“Məni anamdan ayırmasınlar, onsuz yaşaya bilmərəm” - Nuray +Video
10 yaşlı Nurayın "Nə olar, məni anamdan ayırmayın" - çağırışları dünəndən bəri videoya baxan şəxslərin qulaqlarından getmir. Kimliyindən, vəzifəsindən asılı olmayaraq hər kəs Nurayın harayına səs verilməsini, hələ 10 yaşındakı qızcığazın məruz qaldığı zorakılıqlara son qoyulmasını istəyir. Ailəylə danışdığımız zaman məlum oldu ki, Nuray hələ də xalasının yanındadır.
Onlarla görüşmək üçün Qubanın Alekseyevka kəndinə yola düşdük.
Bizi qarşılayan ailə üzvləri video ictimailəşəndən sonra zənglərin ardı-arasının kəsilmədiyini, bir çox qurumlardan maraqlananların olduğunu söyləyib. Ancaq bütün bunlara baxmayaraq icra işi hələ də dayandırmayıb. Hətta ailə yenidən Bakıya İcra orqanına çağırılıb:
"Uşağın ayaqqabıları hələ də icraçılarda qalıb. Ayaqyalın qaçıb ordan. İndi yenidən çağırırlar. O uşaq neçə gün özünə gələ bilmədi. Apararıq heç? İnanırsınız, atasının üzünü birinci dəfə orada görüb. Evə gələndə bizə deyir ki, elə bilib atası da həmin nümayəndələrdən biridir. Neçə gün başı ağrıdığı üçün saçına daraq vurmadıq".
Nurayın xalası Mehriban Eldarovadan illər sonra atanın (Əvəz Bayramov) övladına sahib çıxmaq istəməsinin səbəbini soruşuruq. Ancaq sualımızın cavabını ailə də bilmir:
"Elə bizə də bu, maraqlıdır. 10 il boyunca uşağı ilə bir dəfə də maraqlanmayan, körpə vaxtı anası ilə birlikdə küçəyə atan insan indi uşağını istədiyini deyir. İcraya gedəndə fikirləşirdik ki, uşağı dindirəcəklər, rəyi öyrəniləcək. Ancaq Nuray "getmək istəmirəm" deyəndə icraçılar onu və məni sürüdülər. O qədər dartışdırmışdılar ki, qolları ağrıyırdı. Paltar, ayaqqabısını belə geyinə bilmirdi. Atasının psixi problemləri var. Bacım onun yanında 2 ilə xərçəng xəstəliyinə tutuldu. Müalicələrlə cəmi bir neçə il yaşada bildik. O müddətdə bu insan yoldaşı və uşaqla bir dəfə də maraqlanmadı, ailə həyatı qurdu".
Mehriban xanımın sözlərinə görə, 7 dekabrda icrada yaşanan hadisədən sonra Əvəz Bayramov onlarla hər hansı bir əlaqə yaratmayıb:
"Nə özü, nə də ki qohumları həmin hadisədən sonra bizimlə əlaqə saxlayıb. Son vəziyyət odur ki, bizimlə əlaqə saxlayan hamı uşağın fikrinin alınmalı olduğunu deyir. Biz uşağı istəmədiyi bir yerə göndərə bilmərik. Onun üçün də var gücümüzlə çalışacağıq".
Nurayın fitri istedada sahib olduğunu deyən qohumlar uşağın məktəbdə də yaşıdlarından fərqləndiyini bildirib:
"Bir otağına baxın, hər yer əl işləri ilə bəzədilib. Çox gözəl pianino çalır. Dərslərində uğurludur. Elə inşalar yazır, bəzən elə şeylər deyir ki, mat qalırıq. Keçən dəfə Mehribanın əlindən öpüb "ana, çox sağ olun ki, bu qədər problemə baxmayaraq məni tək qoymursuz, arxamda durmusuz"- deyib. Nuray istəyir ki, "Bayramzadə" soyadından imtina edib, onu böyüdən xalasının soyadını (Eldarova) götürsün. Hər şeyi çox gözəl dərk edir, qorxuruq ki, anasından ayrılsa, özünə bir şey edə".
Mehriban xanımın yoldaşı Eldar Eldarov atasının bu müddət ərzində bir dəfə də uşağa aliment vermədiyini deyib:
"Mən onsuz da uşağa kral kimi baxıram. O şəxsin 1 qəpiyi də lazım deyil. Ancaq bu şəxs illər ərzində aliment deyə bir şey ödəməyib. İndi saxta sənədlərlə nəyisə göstərməyə çalışırlar".
Son olaraq söhbətləşdiyimiz balaca Nuray da tək arzusunun Mehriban xanımın yanından ayrılmamaq olduğunu söylədi:
"Bircə onu istəyirəm ki, məni anamdan ayırmasınlar. Mən onsuz yaşaya bilmərəm".
Qafqazinfo
Oxşar xəbərlər
10 yaşlı Nuray: “Atamı ilk dəfə məhkəmədə görmüşəm”
"Bacım Rübabə Xudaverdiyeva xərçəng xəstəsi olub. 2008-ci ildə Əvəz Bayramovdan ayrılıb. Həmin müddətdən sonra xəstə bacıma və onun azyaşlı övladına biz baxmışı...