Krediti ödəyə bilməyənlərin nəzərinə

Krediti ödəyə bilməyənlərin nəzərinə
Sosial 2735

 

Hər bir iqtisadiyyatda kredit öhdəliyinin yerinə yetirilməməsi hər iki tərəf üçün mənfi nəticələr doğurur. İlk növbədə borc verən öz vəsaitini geri ala bilmədiyi üçün fəaliyyətində ləngimələr olur və likvid çatışmazlığı ilə üzləşir. Borc alan üçün isə bu daha ağır nəticələrə səbəb ola bilər.

BAKU.WS bbn.az-a istinadən bildirir ki, Azərbaycan Banklar Assosiasiyasının "Kredit İşi və Risk" Ekspert Qrupu bu məsələyə münasibətini bildirib. Bu öhdəliyin yerinə yetirilməməsinin doğuracağı nəticələri sizə təqdim edirik.

Kredit öhdəliyinin yerinə yetirilməməsinin 4 mənfi nəticəsi:

- Müştərinin kredit tarixçəsi korlanır və bunun nəticəsi olaraq gələcəkdə müştərinin təkrarən etdiyi kredit müraciətlərindən banklar imtina edə bilər. Bu isə öz növbəsində müştərinin gələcəkdə güzəştli şərtlərlə kredit götürmək imkanlarının məhdudlaşmasına, eləcə də maliyyə və yüksək şəxsi keyfiyyətlərinin təsdiqi olan və illərlə əldə etdikləri müsbət kredit tarixçəsinin birdəfəlik korlanılmasına gətirib çıxarır.

- Kredit ödənişindən yayınma nəinki kredit faizlərinin hesablanmasını dayandırmır, əksinə, əlavə olaraq cərimə və digər öhdəliklər yaradır. Qeyd edək ki, faizlərin və cərimələrin hesablanılması kredit öhdəliklərinin tam yerinə yetirilməsinədək davam edir, bundan əlavə, borc məhkəmə qaydasında tələb edildikdə və tutulduqda borclu məhkəməyə müraciət edilməsi ilə əlaqədar olan xərcləri (dövlət rüsumu, hüquqi xidmət haqqı və s.) də ödəməli olur.

Halbuki kreditin gecikmədən çıxmasında maraqlı olan banklar bütün mümkün güzəştlərə gedərək müştərinin xərclərinin nəinki artmamasına, əksinə, azalmasına səbəb olan qərarlar verir.

- Kredit öhdəliyinin yerinə yetirilməməsi ödəniş imkanının olmaması səbəbindən baş vermirsə, o zaman məhkəmə və icra orqanları vasitəsilə mülki qaydada müştərinin və zaminlərin mülkiyyətində olan daşınar və daşınmaz əmlaklarına, rəsmi gəlirlərinə həbs qoyularaq tutma yönəldilə, həmçinin müştərinin ölkədən çıxışına məhdudiyyət qoyula bilər. Nəzərə almaq lazımdır ki, bu məsələdə məhkəmə qərarı 30 il müddətində qüvvədədir.

Yəni, hal-hazırda müştəri və ya zaminin mülkiyyətində olan hər hansı bir əmlak və ya rəsmi gəlir yoxdursa, bu, qərarın təsirini itirmir və 30 il ərzində yuxarda sadalananlardan hər hansı birinə malik olduqda həbs qoyulub tutma yönəldilə bilər. Hətta borclu və ya zamin vəfat etsə belə, borcu qaytarmaq öhdəliyi onun varisinə keçir.

- Kredit öhdəliyinin yerinə yetirilməməsi ödəniş imkanının olmaması səbəbindən baş verirsə, bu halda cinayət məsuliyyəti, əlbəttə ki, nəzərdə tutulmur, lakin əgər məhkəmə prosesində müxtəlif dəlillər əsasında bankın təklif etdiyi şərtlərlə müştərinin ödəniş edə biləcəyi, lakin qəsdən yayınması sübuta yetirilərsə, bu zaman qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməməyə görə AR Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə nəzərdə tutulan məsuliyyət yarana və müvafiq sanksiyalar tətbiq oluna bilər.

Qeyd olunanları nəzərə alaraq, müştərilər banklarla danışıqlara getməkdən, ödəniş məbləğini ödəniş imkanlarına uyğunlaşdırmaq üçün müraciət etməkdən çəkinməməlidir. Banklar müştərilərin vəziyyətini başa düşür və mümkün olan bütün güzəştlərə gedərək ödəniş intizamının pozulmamasına, habelə artıq ödəniş intizamı pozulmuş kreditlərin bərpasına çalışır.

Unutmayaq ki, güzəştə getməmək hər iki tərəf üçün əlavə xərclərini yaranmasına və iş yükünün lüzumsuz artmasına səbəb olur.

BAKU.WS

Son xəbərlər