Çıxarışsız evlərə böyük MÜJDƏ: Dövlət qeydiyyatı ilə bağlı YENİ TƏKLİF
"Azərbaycanda çıxarışsız evlərin sayının 650-700 minə çatdığı ehtimal edilir. Bu əmlakların sənədləşdirilməsi məsələsinin mərhələli şəkildə həlli həm vətəndaşların mülkiyyət hüquqlarının tanınması, həm də iqtisadi dövriyyənin genişləndirilməsi baxımından əhəmiyyətlidir".
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.
Onun sözlərinə görə, sənədsiz evlərin bir qismi müvafiq icazələr olmadan tikilib, digərləri isə yaşayış təyinatı daşımayan torpaq sahələrində inşa edilib:
"Bəzi hallarda vətəndaşların əlində müxtəlif sənədlər olsa da, həmin sənədlər mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün yetərli hesab edilmir. 2025-ci il iyulun 16-da imzalanmış fərman çərçivəsində dövlət qurumları tərəfindən verilmiş müəyyən sənədlərin hüquqi əsas kimi tanınması istiqamətində işlərə başlanılıb. Bu prosesin mərhələli şəkildə davam etdirilməsi gözlənilir.
Problemin həlli üçün əmlak amnistiyası mexanizminin tətbiqi də nəzərdən keçirilməlidir. Sənədləşdirilməsi mümkün olan evlərin dövlət qeydiyyatına alınması vətəndaşlara əmlaklarını sərbəst satmaq, girov qoyaraq kredit əldə etmək və investisiya dəyərini qorumaq imkanı verə bilər".
AQC sdəri əlavə edib ki, əmlakların əvvəlcə kadastr uçotuna alınması, daha sonra isə hüquqi maneələr olmadığı halda mərhələli şəkildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vacib addımlardan biridir:
"Kadastr uçotu əmlakın mövcudluğunun və yerləşməsinin müəyyənləşdirilməsinə, reyestr qeydiyyatı isə qanunvericilikdə nəzərdə tutulan əsaslarla mülkiyyət hüququnun rəsmiləşdirilməsinə xidmət edir.
Bununla belə, yüksək gərginlikli elektrik xətlərinin altında, kommunikasiya xətlərinin və strateji obyektlərin yaxınlığında, meşə zolaqlarında və tikintiyə icazə verilməyən digər ərazilərdə yerləşən evlərin sənədləşdirilməsi mümkün olmaya bilər. Belə tikililərlə bağlı qərarlar təhlükəsizlik və qanunvericiliyin tələbləri nəzərə alınmaqla verilməlidir. Söküntü zərurəti yaranarsa, sakinlərin vəziyyətinin və alternativ həll imkanlarının da nəzərə alınması vacibdir.
Sənədsiz evlərin qeydiyyata alınması yalnız vətəndaşların deyil, dövlətin də maraqlarına uyğundur. Belə əmlakların hüquqi statusunun müəyyənləşdirilməsi sığorta, qiymətləndirmə və ipoteka bazarlarının genişlənməsinə, eləcə də vergi daxilolmalarının artmasına şərait yarada bilər.
Prosesin daha operativ aparılması üçün araşdırmaların yalnız vətəndaşların fərdi müraciətləri əsasında deyil, müvafiq dövlət qurumlarının təşəbbüsü ilə kütləvi qaydada həyata keçirilməsi məqsədəuyğun olardı. Bu, Azərbaycanda uzun illərdir davam edən sənədsiz əmlak probleminin sistemli həllinə və daşınmaz əmlak reyestrinin formalaşdırılmasına töhfə verə bilər".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb
Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycana 8,16 milyon ABŞ dolları dəyərində 2 min 946 ton qoyun və keçi ixrac edib. BAKU.WS "Report"a istinadən xə...