Milyarder ərəblərin Bakıda böyük ərazi almaları ilə bağlı xəbərə rəsmi açıqlama

Milyarder ərəblərin Bakıda böyük ərazi almaları ilə bağlı xəbərə rəsmi açıqlama
Sosial 3725

"Bakının Nərimanov rayonunun plana düşən ərazilərinin böyük hissəsini ərəb şeyxlərinin aldığı ilə bağlı yayılan məlumatlar əsassızdır".

Bunu BAKU.WS-in əməkdaşına açıqlamasında Nərimanov rayon 30 saylı mənzil-kommunal istismar sahəsindən bildiriblər. MKİS-dən əmin edirlər ki, Nərimanov rayonunda ərəblərin əmlak və ya torpaq aldığı ilə bağlı heç bir məlumat yoxdur. 

"Bizdə belə bir məlumat yoxdur. Yayılan məlumat düzgün deyil. "Çermet" bizim balansımızdadır. Ancaq o ərazidə hər hansı plana düşmədən və ya hərracdan söhbət gedə bilməz. Əgər belə bir şey olsaydı bizə hər hansı sorğu göndərilərdi". 

Qeyd edək ki, yerli KİV-də Bakının Nərimanov rayonunun plana düşən ərazilərinin böyük hissəsini ərəb şeyxlərinin aldığı ilə bağlı məlumatlar yayılıb. İddia edilir ki, "Çermet" adlanan ərazinin böyük bir hissəsindəki və Dərnəgül körpüsünün ətrafındakı fərdi yaşayış və bina evləri plana düşüb və bu əraziləri artıq ərəblər alıblar. Plana düşən mənzillərin kvadratmetrinə görə rayon sakinlərinə 1200 manat təklif olunacağı bildirilib.

Nərimanov İcra Hakimiyyətinin icra başçısının birinci müavini Şahmar İbadov "Qafqazinfo"ya açıqlamasında qeyd edib ki, sözügedən ərazinin ərəblərin alması ilə bağlı yayılan xəbərlər doğru deyil:

"Nərimanov rayonunda gedən yenidənqurma işləri ölkə başçısı, cənab prezidentin sərəncamı əsasında həyata keçirilir. Yol infrastrukturunun yenidən çəkilməsi və genişləndirilməsi zamanı Ziya Bünyadov prospekti və Həsən Əliyev küçəsinin davamı olaraq Böyük Şor ərazisindən keçən yeni hissədə Nərimanov İcra Hakimiyyəti, "Azəryol” ASC və Maliyyə Nazirliyi ilə birlikdə ərazidə yola düşən hissələri siyahıya alıb. Əhalinin köçürülməsi tərəfimizdən həyata keçiriləcək.

Bundan başqa orada ərəbin, ingilisin, hər hansı bir əcnəbi şirkətin ərazi alıb əhalini köçürülməsi həqiqətə uyğun deyil”.

Şahin Həbibov

BAKU.WS

Son xəbərlər