Səhiyyə Nazirliyi təcili yardım xidmətinin ödənişli olmasına münasibət bildirdi

Səhiyyə Nazirliyi təcili yardım xidmətinin ödənişli olmasına münasibət bildirdi
Sosial 1679
 

Ötən il təcili yardıma daxil olan hər çağırışa 100 manatdan artıq maliyyə vəsaiti sərf olunub. Lakin təcili yardım pullu sistemə keçməyəcək. Əhaliyə göstərilən Təcili və Təxirəsalınmaz Tibbi Yardım dövlət tərəfindən maliyyələşdirildiyindən, vətəndaşlar bu xidmətdən ödənişsiz istifadə edirlər və edəcəklər.

Bunu virtualaz.org saytına Səhiyyə Nazirliyindən bildiriblər.

Xəbərdə deyilir ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 103 xidmətinə gündəlik daxil olan çağırışların sayı 2000-ə qədər, bəzən isə daha artıq olur. "BŞTTTYS-nın 103 xidmətinə daxil olan bütün çağırışlar çeşidlənərək ilk növbədə icra edilməsi daha vacib olması şərti ilə bölmələrin həkimlərinə ötürülür və icra edilir. Səbəbindən asılı olaraq təcili tibbi yardıma daxil olan çağırışlar 2 qrupa bölünür. 1-ci qrupa çox təcili çağırışlar, məsələn fövqəladə hallar, zərərçəkənlərin olduğu yol nəqliyyat qəzaları, xəstənin huşunu itirməsi, uşaqlarda yüksək hərarətlə müşaiyət olunan səpkilər, kimyəvi və ya dərman preparatları ilə zəhərlənmə, intihar, yanğın, massiv yanıq, dərin və massiv yaralanmalar, qıcolmalar, kəskin tənəffüs pozulmaları və digərləri daxildir. 1-ci qrup çağrışlara ən geci 20 dəqiqə ərzində çatılır. 2–ci qrup təxirəsalınmaz çağırışlar isə qeydiyyata alındıqdan sonra 60 dəqiqədən gec olmayaraq icra edilir”, - nazirlikdən əlavə ediblər.

İşin səmərəliliyini yüksəltmək məqsədilə BŞTTTYS tərəfindən yeni çağırış vərəqi forması hazırlanaraq Səhiyyə Nazirliyinə təqdim olunub. Bu formanın elektron variantının gələcəkdə planşetlərə də yüklənməsi nəzərdə tutulub. Bu məqsədlə138 ədəd daha çox fünksiyalı müasir planşetlər alınıb və yeni proqram hazır olduqdan sonra planşetlərə yazılıb həkimlərin istifadəsinə veriləcək.

103 xidmətinə gündəlik daxil olan çağırışların qeydiyyatı, yönləndirilməsi və hesabatı proqramının, o cümlədən hospitalizasiyanın təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Çağırış qəbulu üzrə tibb bacıları vahid suallar toplusuna əsasən (ünvan, nə baş verib, digər telefon nömrəsi, xəstənin adı, soyadı, yaşı, cinsi, zəng edənin adı) çağırışı qəbul edirlər. Çağırışların vaxtında icra edilməsi üçün çağırışı verən şəxsin çağırışı qəbul edən tibb bacısının bütün suallarına səlis və dəqiq cavab verməsi vacibdir.

Nazirlikdən onu da deyiblər ki, bölmələrin hamısına internet xətti çəkərək vahid şəbəkə yaratmaqla, şöbələr arasındakı əlaqəli işin keyfiyyətini yüksəltmək, məlumatların mərkəzə ötürülməsində vaxt itkisinin qarşısını almaq nəzərdə tutulub.

Əməliyyat və hospital işlərin təşkili və müalicə metodik işlərin təşkili şöbəsinin böyük həkimləri tərəfindən təcili yardıma müraciət edən şəxslərin ünvanlarına zənglər olunaraq xəstələrə göstətilən ilkin tibbi yardımın keyfiyyəti barədə sorğular aparılır və əhalinin fikri öyrənilir. Sorğuların nəticələrinə əsasən, bölmələrin iş fəaliyyəti müzakirə olunur.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasınaedilən müraciətlər araşdırılarkən aydın olmuşdur ki, daxil olan çağırışların böyük qismi təcili yardıma aid olmayan çağırışlardır. "Bakıda fəaliyyət göstərən poliklinikaların təmir və təchizatı, yüksək ixtisaslı kadrlarla təminatı sahəsində qlobal işlər aparılıb. Lakin əhali təcili tibbi yardıma müraciət etməyə üstünlük verir. Bakı sakinləri və Azərbaycanın müxtəlif bölgələrindən gəlib kirayədə yaşayan əhali, ərazi üzrə poliklinikalara müraciət edərsə müxtəlif ixtisaslı həkimlərin daha ətraflı müayinəsindən keçərək müalicə ala bilərlər. Poliklinikaya müraciət etmək üçün şəhər qeydiyyatının olması şərt deyil, ərazi üzrə poliklinikaya müraciət edərək tibbi qeydiyyata düşmək olar”, - nazirlikdən bildiriblər.

Əhali bəzən təcili yardıma ehtiyacın olmadığı hallarda 103 xidmətinə müraciət etməklə daha ağır vəziyyətdə və həqiqətən təcili tibbi yardıma ehtiyacı olan xəstələrə ilkin tibbi yardımın gecikməsinə səbəb olur. Sakinlər tərəfindən zəng edilərək Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinə aid olmayan suallar verilir (ünvanlar, müəssisələrin telefon nömrələri, saat soruşulur), yalançı çağırışlar, bir gün ərzində eyni şəxsin adına bir neçə dəfə əsassız çağırışlar verilir ki, bu da təcili yardımın işinə ciddi maneələr törədir. Ünvanlarda həkim və orta tibb işçilərinə təzyiqlər edərək öz diktələrinin icra etmələrini tələb edirlər. Bəzən elə vəziyyət yaranır ki, polis orqanlarından kömək istəməyə məcbur olunur. Çağırışın dəqiq ünvanı, adına çağırış verilən şəxs haqqında bütün məlumatlar elektron sistem vasitəsilə dərhal həkimin planşetinə ötürüləcək. Həmin məlumatlar əsasında həkim hətta yolda olarkən xəstə ilə bağlı ətraflı məlumatları əldə edə biləcək. Bu da vaxt itkisinin qarşını almağa və təcili tibbi yardımın keyfiyyətinin yüksəlməsinə imkan verəcək.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yanvar ayından indiyədək 300 mindən artıq ümumi müraciət daxil olub. Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1000 nəfərdən çox olub.

BAKU.WS

Son xəbərlər