Sosial şəbəkələrdə yeni dövr: Uşaqlar üçün qadağa, yoxsa müdafiə?
Rəqəmsal texnologiyalar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Təhsil, ünsiyyət, əyləncə və informasiya əldə etmək imkanlarını genişləndirən sosial şəbəkələr eyni zamanda yeni risklər də yaradıb. Xüsusilə uşaqların psixoloji inkişafına, davranışına və təhlükəsizliyinə təsirlə bağlı narahatlıqlar son illərdə dünyanın əksər ölkələrində qanunvericilik səviyyəsində müzakirə olunur.
BAKU.WS-in məlumatına görə, Azərbaycanda da bu istiqamətdə mühüm addım atılır. Milli Məclisdə üçüncü oxunuşda qəbul edilən qanun dəyişiklikləri sosial şəbəkələrdə qeydiyyat zamanı yaşın yoxlanılması mexanizminin tətbiqini nəzərdə tutur. Bu dəyişikliklər bəzi dairələrdə "sosial şəbəkələrə qadağa" kimi təqdim edilsə də, əslində əsas məqsəd uşaqların rəqəmsal mühitdə daha təhlükəsiz böyüməsini təmin etməkdir.
Məqsəd qadağa deyil, uşaqların müdafiəsidir
Qanuna əsasən, 16 yaşına çatmamış uşaqların müəyyən ediləcək sosial şəbəkə platformalarında müstəqil hesab yaratmasına icazə verilməyəcək. 16-18 yaş arası yeniyetmələr isə valideyn razılığı ilə həmin platformalarda qeydiyyatdan keçə biləcəklər.
Bu yanaşma uşaqların internetdən tamamilə uzaqlaşdırılması deyil, onların yaşına uyğun rəqəmsal mühitdə formalaşmasına xidmət edir. Mütəxəssislər hesab edirlər ki, erkən yaşlarda sosial şəbəkələrdən həddindən artıq istifadə diqqət pozuntusu, yuxu problemləri, aqressiya, asılılıq, kibertəzyiq, zərərli məzmunlarla qarşılaşma və psixoloji gərginlik kimi riskləri artırır.
Yeni mexanizm uşaqları bu təhlükələrdən qorumaq məqsədi daşıyır.
Uşaqlar üçün yaş məhdudiyyəti yeni yanaşma deyil
Əslində uşaqlarla bağlı yaş məhdudiyyətləri cəmiyyət üçün yeni anlayış deyil.
Bu gün qanunvericilik uşaqlara:
siqaret satılmasını;
spirtli içkilərin satışını;
soyuq silahların əldə edilməsini;
pornoqrafik məzmunlara çıxışı;
bir sıra digər təhlükəli məhsul və xidmətlərdən istifadəni məhdudlaşdırır.
Bütün bunlar uşaqların hüquqlarını məhdudlaşdırmaq üçün deyil, onların sağlamlığını və inkişafını qorumaq məqsədi daşıyır.
Rəqəmsal dövrdə sosial media da uşaqlar üçün potensial risk mənbələrindən biri hesab olunur. Buna görə də yaş yoxlanılması mexanizminin tətbiqi həmin qoruyucu tədbirlərin internet mühitində davamı kimi qiymətləndirilir.
Azərbaycanda bu istiqamətdə ilk addım deyil
Azərbaycanda uşaqların informasiya təhlükəsizliyi istiqamətində hüquqi baza artıq mövcuddur. 2018-ci ildə qəbul edilmiş "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanun uşaqların yaşına uyğun informasiya əldə etməsi və zərərli məzmundan qorunması prinsiplərini müəyyən edib.
Hazırkı dəyişikliklər isə həmin siyasətin sosial media platformalarına uyğunlaşdırılması kimi qiymətləndirilir.
Dünyada oxşar addımlar sürətlənir
Son illər dünyanın müxtəlif ölkələrində uşaqların sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər genişlənməkdədir. 2025-ci ilin dekabrında Avstraliya bu istiqamətdə qanun qəbul edib. 2026-cı ilin əvvəlində Fransa sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq edən Avropada ilk ölkəyə çevrilib.
