Rektor: "Pulsuz təhsil veririk, pulsuz yaşayışla təmin edirik, təqaüd veririk, amma…" - FOTO/MÜSAHİBƏ
"Bu il Qarabağ Universiteti bütün tələbələrini mənzil tipli yataqxana ilə təmin edəcək. Həmin yataqxanalar da tələbələrə dövlətimiz tərəfindən ödənişsiz təqdim olunacaq".
BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a müsahibəsində Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyib. Onunla müsahibəni təqdim edirik.
- Fəaliyyətə başlayacağı ilk təhsil ilində Qarabağ Universitetində altı fakültə üzrə 25 ixtisasda bakalavriat səviyyəsində kadr hazırlığı həyata keçiriləcək.
- Fakültələr, bütün universitetlərdə olduğu kimi, pullu və pulsuz olacaq?
- Qarabağ Universitetində bütün tədris dövlət sifarişi əsasında həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək qəbul imtahanları nəticəsində abituriyentlər seçim apararkən özləri də görəcəklər ki, Qarabağ Universitetində yalnız dövlət sifarişli yerlər plana daxil edilib.
- Şahin müəllim, Xankəndi Pedaqoji İnstitutundan vaxtilə məzun olan həmvətənlərimiz var ki, onlar Qarabağ Universitetində müəllim kimi çalışmaq arzusundadırlar. Onların tədris prosesinə cəlb edilməsi ilə bağlı hər hansı plan varmı?
- Hazırda biz universitetimizin akademik inzibati heyətinin formalaşdırılması ilə məşğuluq. Bu məsələyə yanaşma tam şəffaf şəkildə aparılır, hər bir vakansiya üzrə Elm və Təhsil Nazirliyinin rəsmi saytı və sosial hesabları üzərindən cəmiyyətə elanlar verilir ki, bu məlumatlar daha çox insana çata bilsin. Orada hər bir vakansiyanın konkret vəzifə funksiyaları və qarşıya qoyulan tələblər aydın göstərilir.
Xankəndi Pedaqoji İnstitutu haqqında, təbii ki, məlumatımız var. O, 1969-cu ildən fəaliyyətə başlamışdı. Bu o deməkdir ki, Qarabağımızda ali təhsil ənənəsi olub. Prezidentin Qarabağ Universitetinin yaradılması ilə bağlı imzaladığı Sərəncamda da qeyd olunub ki, biz bu universiteti yaratmaqla doğma Qarabağımızdakı ali təhsil ənənələrini geri qaytarırıq. Bəli, vaxtilə Xankəndi Pedaqoji İnstitutunun məzunu olmuş, orada işləmiş bir qrup insanlar var ki, onlar bizə öz fikirləri ilə yanaşı, Qarabağ Universitetində çalışmaq arzularını, istəklərini də göndərirlər və bu, çox müsbət haldır.
Qarabağ Universitetində işləmək arzusunda olan vətəndaşlarımıza cavabım ondan ibarətdir ki, vakansiyalarımızla bağlı elanlarımızı izləsinlər, vakansiyalara aid tələblərə baxsınlar. Kim özünü həmin vakansiyalarda görürsə, böyük məmnuniyyətlə universitetimizə sənəd verə və gəlib Qarabağımızdakı yeni universitetin qurulmasında, formalaşdırılmasında iştirak edə bilər. Ümumilikdə isə seçim prosesində Xankəndi İnstitutunu vaxtilə bitirənlərə hər hansı əlavə güzəştin verilməsi nəzərdə tutulmur.
- Abituriyentləri maraqlandıran bir sual da var - Qarabağ Universitetinə qəbulda ən yüksək və ən aşağı bal şkalası mövcuddurmu?
- Ümumiyyətlə, Azərbaycanda ali təhsil müəssisələrinə qəbul mexanizmi bundan ibarətdir ki, hər hansı ixtisas üzrə keçid balını müəyyən edən elə abituriyentlərin özləridir. Biz bu gün desək ki, konkret bu ixtisas üzrə bu qədər bal nəzərdə tutulub, bu, absurd səslənər və professionallıqdan kənar olar. Ancaq onu deyə bilərəm ki, hər bir ixtisas üzrə ən yüksək keçid balını da, minimum keçid balını da, orta keçid balını da məhz bu il qəbul imtahanlarında iştirak edən və seçimində Qarabağ Universitetinə üstünlük vermək istəyən gənclər özləri müəyyən edəcəklər.
- Mediada belə bir məlumat yayılmışdı ki, Qarabağ Universitetində işləmək üçün, əsasən, Xankəndidə yaşayan müəllimlərə üstünlük veriləcək. Varmı belə bir üstünlük?
