Məmurlara bəd xəbər

Məmurlara bəd xəbər
Sosial 1296

 

Nazirlər Kabineti "Dövlət qulluqçusunun attestasiyasının keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qərar verib. 

BAKU.WS-in məlumatına görə, Nazirlər Kabineti dövlət qulluqçusunun attestasiyasının keçirilməsi qaydalarını açıqlayıb: 

Bu qaydalar "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 31.22-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və dövlət qulluqçusunun attestasiyasının keçirilməsiqaydasını müəyyən edir.

Attestasiyanın keçirilməsinin əsas məqsədləri aşağıdakılardır:

1.2.1. dövlət qulluqçusunun tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyininmüəyyənləşdirilməsi;

1.2.2. dövlət qulluqçusunun potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması, onun peşə səriştəliyininartırılmasınastimullaşdırılması;

1.2.3. dövlət qulluqçusunun əlavə təhsilinə zərurət dərəcəsinin müəyyənləşdirilməsi.

1.3. İnzibati və yardımçı vəzifələri tutan hər bir dövlət qulluqçusu (bundan sonra - dövlət qulluqçusu), "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmayıbsa, 5 (beş) ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilməlidir.

1.4. Attestasiyanın keçirilməsinin müddətləri, cədvəli və bu Qaydaların 2.3-cü bəndində göstərilən sualların hazırlanmasında istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı tabelik qaydasında yuxarı dövlət orqanı ilə razılaşdırılmaqla, müvafiq dövlət orqanı tərəfindən təsdiq edilir və attestasiyanın başlanılmasına ən geci 1 (bir) ay qalmış attestasiyadan keçən dövlət qulluqçularının nəzərinə çatdırılır.

1.5. Tutduğu vəzifədə 1 (bir) ildən az qulluq keçən, habelə staj və sınaq müddətində olan dövlət qulluqçuları növbəti attestasiyadan keçirilmirlər. Uşağa qulluq etmək üçün məzuniyyətdə olan dövlət qulluqçusu qulluq keçməsini davam etdirməyə başladıqdan sonra 1 (bir) ildən tez olmayaraq attestasiyadan keçməlidir.

2. Attestasiyanın keçirilməsi qaydası

2.1. Attestasiya kollegial, obyektiv surətdə keçirilir. Attesta-siyaya tabeçilik qaydasında yuxarı dövlət orqanının nümayəndəsinin cəlb edilməsinə həmin yuxarı dövlət orqanının rəhbərinin razılığı ilə yol verilir. Attestasiya komissiyasının tərkibini müvafiq dövlət orqanının rəhbəri təsdiq edir.

2.2. Attestasiyanın keçirilməsi üçün sədrdən, katibdən və azı digər 3 (üç) komissiya üzvündən ibarət tərkibdə attestasiya komissiyası təsdiq edilir. Tərkibi vaxtaşırı dəyişən attestasiya komissiyasına yüksəkixtisaslı mütəxəssislər, elmi ekspertlər daxil edilə bilərlər.

2.3. Attestasiya komissiyasının üzvləri tərəfindən dövlət qulluqçusuna yalnız tutduğu vəzifəyə, vəzifə təlimatına, ixtisasına dair, icra etdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, qulluq funksiyalarına aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan dövlət qulluqçusuna onun xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onun siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

2.4. Attestasiyadan keçməli olan hər bir dövlət qulluqçusuna attestasiyanın başlanılmasına ən azı 2 (iki) həftə qalmış onun bilavasitə rəhbəri tərəfindən hazırlanmış xidməti xasiyyətnamə verilir və həmin dövlət qulluqçusu ona verilən xasiyyətnamə ilə tanış olmalıdır.

2.5. Xasiyyətnamədə dövlət qulluqçusunun xidməti fəaliyyətinə qiymət verilir, fərdi xüsusiyyətləri, güclü və zəif cəhətləri, keçən dövr ərzindəki işinin nəticələri göstərilir. Sonrakı attestasiyalarda komissiyaya əvvəlki attestasiyanın attestasiya vərəqəsi də təqdim edilir.

2.6. Dövlət qulluqçusu attestasiyadan keçirilərkən, onun bilavasitə rəhbəri attestasiyaya dəvət edilə bilər. Attestasiya komissiyası attestasiyadan keçən dövlət qulluqçusunun fəaliyyəti haqqında onun məlumatını dinləyir və təqdim edilmiş materialları nəzərdən keçirir.

2.7. Dövlət qulluqçusu üzrlü səbəb olmadan attestasiya komissiyasının iclasına gəlmədikdə, attestasiyadan keçirilməmiş hesab edilir və həmin dövlət qulluqçusu barədə "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri tətbiq edilə bilər.

