Moped və motosikletlə "qəhrəmanlıq" edənlər - Qəza törədir, ziyan vurur...

Son zamanlar yollarda baş verən qəzaların bir çoxu moped, motosiklet, skuter və digər nəqliyyat vasitələrinin payına düşür. İstər sosial şəbəkələrdə, istərsə də cəmiyyətdə bu istiqamətdə müxtəlif fikirlər formalaşır.
BAKU.WS xəbər verir ki, bəzi şəxslər sosial şəbəkələrdə mopedlə qayda pozaraq, bu hərəkətləri qeydə alır və paylaşırlar. Onlar bununla sanki "qəhrəmanlıq" etdiklərini düşünürlər.
Hətta bu istiqamətə maraq o qədər artıb ki, bəzi işbazlar bundan istifadə edərək özlərinə reklam yaratmağa çalışırlar. Məhz bu tipli halların artması yollarda qəzalara və ölüm hadisələrinə səbəb olur.
Tanınmış nəqliyyat eksperti Elməddin Muradlı BAKU.WS-ə açıqlamasında bildirdi ki, motosiklet və moped sürücülərinin iştirakı ilə nəticələnən yol nəqliyyat hadisələrinə nəzər saldıqda, vəziyyətin heç də ürəkaçan olmadığını görürük:
"Bu tipli qəzaların sayı artır. Çox təəssüf ki, bəziləri düşünürlər ki, əgər mopedin, motosikletin nömrəsi yoxdursa, yaxud gizlədilirsə, yollarda istənilən hərəkəti etmək olar.
Onlar məsuliyyətdən yayınmağa çalışırlar. Bu da qayda pozuntularının sayını artırır. Düşünürəm ki, bu sahədə nəzarəti daha da gücləndirmək lazımdır. Eyni zamanda mopedlərin dövlət nömrə nişanı alması məsələsi gündəmdədir. Yəni mopedlər artıq nömrəsiz idarə edilməyəcək. Faktiki olaraq bu nəqliyyat vasitəsinin qeydiyyata alınmasına ehtiyac yaranıb. Çünki bir çox hallarda məsuliyyətsizlikdən qəza törədirlər, ətrafdakı insanlara zərər vururlar və hadisə yerindən qaçırlar. Sonra onları tapmaq çətin olur", - deyə Elməddin Muradlı bildirib.
Eksper deyir ki, bu azmış kimi bəzi şəxslər moped və motosikletlə qayda pozurlar, bu hərəkətləri çəkib sosial şəbəkələrdə paylaşırlar. Bu halların da qarşısı mütləq alınmalı və belə şəxslər cəzalandırılmalıdır.
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, yol polisi tərəfindən bu istiqamətdə mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir.
"Təəssüflə qeyd etməliyəm ki, edilən xəbərdarlıqlara, görülən inzibati tədbirlərə bu tip nəqliyyat vasitəsi idarə edən sürücülər yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, həm özlərini, eyni zamanda, digər hərəkət iştirakçılarının həyatt və sağlamlıqlarını təhlükəyə atırlar. Bütün bunları nəzərə alaraq, həmin şəxslərdən tələbimiz ondan ibarətdir ki, qaydalara əməl etsinlər", - deyə qurum rəsmisi vurğulayıb.
Unutmaq olmaz ki, ani diqqətsizlik xoşagəlməz hadisələrə və ölümə səbəb ola bilər.
Ziya SƏCCAD
Oxşar xəbərlər
Bakıda sürücülərə XƏBƏRDARLIQ - Bu küçədə ehtiyatlı olun, yoxsa cərimələnəcəksizniz
"Dayanma-durma qadağandır" nişanı olmayan ərazidə avtomobil saxlayan sürücülər cərimələnir. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayon...