- Düzü, bilmirəm bu məlumat nəyə əsasən yazılıb. Elə bir tələb olmuş olsaydı, vakansiyalar elan olunanda tələblər sırasında yer alardı. Belə bir tələb heç bir vakansiyada yoxdur. Bu da o deməkdir ki, məlumatın heç bir əsası yoxdur. Kadr seçimi ilə bağlı bizdə ən önəmli məsələ professional keyfiyyətlərə malik kadrların seçilməsidir.
- Qarabağ Universitetini seçmək arzusunda olan abituriyentlərin valideynlərini maraqlandıran iki sual var. Birincisi belədir ki, Xankəndidə təhsil alacaq tələbələrin ailə üzvlərinin onları görmək üçün gəlib-getməsində hər hansı bir imtiyaz nəzərdə tutulubmu? İkinci sual belədir ki, valideynlər istədikləri vaxt övladlarının yanına gedib-gələ biləcəklər, yoxsa hər dəfə portaldan keçməlidirlər?
- Bu məsələnin tənzimlənməsi müvafiq dövlət qurumları tərəfindən həyata keçirilir. Biz də Qarabağ Universiteti olaraq Qarabağımızda, işğaldan azad olunmuş ərazilərimizdə, konkret olaraq Xankəndi şəhərində, fəaliyyət göstərən qurumlardan biri oluruq. Gediş-gəlişlə bağlı ümumi qaydalar necədirsə, biz də ona tabe olan insanlarıq, amma təbii ki, hər keçən gün Qarabağımızda gedən quruculuq işlərinin miqyası genişlənir, Qarabağa gedib-gələn insanların, burada məskunlaşan insanların sayı artır, üstəlik, orada dərs deyəcək və tələbə statusunda olan insanların da sayı artacaq. Düşünürəm ki, bu tipli mövzularda Qarabağ Universiteti öz səlahiyyətləri çərçivəsində həm tələbələrinə, həm əməkdaşlarına, həm də tələbələrinin valideynlərinə zəruri dəstəyi göstərəcək.
- Universitetinizdə səkkiz ixtisas üzrə SABAH qruplarının yaradılması nəzərdə tutulub. Bu rəqəm bu tədris ili üçün nəzərdə tutulan rəqəmdir, yoxsa növbəti illərdə səkkizə çatdırılacaq?
- Bu il üçün nəzərdə tutulub. SABAH qrupları, bilirsiniz ki, Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən və artıq bu il onuncu ili tamam olan bir layihədir. Düşünürəm ki, ali təhsilimizə ciddi bir dəyər qazandırmış layihədir. Bizim üçün də sevindiricidir ki, fəaliyyətə başlayacağımız ilk ildə Elm və Təhsil Nazirliyinin qərarı ilə Universitetimizdə SABAH qruplarının yaradılması nəzərdə tutulub. Bu il üçün qərar bundan ibarətdir, yəni səkkiz ixtisas üzrə, növbəti illərdə bu rəqəm, əlbəttə ki, dəyişə də bilər.
- Tələbələr hamısı kampusda qalacaqlar, yoxsa seçimə bağlı olacaq?
- Nəzərdə tutulan odur ki, bu il Qarabağ Universiteti bütün tələbələrini mənzil tipli yataqxana ilə təmin etsin. Dörd-beş tələbə bir mənzildə bərabər yaşayacaq. Dövlətimiz tərəfindən həmin mənzil tipli yataqxanalar da tələbələrə ödənişsiz təqdim olunacaq. İlkin dönəmdə arzumuz, istəyimiz ondan ibarətdir ki, bütün tələbələrimiz məhz universitet tərəfindən təqdim olunan həmin yataqxanalarda qalsınlar. Bu gün oradakı şərait, orada qurulan imkanlar və infrastruktur o qədər yüksəkdir ki, əminəm, heç bir tələbəmiz yaradılan şəraitdən kənarda yaşamaq düşüncəsində olmayacaq.
- Tələbə yataqxanası universitetdən aralıdadır?
- Kampusun yerləşmə planı tələbələrimiz üçün çox əlverişlidir. Başqa sözlə, tədris binası ilə yaşayış binaları arasında məsafə ayaqla qət edilə biləndir.
- Şahin müəllim, ilk baxışda üzdə bir az təbəssüm yaradacaq sual kimi görünə bilər, amma sosial mediada tələbələr arasında müzakirə mövzusu olan bir məsələ də var - Qarabağ Universitetində oxuyacaq tələbələrə yeyib-içmək də pulsuz olacaq?
- Builki tədris ilində ödənişsiz əsaslarla qidalanma kimi bir güzəşt nəzərdə tutulmayıb. Pulsuz təhsil veririk, pulsuz yaşayışla təmin edirik, təqaüd veririk, amma ödənişsiz qidalanma hazırda nəzərdə tutulmayıb.
