Qəbir yerlərinin qiyməti nə qədər olmalıdır?

Hər hansı bir şəxs dünyasını dəyişdikdə yaxınlarını narahat edən əsas məsələlərdən biri onun harada dəfn ediləcəyidir. Bəzi vətəndaşlar üçün məzar yeri onun sağlığında əldə edilir. Təcrübə göstərir ki, qəbir yerləri heç bir halda pulsuz olmur. Hətta məzar yerlərinin kənar şəxslər tərəfindən alınaraq sonradan yüksək qiymətə satılması halları ilə də rastlaşmaq mümkündür. Qiymətlər isə qəbir yerinin yerləşdiyi ərazidən asılı olaraq dəyişir.
Maraqlıdır, bəs bu məsələ qanunvericiliklə necə tənzimlənir?
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin təsdiq etdiyi Qəbiristanlıqların salınması və idarə olunması Qaydalarına əsasən, ölmüş şəxsin qohumları və digərləri qəbir yerinin ayrılması və dəfnlə bağlı digər xidmətlərin göstərilməsi üçün qəbiristanlığın müdiriyyətinə ərizə ilə müraciət etməlidir. Ərizəyə ölüm faktını təsdiq edən sənədin və ölmüş şəxsin şəxsiyyət vəsiqəsinin surəti əlavə olunmalıdır. Qəbiristanlığın müdiriyyəti ərizəyə dərhal baxılmalı və dəfn yeri ayrılmalıdır. Dəfn üçün hər bir qəbir üzrə 5 kvadratmetr sahə ayrılır. Qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr, qısa tərəflər üzrə 0,5 metr nəzərdə tutulmalıdır.
Qəbiristanlıqda boş yer olmadıqda və ya bu sənədlər təqdim edilmədikdə, yerin ayrılmasından imtina edilməsi barədə qarşı tərəf dərhal məlumatlandırılmalıdır.
Qiymətə gəlincə, Azərbaycan Respublikası vətəndaşlarının, ölkədə olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılır.
Bundan başqa, qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə yol verilmir. Yəni şəxsin ölümündən əvvəl onun üçün məzar yerinin əldə olunması qaydalara ziddir. Qaydalara görə, qonşu qəbir yerinin rezervasiyasına dəfn edilmiş şəxsin yalnız ər və ya arvadına, onların yazılı müraciəti əsasında icazə verilir.
Hər nə qədər reallıqdan uzaq olsa da, eyni qəbir yerindən təkrar istifadə də mümkündür. Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara görə, eyni qəbir yerindən dəfn olunmuş şəxsin yaxın qohumları təkrar istifadə etmək hüququna malikdirlər. Qəbir yerindən dəfn olunmuş şəxsin yaxın qohumları tərəfindən təkrar istifadə edilməsi, yalnız dəfndən 25 il müddət keçdikdən sonra və ya müəyyən səbəblərdən qəbrin köçürülməsi yolu ilə mümkündür.
Qəbiristanlıqların qorunması, saxlanılması, abadlaşdırılması və idarə olunması xərcləri yerli büdcələrin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ianələri, dəfn və dəfnlə bağlı digər xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər və qadağan olunmayan digər mənbələr hesabına ödənilə bilər. Yəni qəbiristanlıqların gəlir mənbələri arasında da qəbir yerlərinin ayrılması ilə bağlı ödənişlər yer almayıb.
Buradan, həmçinin o da məlum olur ki, pulla əldə edilən qəbir yerlərinin mülkiyyət sənədi mövcud deyil. Bu baxımdan həmin yerlərin qanuni əsaslarla alqı-satqısı da mümkün deyil.

Oxşar xəbərlər
Hamiləlikdən sonra plastik əməliyyat düzgün deyil - GİNEKOLOQ
Hamiləlikdən sonra qadınlar dərhal plastik əməliyyatlara əl atırlar. BAKU.WS xəbər verir ki, bunu "Möcüzə qida-ana südü" konfransında uzman ginekoloq Emin Haqve...