Övladları məktəbdə oxuyan valideynləri SEVİNDİRƏCƏK XƏBƏR

Övladları məktəbdə oxuyan valideynləri SEVİNDİRƏCƏK XƏBƏR
Foto Açıqlama
Sosial 1371

Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə "məktəb avtobusları"ndan istifadə təşkil ediləcək.

BAKU.WS-in məlumatına görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.

Mövzu ilə bağlı BAKU.WS-ə açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, məktəb avtobuslarının tətbiqi isə məktəblilərin nəqliyyat problemlərini həll etmək baxımından əhəmiyyətli bir addımdır:

"Hazırda Bakıda səhər və axşam saatlarında məktəblərin qarşısında ciddi nəqliyyat sıxlığı müşahidə edilir. Bu, valideynlərin şəxsi avtomobillərdən istifadə etməsi ilə bağlıdır. Məktəb avtobuslarının fəaliyyəti bu problemi həll edə və şagirdlərin təhlükəsizliyini təmin edə bilər. ABŞ-da məktəb avtobusları geniş yayılıb və bu avtobuslar xüsusi təhlükəsizlik qaydalarına tabedir. Məsələn, ABŞ qanunvericiliyinə əsasən, məktəb avtobuslarının sürət həddi aşağı saxlanılır, onların xüsusi siqnalları olur və digər nəqliyyat vasitələri məktəb avtobusunun dayanması zamanı dayanmalıdır. Azərbaycanda da bu cür qaydaların tətbiqi məktəblilərin yol təhlükəsizliyini təmin edə bilər.

Kanada və Avstraliyada da məktəb avtobusları geniş yayılıb və burada avtobus sürücüləri uşaqlarla ünsiyyət qurmaq üçün xüsusi psixoloji testlərdən keçməlidirlər. Azərbaycanda məktəb avtobuslarının sürücülərinin psixoloji hazırlıq səviyyəsinə nəzarət olunması vacibdir. Məktəb avtobuslarının marşrutları xüsusi qaydalara əsasən müəyyənləşdirilməlidir və məktəblər bu prosesdə aktiv iştirak etməlidir.

Maliyyə baxımından məktəb avtobuslarının saxlanması və idarə edilməsi dövlət üçün əlavə xərclər yarada bilər. Lakin bu sistemin tətbiqi uzunmüddətli perspektivdə daha səmərəli olacaq. Türkiyədə məktəb avtobusları özəl sektor tərəfindən idarə edilir və bu, dövlətin maliyyə yükünü azaldır. Azərbaycanda da oxşar model tətbiq oluna bilər, yəni dövlət yalnız nəzarət funksiyasını icra edərək məktəb avtobuslarının təhlükəsizlik standartlarını müəyyən edə bilər".

Ekspert əlavə edib ki, məktəb avtobusları həm də sosial bərabərliyi təmin edəcək:

"Hazırda bəzi valideynlər uşaqlarını şəxsi avtomobillə məktəbə aparmaq imkanı tapır, lakin bu imkana malik olmayan ailələr üçün məktəb avtobusları çıxış yolu ola bilər. Belə avtobuslar regionlarda yaşayan və uzun məsafə qət etməli olan şagirdlər üçün də əhəmiyyətlidir. Məsələn, Böyük Britaniyada kəndlərdə yaşayan uşaqlar üçün pulsuz məktəb avtobusları fəaliyyət göstərir və bu sistem təhsil alanların məktəbə davamiyyətini artırır"

Orxan Hüseyn

Son xəbərlər