- Dekan seçimində müəyyən tələblər var idi ki, sosial mediada əməlli-başlı müzakirə mövzusuna çevrildi. Maraqlıdır, professor-müəllim heyətinin seçimi necə aparılır və bu prosesdə hər hansı bir yaş senzi nəzərdə tutulubmu?
- Artıq əvvəlki sualda universitetimizə pedaqoji heyətin seçim məsələsinə aydınlıq gətirdim. Elan olunan vakansiya və tələblərə uyğun olaraq seçim aparılır, hər hansı yaş senzi isə nəzərdə tutulmayıb.
- Müəllimlərim seçim prosesi bitib, yoxsa davam edir?
- Müəllimlərin seçim prosesi yeni başlayıb. Bu an üçün üç dekanımız təyin olunub. Hazırda növbəti fakültələrin dekan seçimi ilə bağlı elanlar verilib, paralel müəllim seçiminə də başlamışıq. Hələ ki bu günə bəlli olan müəllimlərin elanını vermişik, növbəti mərhələdə də elanlar davamlı şəkildə veriləcək.
- Bəs Qarabağ Universitetində çalışacaq professor-müəllim heyəti harada yaşayacaq?
- Universitetimizdə daimi əsaslarla çalışacaq, Xankəndi şəhərinə köçəcək professor-müəllim heyəti universitetimizdə işlədikləri müddət ərzində tərəfimizdən təqdim olunan ödənişsiz mənzillərdə yaşayacaq.
- Universitetlərdə belə bir praktika var - xaricdən mütəxəssislər dəvət olunur mühazirə və ya seminarlar aparmaq üçün. Qarabağ Universitetində də bu praktikadan istifadə olunacaqmı?
- Bəli, əlbəttə. Qarabağ Universitetində çox ciddi beynəlxalq əməkdaşlığın yaradılması nəzərdə tutulur. Həmin beynəlxalq əməkdaşlığın ən mühüm komponentlərindən biri də dünyanın qabaqcıl universitetlərindən professor-müəllim heyətinin universitetimizdə dərs prosesinə cəlb edilməsidir. Bununla bağlı müvafiq strategiyalar hazırlanır. Biz elə bir universitet yaratmaq istəyirik ki, müasir dünyanın tələblərinə cavab versin, dünyanın ən qabaqcıl universitetlərindən birinə çevrilsin. Bu səbəbdən, yəni beynəlxalq təcrübələrin universitetimizə gətirilməsi baxımından, xarici mütəxəssislərdən istifadə prioritet təşkil edəcək.
- Diplomların xaricdə tanınması məsələsi barədə nə deyə bilərsiniz?
- Qarabağ Universitetini bitirən məzunlara Azərbaycan dövlətinin diplomu veriləcək və Azərbaycan dövlətinin verdiyi diplomlar dünyada necə tanınırsa, eyni ilə də Qarabağ Universitetinin diplomları o cür tanınacaq.
- Tələbələrə ikili diplom verilməsi planda varmı?
- Bəli, bu da nəzərdə tutulub. Qeyd etdiyim kimi, beynəlxalq əməkdaşlığımızın komponentlərindən biri də ikili diplom proqramlarıdır. Həm ölkəmizin öndə gedən universitetləri, həm də dünyanın qabaqcıl universitetlərində ikili diplom proqramını həyata keçirməyə çalışırıq. Bu barədə düşüncələrimiz var. Mahiyyət ondan ibarətdir ki, tələbələrimiz Qarabağ Universitetində təhsil aldıqları müddətdə həmin tərəfdaş universitetlərdə də qısamüddətli təhsil almaq imkanına malik olsunlar, həmin o universitetlərin müəllimlərindən dərs ala, həmin universitetlərin tədris və tədqiqat imkanlarından faydalana bilsinlər və nəticədə Qarabağ Universitetinin diplomu ilə barabər, həmin ikili diplom üzrə tərəfdaşımız olan yerli və xarici universitetlərin də diplomunu əldə edə etsinlər.
- Universitetdə ümumilikdə neçə əməkdaşın çalışacağı müəyyənləşibmi?
- Hazırda universitetimizin strukturunun formalaşdırılması prosesi gedir və ilk tədris ili üçün, əsas hissəsi pedaqoji heyətdən ibarət olmaqla, təxminən 70 nəfər əməkdaşın universitetdə çalışması nəzərdə tutulub. Təbii ki, qarşıdakı dönəmdə - universitetimizin tələbələri artdıqca, fəaliyyət istiqamətlərimiz genişləndikcə həm pedaqoji, həm də inzibati heyətin sayında artımlar olacaq.