2.8. Dövlət qulluqçusu üzrlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, attestasiyadan keçirilməmiş hesab edilir. Dövlət qulluqçusu üzrlü səbəb olmadan və ya üzrlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, həmin dövlət qulluqçusu növbəti attestasiyadan keçməlidir. Dövlət qulluqçusu növbəti attestasiyadan bu Qaydaların 1.4-cü bəndində göstərilən qaydada keçməlidir.

2.9. Dövlət qulluqçusunun attestasiyasının nəticələri əsasında attestasiya komissiyası aşağıdakı qiymətlərdən birini verir:

2.9.1.  tutduğu vəzifəyə uyğun gəlir;

2.9.2. işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, 1(bir) ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğun gəlir;

2.9.3. tutduğu vəzifəyə uyğun gəlmir.

2.10. Attestasiya komissiyası attestasiyanın nəticələri əsasında ayrı-ayrı dövlət qulluqçularının qazandıqları müvəffəqiyyətlərə görə mükafatlandırılması, irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, attestasiyadan keçən dövlət qulluqçularının müvafiq istiqamət üzrə əlavə təhsilə cəlb edilməsi, qulluq fəaliyyətinin, işinin nəticələrinin yaxşılaşdırılması, aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında tövsiyələr verə bilər. Bu halda attestasiya komissiyası irəli sürdüyü tövsiyələri əsaslandırmalıdır.

2.11. Dövlət qulluqçusunun fəaliyyətinə verilən qiymət və attestasiya komissiyasının tövsiyələri attestasiyadan keçən dövlət qulluqçusunun iştirakı olmadan açıq səsvermə yolu ilə qəbul edilir.

2.12. Attestasiya və səsvermə attestasiya komissiyasının üzvlərinin ən azı üçdə iki hissəsinin iştirakı ilə keçirilir. Səsvermənin nəticələri səs çoxluğu ilə müəyyən edilir. Səslər bərabər olduqda, attestasiyadan keçən dövlət qulluqçusu tutduğu vəzifəyə uyğun hesab edilir. Attestasiya komissiyasının üzvü olan dövlət qulluqçusu attestasiyadan keçərkən, səsvermədə iştirak etmir. Attestasiyanın nəticələri səsvermədən dərhal sonra dövlət qulluqçusuna bildirilir.

3. Attestasiyanın nəticələrinin rəsmiləşdirilməsi

3.1. Attestasiyanın nəticələri (qiymət və tövsiyələr), attestasiya zamanı verilən suallar və cavablar 1 (bir) nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan attestasiya vərəqəsinə yazılır(əlavə olunur).

3.2. Attestasiyadan keçən dövlət qulluqçusunun attestasiya vərəqəsi və xasiyyətnaməsi onun şəxsi işində saxlanılır və onların bir surəti attestasiyadan keçən dövlət qulluqçusuna verilir.

3.3. Attestasiya komissiyasının verdiyi qiymət əsas götürülərək, tövsiyələr nəzərə alınmaqla və qüvvədə olan qanunvericiliyə uyğun olaraq, ayrı-ayrı dövlət qulluqçularının qazandıqları müvəffəqiyyətlər müqabilində mükafatlandırılması, irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, yuxarı vəzifəyə keçirilməsi, xidməti fəaliyyətlə bağlı müvafiq istiqamət üzrə əlavə təhsilə cəlb edilməsi, attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi aşkara çıxan dövlət qulluqçusunun aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında qərarlar dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən qəbul edilir.

3.4. Bu Qaydaların 3.3-cü bəndində nəzərdə tutulmuş qərarlar dövlət qulluqçusunun attestasiyadan keçdiyi gündən sonra ən geci 2 (iki) ay müddətində qəbul edilir. Bu müddət keçdikdən sonra attestasiyanın nəticələri əsasında dövlət qulluqçusunun aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında qərarlar qəbul edilə bilməz.

3.5. Dövlət qulluqçusunun üzrlü səbəbdən işə gəlmədiyi, ezamiyyətdə və məzuniyyətdə olduğu vaxt həmin 2 (iki) ay müddətinə daxil edilmir.

3.6. Dövlət qulluqçusu attestasiyanın nəticələrindən 7 (yeddi) iş günü müddətində inzibati qaydada və ya məhkəmə qaydasında şikayət edə bilər. Tabelik qaydasında yuxarı dövlət orqanı şikayətə daxil olduğu gündən sonra 20 (iyirmi) iş günü ərzində baxır.

Bu Qaydalarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq еdilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi аktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Şahin Həbibov

BAKU.WS 

Oxşar xəbərlər

İlham Əliyev dövlət büdcəsi haqqında fərman verdi

İlham Əliyev dövlət büdcəsi haqqında fərman verdi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanununun tətbiqi barədə fərman verib. BAKU.WS-in məlumatına görə, fərma...

2108 İqtisadiyyat 09:24 08 dekabr 2015

Son xəbərlər