Məhkəmə "Azəriqaz"ın vətəndaşa yazdığı borcu ləğv etdi

Məhkəmə Azəriqazın vətəndaşa yazdığı borcu ləğv etdi
Sosial 115

"Azəriqaz" İstehsalat Birliyi tərəfindən Sumqayıt şəhərində yaşayan bir ailəyə böyük məbləğdə cərimə borcu yazılıb.

BAKU.WS "Yurd.media"ya istinadən xəbər verir ki, "Azəriqaz" Sumqayıt şəhəri, "Metallurq" küçəsi 508 nömrəli fərdi evdə yaşayan Babaşovlar ailəsinə 1767 manat borc müəyyən edib.

Bu borcun silinməsi üçün Babaşovlar ailəsi Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib və "Azəriqaz"ı cavabdeh kimi göstəriblər.

Ev sahibi Əlizaman Babaşovun həyat yoldaşı qeyd edib ki, 1-ci qrup əlil əri ötən il yanvarın 11-də vəfat etdikdən sonra oğlu ilə birlikdə həmin ünvanda yaşamağa davam edib:

"Evin bütün kommunal xətləri ərimin adına qeydiyyata alınıb. Ərim vəfat etdikdən sonra kommunal xətləri öz adıma keçirmək üçün "Azəriqaz"a müraciət etdim. Lakin abonent kodu üzrə 1767 manat cərimə borcunun olduğu bildirildi".

Şikayətçi qadının sözlərinə görə, "Azəriqaz" tərəfindən yaşadıqları fərdi evdə sayğacdankənar əlavə xətlə təbii qazdan qeyri-qanuni istifadə edilməsi iddia olunub:

"Lakin həmin akt gözdən əlil ərim tərəfindən imzalanmayıb. Sayğacdankənar əlavə xətt vəfat etmiş ərim tərəfindən çəkilməyib. Onun bundan xəbəri olmayıb. O, həmin aktı imzalamaqdan da imtina edib. Ərim vəfat etdikdən sonra evin bütün kommunal ödənişləri və digər işlər mənim tərəfimdən həyata keçirilib. Həmin borc məbləğindən məlumatım olmayıb. Həmçinin həmin məbləği ödəməyə də maddi imkanım yoxdur. Əlil oğluma təkbaşına baxıram və əlavə gəlir mənbələrim yoxdur".

Qadın kommunal xərclərini hər zaman tam vaxtında ödədiyini deyib.

Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə qazdan istifadə qaydalarının pozulması iddiası ilə əsassız hesablanmış borc silinib. Bu qərardan cavabdeh tərəf apellyasiya şikayəti verib. Cavabdeh dövlət qurumu birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını istəsə də Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Son xəbərlər