- Qarabağ Universitetində işləyəcək professor-müəllim heyəti ailəsi ilə birlikdə Xankəndiyə getməlidir?
- Bizim arzumuz bundan ibarətdir ki, Qarabağ Universitetində çalışacaq insanlar Xankəndi şəhərinə ailələri ilə birlikdə gəlsinlər. Bu bizə imkan verir ki, onlar özlərini tamamilə universitetə həsr etsinlər, Qarabağın quruculuğunda daha fəal iştirak etsinlər və komandamızda uzunmüddətli yer almış olsunlar.
- Pedaqoji heyətdən əlavə, texniki heyətin, xadimələrin və s.-nin seçimi necə aparılır? O heyət məhz Xankəndidə yaşan insanlar arasında seçilir, yoxsa necə?
- Xankəndi şəhərində fəaliyyət göstərən universitet olaraq qarşımızda həm də doğma torpaqlarımızda vətəndaşlarımızın məskunlaşması prosesinə dəstək olmaq kimi bir missiya var. O baxımdan deyə bilərəm ki, texniki personalın seçilməsi zamanı daha çox Xankəndi şəhərinə və yaxud da ətrafdakı rayonlara köç etmiş və artıq orada yaşamağa başlayan həmvətənlərimizə üstünlük veriləcək.
- Bu sual sizə qəribə gələ bilər, amma biz Xankəndini hələ ki görmədiyimiz üçün o, bizim prizmada aktual görünür: Qarabağ Universitetindəki tələbələrin və müəllimlərin asudə vaxt keçirmələri üçün hansısa proqramlar nəzərdə tutulubmu?
- Qarabağ Universitetinin fəaliyyətində təhsil, tədqiqat və və sosial fəaliyyətlər üstünlük təşkil edir. O baxımdan düşünürlük ki, universitetimizin sosial həyatı çox maraqlı olacaq. Tələbələrimiz üçün olduqca maraqlı və məzmunlu tələbə həyatı vəd edirik. Həm könüllülük fəaliyyətləri, həm də müxtəlif layihələrə cəlb olunma asudə vaxtın keçirilməsinə xüsusi rəng və məzmun qatacaq. Hazırda bununla bağlı lazım olan bütün infrastruktur universitetimizdə yaradılır. Odur ki, seçimi Qarabağ Universiteti olanlar əmin olsunlar ki, Xankəndi şəhərində onları tədrisdən əlavə, həm də çox maraqlı və məzmunlu bir həyat gözləyir.
- Bu il ilk dəfə Qarabağ Universitetinin tələbəsi olmaq şansı neçə nəfərə veriləcək?
- Bu il üçün universitetimizdə sırf bakalavriat səviyyəsi üçün min yüz iyirmi plan yeri nəzərdə tutulur. SABAH qruplarını da nəzərə alsaq, bu il universitetimizə min beş yüzə yaxın gəncin gəlməsi üçün imkanlar yaradılacaq. Bu gənclər həm universitetimizin ilk tələbələri, həm də ilk məzunları olmaq kimi bir tarixi şansı əldə etmiş olacaqlar.
- Qarabağ Universitetinin ilk tələbələrinə Qarabağ Universitetinin ilk rektorundan hansı mesaj var?
- Universitetimizi seçmək düşüncəsində olan gənclərimizə birmənalı şəkildə müraciət edirəm ki, doğma Qarabağımızda yaradılan, işğaldan azad olunmuş torpaqlarımızda fəaliyyətə başlayacaq ilk ali təhsil müəssisəsini, Qarabağımızın adını daşıyan universiteti inamla seçsinlər və Qarabağ Universitetinin qurulmasında bizimlə bərabər iştirak etsinlər. Onları əmin edirəm ki, Qarabağ Universiteti onların gələcəkdə mütəxəssis kimi yetişməsi üçün yaxşı imkanlar təqdim edəcək. Odur ki, qəbul imtahanlarında ixtisas seçimi zamanı ən yüksək sıralarda universitetimizin müvafiq ixtisaslarını seçsinlər.
Üzümü abituriyentlərin valideynlərinə tutub demək istəyirəm ki, universitet və ixtisas seçimi zamanı gənclərimizə dəstək olsunlar və gənclərimizin seçiminin məhz Qarabağ Universiteti olmasında onlara yardım etsinlər.
Oxşar xəbərlər
Azərbaycanda 3 bakalavriat dərəcəsi olacaq
Ali təhsilin ikinci səviyyəsini təşkil edən bakalavriat səviyyəsinin və ya onun ekvivalentinin təhsil proqramlarını tədris edən akademik heyət Ali Təhsil Kvalif...