Hazırda Danimarkada 18 yaş, İspaniyada 16 yaş, Fransada 15 yaş həddi ilə bağlı müxtəlif qanunvericilik mexanizmləri tətbiq edilir və ya hazırlanır. ABŞ-də da federal və ştat səviyyəsində müxtəlif yaş hədləri müzakirə olunur. Kaliforniya, Texas, Nyu-York, Tennessi, Yuta, Kolorado, Corciya, Luiziana və Florida bu istiqamətdə fərqli yanaşmalar formalaşdırıblar.
Bundan başqa Almaniya, Norveç, Portuqaliya, Türkiyə, Kanada, Yeni Zelandiya, Malayziya, Hindistan, İndoneziya, eləcə də Qazaxıstan və Özbəkistanda oxşar qanunvericilik təşəbbüsləri həyata keçirilir. Bu fakt göstərir ki, Azərbaycan qlobal tendensiyadan kənarda qalmır.
Dünya liderləri də təhlükəyə diqqət çəkirlər
Bir sıra ölkələrin rəhbərləri də sosial medianın uşaqlara təsiri barədə açıq narahatlıqlarını ifadə ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bəzi sosial media platformaları uşaqların zehni inkişafına mənfi təsir göstərir və internetdə alqoritmlərin manipulyativ gücü ciddi problem yaradır. Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen isə hesab edir ki, əsas məsələ gənclərin sosial mediaya daxil olması deyil, sosial medianın gənclərə nə dərəcədə təsir göstərə bilməsidir.
Norveçin Baş naziri Jonas Gar Støre vurğulayıb ki, uşaqlıq dövrü ekranlar və alqoritmlər tərəfindən idarə olunmamalıdır. İspaniyanın Baş naziri Pedro Sançez isə "Real həyatda qanunsuz olan virtual aləmdə qanuni ola bilməz" fikri ilə rəqəmsal təhlükəsizliyin vacibliyini ön plana çıxarıb.
Yeni qaydalar dərhal tətbiq olunmayacaq
Qanun qəbul olunduqdan sonra dərhal qüvvəyə minməyəcək.
Sənəd 12 ay sonra tətbiq ediləcək. Bu müddət ərzində:
yaş yoxlanılması tətbiq olunacaq platformaların siyahısı hazırlanacaq;
texniki həllər müəyyən ediləcək;
maarifləndirmə kampaniyaları aparılacaq;
valideynlər və ictimaiyyət məlumatlandırılacaq.
Beləliklə, həm dövlət qurumlarının, həm də platformaların yeni mexanizmə uyğunlaşması üçün keçid dövrü nəzərdə tutulur.
Məsələ yalnız uşaqların deyil, cəmiyyətin gələcəyidir
Mütəxəssislər hesab edirlər ki, sosial şəbəkələrdən təhlükəsiz istifadə mədəniyyətinin formalaşdırılması yalnız fərdin deyil, ailənin, cəmiyyətin və dövlətin ortaq məsuliyyətidir.
Yeni tənzimləmələrin əsas məqsədi uşaqları rəqəmsal dünyadan təcrid etmək deyil. Məqsəd onların fiziki və psixoloji sağlamlığını qorumaq, rəqəmsal mühitdə təhlükəsiz davranış bacarıqları formalaşdırmaq və yetkinlik yaşına çatdıqdan sonra sosial şəbəkələrdən daha məsuliyyətli istifadə etmələrinə şərait yaratmaqdır.
Məhz buna görə də yeni yanaşma "sosial şəbəkələrə qadağa" kimi deyil, "uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi" və "sosial şəbəkələrdə yaş yoxlanılması mexanizminin tətbiqi" kimi qiymətləndirilir.
Oxşar xəbərlər
Dərmanları zibilə atmayın - SƏBƏB
İstifadə müddəti bitmiş və ya artıq istifadə olunmayan dərmanların zibil qutusuna atılması və ya unitaza axıdılması ətraf mühit üçün ciddi təhlükə yarada bilər....