Sürücülərin ən çox pozduğu qaydalar - CƏRİMƏLƏRİN MƏBLƏĞİ

Sürücülərin ən çox pozduğu qaydalar - CƏRİMƏLƏRİN MƏBLƏĞİ
Si̇yahı
Sosial 67

Yol hərəkəti qaydalarını pozmaq təkcə qanuna zidd bir davranış deyil, həm də insanların həyatını birbaşa təhlükə altına qoyan ciddi məsuliyyətsizlikdir.

BAKU.WS-in məlumatına görə, hər gün minlərlə sürücü və piyada eyni yolları istifadə edir və bu qaydalar onların təhlükəsizliyini təmin etmək üçün mövcuddur.

Qaydalara əməl edilməməsi isə qəzaların artmasına, insanların xəsarət almasına, maddi zərərə və tıxacların yaranmasına səbəb olur. Bir anlıq diqqətsizlik və ya qaydalara məhəl qoymamaq həm sürücünün, həm də digər yol iştirakçılarının həyatına ciddi təsir göstərə bilər. Buna görə də qaydalara riayət etmək yalnız məcburiyyət deyil, həm də hər birimizin məsuliyyət daşıdığı sosial borcdur.

İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsində nəzərdə tutulan pozuntular və onların cəza tədbirləri də məhz islahedici funksiya daşıyır. Sürücülər üçün hazırlanmış bu siyahı həm cərimə məbləğlərini, həm də toplana biləcək bal sistemini özündə əks etdirir.

Ən çox rast gəlinən qayda pozuntularından biri də 327.1-ci maddə - yol nişanlarının, üfüqi xətlərin tələbinə əməl edilməməsidir. Bu hal üçün 40 manat cərimə nəzərdə tutulub. Bu maddəyə həmçinin piyada keçidindən düzgün istifadə etməmək, yükdaşıma qaydalarının pozulması, yolun çiyinində hərəkət etmək və nəqliyyat vasitəsindən əşya atmaq da daxildir.

Daha ciddi pozuntular siyahısında svetoforun qırmızı işığında hərəkətə davam etmək də var. 327.2-ci maddəyə uyğun olaraq bu qaydanı pozan sürücü 100 manat cərimə edilir və 3 cərimə balı alır. Eyni maddəyə "Giriş qadağandır" işarəsinin tələbinə əməl etməmək və əks istiqamətli hərəkət zolağına çıxmaq da daxildir.

Dəmiryol keçidlərinin şərtlərini pozmaq isə daha ağır qiymətləndirilir - 327.3-cü maddəyə əsasən, sürücü 100 manat cərimə və 4 balla cəzalandırılır.

Bununla yanaşı, birtərəfli yollar üzrə əks istiqamətdə hərəkət edənlər 327.4-cü maddəyə əsasən 150 manat cərimə və 4 bal alır. Avtomagistrallarda sürət tələblərinə əməl etməyən və yük maşınlarını icazəsiz zolağa keçirən sürücülər də 100 manat 4 balla cəzalandırılır.

327.6-cı maddə yol-nəqliyyat hadisəsi yerindən yayınılmasını nəzərdə tutur. Bu hal baş verərsə, sürücü 100 manat cərimə və 4 bal alır.

Qeyd edək ki, bir il ərzində 20 və daha çox bal toplayan sürücülərin hüququ 6 ay müddətinə məhdudlaşdırılır (327.7).

Ən ağır hallardan biri isə yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə yüngül bədən xəsarəti yetirilməsidir. 327.8-ci maddəyə görə belə sürücülərə 200 manat cərimə tətbiq olunur və ya onların nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək məhdudlaşdırıla bilər.

Orxan Hüseyn

Son xəbərlər