“Müəllimlərin öz fənnindən 10 bal toplaması dəhşətli faktdır”

“Müəllimlərin öz fənnindən 10 bal toplaması dəhşətli faktdır”
Sosial 4945
 

Müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələri ilə bağlı xoşagəlməz məlumat yayılıb. Məlumata görə, imtahanda iştirak edən müəllimlərin əksəriyyəti 10 bal toplayıb, yəni onlar keçid balından qat-qat aşağı nəticə göstəriblər. "Növbəti tədris ilində Azərbaycanda müəllimlərin dərs yükünün müəyyənləşdirilməsi zamanı onların diaqnostik qiymətləndirmədə göstərdikləri nəticələr əsas götürüləcək”.

BAKU.WS-in məlumatına görə, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov APA-ya açıqlamasında bildirib. O, qeyd edib ki, müəllimlərin dərs saatları onların imtahanda göstərdikləri nəticələrə uyğun olaraq müəyyənləşəcək. Onun sözlərinə görə, hər bir təhsil müəssisəsində dərs yükü keyfiyyət göstəricisinə görə müəyyən olunmalıdır. 

E.Bağırov bildirib ki, imkan daxilində göstəriciləri yüksək olan müəllim daha çox dərs yükü ilə təmin edilməlidir: "Əgər məktəbdə 100 saatlıq dərs yükü varsa, 5-6 müəllim arasında daha yüksək bal toplayan savadlı müəllimə daha çox, zəif nəticə göstərənə isə az dərs verilməlidir. Müəllimlərin dərs yükü hər bir tədris ilinin əvvəlində-sentyabr ayında müəyyən edilir və xüsusi hallar istisna olmaqla il ərzində sabit qalır. Yeni tədris ili üçün sentyabr ayında məktəblərdə müəllimlərin dərs bölgüsü aparılarkən onların diaqnostik qiymətləndirmədəki nəticələri əsas götürüləcək. Bu vaxta kimi proses diaqnostik qiymətləndirmənin keçirildiyi bəzi rayonlarda, müəyyən məktəblərdə tətbiq edilirdi. Ancaq diaqnostik qiymətləndirmə ötən il hər yerdə keçirilməmişdi. Bu tədris ilində isə ölkə üzrə bütün müəllimlərin diaqnostik qiymətləndirmədən keçirilməsi tam başa çatacaq və yeni dərs ilindən bu proses hər yerdə qaydalara uyğun olmalı, bütün müəllimlərə şamil edilməlidir”.

***

Qeyd edək ki, xeyli vaxtdır müəllimlərin məvacibinin yüksəldilməsi tələb edilirdi. Bu məqsədlə 2014-2015-ci tədris ilindən etibarən ölkəmizdə müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanıldı. Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükü və əməkhaqqısı dəfələrlə artırıldı. Qiymətləndirilmənin nəticələri təhsil müəssisələrinin idarəolunması zamanı əhəmiyyətli alətə çevrildi. Bakı şəhərinin ümumi təhsil müəssisələrində dərs yükü bölgüsü aparılarkən müəllimlərin diaqnostik qiymətləndirilmədəki nəticələri əsas meyar kimi götürüldü. Bununla da, peşəkar bilikləri zəif olan müəllimlərin şagirdlərə təsiri minimuma endirildi. 

Qiymətləndirilmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 20 test tapşırığı verilir və hər bir düzgün cavab 1 balla qiymətləndirilir.  

Lakin bu da bir reallıqdır ki, diaqnostik qiymətləndirmə keçirmədən təhsil işçilərinin əmək haqqının Avropa standartlarına uyğunlaşdırılması nə keyfiyyəti yüksəldəcəkdi, nə də təhsil sahəsində dəyişikliyə səbəb olacaqdı. Ona görə ki, bu gün təhsil işçiləri arasında müasir tələblərə cavab verməyən, pedaqoji qabiliyyət baxımından bilik, bacarığı xeyli dərəcədə aşağı olan insanlar var ki, onların dəyişdirilməsinə, öz üzərlərində işləməsinə ehtiyac var.  

***

Təhsil üzrə ekspert Kamran Əsədov təəssüflə bildirib ki, müəllimlərin öz fənnindən 10 bal toplaması dəhşətli faktdır: "İstənilən cəmiyyətin inkişafı təhsildən, ilk növbədə isə onun bünövrəsi olan orta təhsildən və əlbəttə ki, müəllimlərindən asılıdır. Müəllimlərin fəaliyyətinə, onların bilik və bacarığının keyfiyyətinə daimi nəzarət mexanizmi olmalıdır. 

Bu gün Azərbaycanın 4481 orta məktəbində 151 min müəllim fəaliyyət göstərir. Onların ortalama yaşı 40-dır. Bu müəllimlərin 35 faizdən çoxu ali təhsilli deyil, texnikom təhsillidir. Və ən əsası isə müəllimlərin 70 faiz qadındır. Bütün bunlar nəticələrə təsir göstərən amillərdir. Bəzi hallarda müəllimlər savadlı olsalar da, kompüterdən istifadə etmək bacarıqları olmadığına görə, yaxşı nəticə göstərə bilmədilər. 

Əlbəttə ki, özü minimum biliyə  malik olmayan müəllim qarşısındakına nəsə öyrədə bilməz. Öz ixtisasını belə bilməyən müəllimin maaşını artırmaq məntiqsizdir. İlk növbədə hesab edirəm ki, nəticəsi nəyinki 10-dan, ümumiyyətlə, tədris etdiyi fəndən 50 faizdən aşağı səviyyədə nəticə əldə etmiş müəllim işdən azad edilməlidir.  Onun yeri vakansiya elan olunmalıdır və daha savadlı, müasir texnologiyalardan istifadə edə bilən gənc müəllimlər işə qəbul edilməlidir”.

***

Ekspert onu da bildirib ki, müəllimləri aşağı nəticə göstərmiş məktəbin direktorları da işdən azad edilməlidi: "Çünki o vəzifənin öhdəsindən layiqincə gələ bilməyib, müəlliminin təkmilləşməsinə təşəbbüs göstərməyib. İnanıram ki, növbəti tədris ilində saxta sənədlərdən istifadə edərək müəllim işləyən və diaqnostik imtahanda aşağı nəticə əldə etmiş müəllimlərin fəaliyyətinə xitam veriləcək.  Bu müəllimlər ancaq dövlət büdcəsinin vəsaitini  mənimsəməklə məşğul olurlar. Onların işlədiyi məktəblərə baxsaq görərik ki, son illər ərzində həmən təhsil müəssisələrindən ali məktəblərə qəbul faizi çox aşağıdır”. 

BAKU.WS

Oxşar xəbərlər

Bu işçilərin maaşı 40% artırılacaq - RƏSMİ

Bu işçilərin maaşı 40% artırılacaq - RƏSMİ

Azərbaycanın 26 şəhər və rayonunda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən keçən müəl...

6889 İqtisadiyyat 12:39 15 noyabr 2016

Son xəbərlər