"SOCAR Könüllüləri" qrupuna yeni könüllülərin qəbul olunması ilə bağlı tədbir keçirilib

SOCAR Könüllüləri qrupuna yeni könüllülərin qəbul olunması ilə bağlı tədbir keçirilib
Foto
Sosial 38

"SOCAR Könüllüləri" qrupuna yeni könüllülərin qəbul olunması və fəaliyyətini tamamlamış könüllülərin təltif edilməsi ilə bağlı tədbir keçirilib.

SOCAR-dan BAKU.WS-ə bildirilib ki, dövlət himni ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"SOCAR Könüllüləri" qrupunun üzvlərinin illik fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbir iştirakçılarını salamlayan SOCAR-ın Kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın yüksək diqqət və qayğısı nəticəsində bu gün ölkəmizdə geniş vüsət alan könüllülük fəaliyyətinin bir çox istiqamətlərdə, o cümlədən sosial, iqtisadi, siyasi sahələrdə geniş yayılaraq böyük hərəkata çevrildiyini vurğulayıb.

"SOCAR Könüllüləri"nin qısa müddət ərzində fəaliyyət göstərmələrinə baxmayaraq, artıq böyük SOCAR ailəsinin bir üzvünə çevrildiklərini bildirən Aygün Hüseynova könüllülərin şirkətin bütün təşəbbüslərində yaxından iştirak edərək şəxsi inkişaflarına və peşəkar fəaliyyətlərinə müsbət təsir göstərəcək nailiyyətlər əldə etdiklərini, bilik və bacarıqlarını təkmilləşdirdiklərini qeyd edib. Yeni qəbul olunan könüllüləri ürəkdən təbrik edən icraçı direktor fəaliyyətini tamamlamış könüllülərə gələcək həyatlarında uğurlar diləyib.

Gənclər və idman naziri Fərid Qayıbov təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət gənclər siyasətinin ölkəmizdə sağlam düşüncəli, yüksək bilik və bacarıqlara malik gənc nəslin formalaşmasını təmin etdiyini diqqətə çatdırıb.

Nazir bu gün Azərbaycan gənclərinin müxtəlif sahələrdə əzmlə fəaliyyət göstərərək ölkəmizin hərtərəfli inkişafına önəmli töhfələr verdiklərini deyən nazir könüllülük fəaliyyətinin bu gün gənc nəslə praktiki biliklərin qazanılmasına, seçdikləri sahənin mənimsənilməsinə böyük dəstək olduğunu bildirib. Ölkəmizdə könüllülük hərəkatının daha da genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edən Fərid Qayıbov bu istiqamətdə "SOCAR Könüllüləri"nin fəaliyyətini yüksək dəyərləndirib və onlara gələcək işlərində uğurlar diləyib.

"SOCAR Könüllüləri" adından çıxış edən Türkan İsrafilli "SOCAR Könüllüləri" qrupunun ötən bir il ərzindəki fəaliyyəti barədə ətraflı məlumat verib. Sonda könüllülər qrupunun məzunlarına sertifikatlar təqdim edilib, xatirə fotosu çəkdirilib.

Son xəbərlər