Kirayə mənzillərlə bağlı VACİB AÇIQLAMA - Qiymətlər...
"Kirayə mənzillərlə bağlı bəzi cərimələr artırılıb. Belə ki, kirayə münasibətlərinə müqavilə bağlamadan daxil olmaq artıq inzibati məsuliyyət yaradır. Əvvəllər bu qaydanı pozanlara tətbiq olunan cərimə 30 manat idisə, hazırda bu məbləğ 300 manata qədər yüksəldilib".
Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, bu addımın əsas məqsədi kirayə bazarında münasibətlərin rəsmiləşdirilməsi və şəffaflığın artırılmasıdır.
"Eyni zamanda, bu qərar vergidən yayınma hallarının qarşısını almağa, daha çox şəxsin vergi sisteminə cəlb olunmasına xidmət edir. Bu isə ümumilikdə iqtisadiyyat üçün vacib hesab olunur və kirayə münasibətlərinin daha sivil, beynəlxalq standartlara uyğun qurulmasına şərait yaradır.
Bu dəyişikliklərin qiymətlərə təsiri məsələsinə gəldikdə isə, ehtimal olunur ki, kirayə bazarında münasibətlər tam hüquqi çərçivəyə salındıqca qiymətlərdə artım müşahidə oluna bilər. Çünki ev sahibləri ödədikləri vergiləri və əlavə xərcləri kirayə haqqına daxil etməyə çalışacaqlar. Oxşar hallar digər ölkələrdə də müşahidə olunur".
Vüqar Oruc hesab edir ki, hazırda kirayədən əldə olunan illik gəlirin mənzilin ümumi dəyərinə nisbəti göstərir ki, bir mənzil təxminən 20-21 il ərzində öz dəyərini geri qaytarır:
"Bu müddət bəzi digər ölkələrlə müqayisədə daha uzundur. Buna görə də kirayə qiymətlərində müəyyən artımın baş verməsi təbii sayılır.
Bununla belə, yalnız cərimələrin artırılması və inzibati tədbirlərin sərtləşdirilməsi ilə problemi tam həll etmək çətin ola bilər. Daha effektiv yanaşma kimi vergi yükünün azaldılması göstərilir. Hazırda kirayə gəlirlərinə tətbiq olunan vergi dərəcəsi 14 faizdən 10 faizə endirilib.
Təklif edirik ki, bu göstərici 5 faiz səviyyəsinə salınsın. Bu halda ev sahibləri vergini daha rahat ödəyər, kirayə münasibətlərini gizlətməyə ehtiyac qalmaz və bu da qiymətlərə ciddi təzyiq yaratmaz".
Orxan Hüseyn
Oxşar xəbərlər
Kombilərlə bağlı MƏHDUDİYYƏTİN SƏBƏBİ: Yeni qayda mənzil qiymətlərini artıracaq?
Nazirlər Kabinetinin müvafiq qərarı ilə çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına məhdud...