Lənkəranda Atabəylər dövrünə aid xəzinə tapıldı

Lənkəranda Atabəylər dövrünə aid xəzinə tapıldı
Sosial 5936
Lənkəranda XI-XII əsrlərə aid 150-yə yaxın mis sikkə aşkar edilib.Azərbaycan Milli Elmlər Akademiyasından BAKU.WS-ə verilən məlumata görə, dirhəm və fəlslərdən ibarət qədim sikkələr təsərrüfat işləri zamanı təsadüfən aşkarlanıb və metaltoplama məntəqələrinə təhvil verilib.AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin Arxeologiya şöbəsinin müdiri Mais Cəfərov deyib ki, pullar metal əşyalar qəbul olunan məntəqədə təsadüfən əldə edilib: “Pullar təmizləndikdən sonra onların Atabəylər dövrünə aid mis sikkələr olduğu məlum oldu. Dirhəmlərin üzərində “La İlahə İləllah, Muhəmmədən RəsulAllah” və 4 rəşidi xəlifəsinin adı qeyd olunub. Arxa tərəfində isə zərb olunan il, şəhərin və Atabəy Eldəgəzin adı həkk olunub”.Şöbə müdirinin sözlərinə görə, tapıntılar arasında Səlcuq sultanlarının, Atabəylərin, o cümlədən onların məliklərinin də sikkələri mövcuddur: “Dəfinə qədim dövlətçilik tariximizin öyrənilməsi, Atabəylər dövlətinin əmtəə-pul münasibətlərinin araşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Aşkarlanmış son tapıntı bir daha sübut edir ki, XI-XII əsrlərin ticarət şəbəkəsi olan tarixi İpək Yolunun şaxələrindən biri Cənub-Şərq bölgəsindən keçib”.Yeni tapıntıların əhəmiyyətliliyi nəzərə alınaraq ilk dəfə Cənub-Şərq zonasının numizmatik xəritəsinin yaradılacağını deyən M.Cəfərov bildirib ki, aşkar edilmiş sikkələrin kataloqu yaradılaraq elmi ictimaiyyətə təqdim olunacaq.Arxeoloq ölkəmizin cənub bölgəsində numizmatika muzeyinin təşkil edilməsinin də nəzərdə tutulduğunu söyləyib.Qeyd edək ki, 2013-cü ildə cənub bölgəsində aşkarlanan Kirman Atabəylərinin qızıl sikkələri hazırda AMEA-nın Milli Azərbaycan Tarix Muzeyinin Numizmatika və epiqrafika şöbəsində saxlanılır.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər