Orxan Məmmədov: "Qarabağ KOB-ları Proqramı"na 220 KOB subyekti cəlb edilib"

Orxan Məmmədov: Qarabağ KOB-ları Proqramına 220 KOB subyekti cəlb edilib
Sosial 51

"Qarabağ KOB-ları Proqramı"na ümumilikdə 220 KOB subyekti cəlb edilib.

BAKU.WS xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Proqramın 2025-ci ildə icrasına dair tədbirdə deyib.

Onun sözlərinə görə, layihə 2023-cü ildən həyata keçirilir: "Bu müddət ərzində Bakı, Abşeron, Sumqayıt, Şamaxı, İsmayıllı, Mingəçevir, Zaqatala, Gəncə, Bərdə, Goranboy, Şuşa, Xocalı, Füzuli, Laçın, Zəngilan rayonlarından layihəyə cəlb edilən bu subyektlər üçün peşə və biznes təlimləri keçirilmiş, iştirakçılar müxtəlif fəaliyyət sahələri üzrə praktiki və nəzəri biliklər əldə ediblər. Təlimlərə 100 nəfər cəlb olunub. Şəhid ailələri və qazilərin sosial rifahını yaxşılaşdırmağa yönələn bu təşəbbüsdə iştirakçılara maliyyə idarəçiliyi, biznes planların hazırlanması, marketinq və sosial media marketinqi kimi mövzularda təlimlər verilib. Bununla yanaşı, iştirakçılar müxtəlif peşə sahələrində, o cümlədən gözəllik, dülgərlik, qənnadı məmulatları və dərzilik kurslarına cəlb olunub, təlimləri tamamlayanlar sertifikatlarla təltif ediliblər".

O bildirib ki, proqram çərçivəsində həmçinin iştirakçılara öz bizneslərini qurmaq üçün zəruri avadanlıqlar təqdim edilib və onlara peşə təlimləri keçilib: "Ümumiyyətlə, hələ Vətən müharibəsindən əvvəlki dönəmdə də KOBİA tərəfindən sosial cəhətdən həssas qruplar arasında sahibkarlığın inkişafına dəstək göstərilməsi istiqamətində müxtəlif işlər görülüb. Misal olaraq, KOBİA və Dövlət Məşğulluq Agentliyinin birgə layihəsi çərçivəsində Şəmkir, Qazax, Tovuz, Salyan rayonları üzrə Vətən müharibəsi veteranı və şəhid ailəsi üzvləri üçün kiçik heyvandarlıq təsərrüfatları yaradılıb. "Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı" adlı layihə sosial cəhətdən həssas qrupdan olan vətəndaşlar üçün kiçik təsərrüfatların yaradılmasına xidmət edir".

Sonda O.Məmmədov "Qarabağ KOB-ları" Proqramının 2026-ci ildə də davam edərək, daha çox şəhid ailəsi və qazilərimizə dəstək verməyə davam edəcəyini bildirib.

Son xəbərlər