın deyə kirayə haqqını ödəyənlər var".

Mənzil bazarında qiymət artımının səbəblərindən biri də ucuz kirayə mənzillərin tədricən bazardan çıxmasıdır. Köhnə tikililərin sökülməsi və yeni binalarda qiymətlərin daha yüksək olması da prosesi çətinləşdirir. Kirayə haqqı isə mənzilin satış qiymətinin təxminən 0,5%-i nisbətində formalaşdığından satış qiymətləri artdıqca kirayə qiymətləri də yüksəlir.

Ekspertlərin fikrincə, keçmiş tələbə yataqxanalarının bir çoxu yaşayış üçün yararsız vəziyyətdə olsa da, onların yerləşdiyi torpaq sahələri ali təhsil müəssisələrinə yaxın ərazilərdədir. Həmin yataqxanalar sökülərək yerində çoxmərtəbəli və daha çox otaqlı yeni yataqxanalar inşa edilərsə, bu, tələbələrin mənzil probleminin həllinə kömək etməklə yanaşı, paytaxtda kirayə mənzil bazarında qiymətlərin sabitləşməsinə də təsir göstərə bilər.

Hazırda paytaxtın mərkəzi və mərkəzə yaxın ərazilərində köhnə tikililərdə birotaqlı mənzillərin aylıq kirayə haqqı 400 manatdan başlayır. Yeni tikililərdə isə qiymətlər daha yüksəkdir. Bu da, xüsusilə, tələbələrin münasib qiymətə kirayə mənzil tapmasını çətinləşdirir.

Beləliklə, tələbə yay tətilində şəhərdən getsə də, kirayə haqqını ödəməyə davam edir. Çünki sentyabrda mənzil tapmaq çətinliyi bəzi tələbələri aylarla boş qalan evin kirayə haqqını ödəməyə vadar edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər