Ramazanda təmtəraqlı iftar süfrələri vermək olar?

Ramazanda təmtəraqlı iftar süfrələri vermək olar?
Sosial 41

Ramazan ayı paylaşmaq, yardımlaşmaq və cəmiyyət daxilində həmrəyliyi gücləndirmək ayıdır.

BAKU.WS-in məlumatına görə, bu ayda oruc yalnız qida və sudan uzaq durmaq deyil, eyni zamanda mənəvi təmizlənmə, səbir və nəfsə nəzarət deməkdir.

Müsəlmanlar ibadətlərini artırır, Quran oxuyur, dualar edir və iftar süfrələri təşkil edirlər.

Son illər isə bəzi iftar məclislərinin həddindən artıq dəbdəbəli və təmtəraqlı keçirilməsi müzakirələrə səbəb olur. Belə süfrələrin təşkil edilməsi İslamın prinsiplərinə uyğundurmu?

İlahiyyatçı Fərid Abdullah mövzu ilə bağlı BAKU.WS-ə bildirib ki, israf və nümayiş xarakterli məclislər Ramazanın ruhuna uyğun deyil:

"Quranda Allah-Taala buyurur: "Yeyin, için, lakin israf etməyin. Həqiqətən, Allah israf edənləri sevməz". (Əraf, 31) İftar süfrələrinin möhkəm qohumluq və dostluq bağlarını gücləndirməsi, kasıblara yardım etməsi və paylaşma ruhunu artırması müsbət haldır.

Lakin gözdənsalma, israf və təkəbbür nümayiş etdirmək məqsədilə təşkil olunursa, bu, dinin mahiyyətinə ziddir. Peyğəmbər (s) və İmam Əli (ə) sadə iftar etməyi tövsiyə edər və iftarı az qida ilə açıb, qalanını yoxsullara paylamağa üstünlük verərdilər.

İftar süfrəsi təmtəraq və israf üçün yox, paylaşma və birlik ruhunu gücləndirmək üçün təşkil edilməlidir. Əgər bir insan həqiqətən ehtiyacı olanları da bu süfrəyə dəvət edir və onlarla nemətləri bölüşürsə, bu, daha çox savab qazandıran bir iş olar".

Beləliklə, Ramazanda iftar süfrəsi vermək təqdirəlayiqdir. Ancaq əsas məqsəd nümayiş deyil, birlik, mərhəmət və paylaşma olmalıdır. Ramazanın ruhu sadəlik və səmimiyyət üzərində qurulub.

Orxan Hüseyn

Son xəbərlər