"Karantin yumşaldılandan sonra ikinci dalğanı görə bilərik" - XƏBƏRDARLIQ
Dünyanın və Avropanın bir çox ölkələrində karantin rejimi yumşaldıldı və nəticədə yoluxma sayı artdı. Bunu ikinci dalğa kimi qiymətləndirirlər.
BAKU.WS xəbər verir ki, bunu mili.az-a açıqlamasında Sumqayıt Pandemiya Xəstəxanasının koordinatoru, infeksionist Vüsalə Yaşar Avropa ölkələri daxil olmaqla, dünyanın bir çox ölkələrində COVİD-19 pandemiyasının yenidən alovlanması və ikinci dalğanın başlaması hadisəsini şərh edərkən deyib.
O bildirib ki, karantin yumşaldılandan sonra əgər qaydalara əməl olunmasa, eyni vəziyyəti biz də yaşaya bilərik:
"Bizdə isə hələ ki sərt karantin rejimi davam etdiyinə görə yoluxma sayı aşağı düşür. Amma yenə də ortada karantinin yumşaldılması məsələsi var. Karantin yumşaldılandan sonra əgər qaydalara əməl olunmasa, eyni vəziyyəti biz də yaşaya bilərik. Çünki bilirsiniz, yaydır, insanlar çimərliklərə axın etməyə başlayacaqlar, açıq havada daha çox olacaqlar.
Bizdə də eyni mənzərə müşahidə oluna bilər
Sağlamlıq baxımından açıq havada olmaq, çimərliyə getmək, təbii ki, bizə lazımdır. Amma əgər orada sıxlıq yaransa, məsafələri gözləməsək, adi əl gigiyenası qaydalarına əməl etməsək, bu zaman bizdə də eyni mənzərə müşahidə oluna bilər.
Yəni, bizdə də yoluxma sayı arta bilər. Bu baxımdan eyni taleyi yaşamamaq üçün daha diqqətli davranmaq lazımdır.
Çünki biz ümumiyyətlə bu virusla yaşamağa öyrəşəcəyik. Tək-tük hallarda da olsa zamanla yoluxmalar müşahidə olunacaq.
CDC-nin (Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi - Centers for Disease Control and Prevention) son məlumatında gördük ki, yenidən yoluxma, təkrar yoluxma məsələsi, bu ilk 3-6 aylıq dönəmdə müşahidə edilən neqativ olan xəstələrin yenidən "pozitiv"ləşməsi halları COVİD-19-a yenidən yoluxma kimi dəyərləndirilmədi. Bu, eyni xəstənin xəstəliyinin davam etməsi halı kimi dəyərləndirildi.
Biz yenə o biri ölkələrin taleyini yaşaya bilərik
CDC hələ ki 3-6 aylıq müddətdə yenidən yoluxma ehtimalı yoxdur kimi məlumat yayır. Bu isə bizdə ona ümid yaradır ki, qaydalara əməl etsək, yoluxma sayı az qala bilər, azala bilər və daha da azaldıqca biz koronavirusun öhdəsindən gəlmiş hesab oluna bilərik.
Amma yenə də bunlar fərdlərdən asılı olacaq. Onların nə dərəcədə gigiyena qaydalarına əməl etməsi, nə dərəcədə məsafə gözləməsi...
Təbii ki, karantin qaydaları yumşaldılandan sonra yenə də gedib restoranlarda sıx şəkildə otursalar, çimərliklərdən yaxın-yaxın faydalansalar, təbii ki, bu halda yenə yoluxma sayı arta bilər və biz yenə o biri ölkələrin taleyini yaşaya bilərik".
İnfeksionist-hepatoloq qeyd edib ki, virusların getdikcə aktivləşəcəyini nəzərə alsaq, yoluxmanın daha da artacağını gözləmək olar:
"Bizdə yoluxanların sayının azalması yumşaldılma ehtimalını artırır. Təbii ki, bunu gedişatda görəcəyik. Payızda virusların getdikcə aktivləşəcəyini nəzərə alsaq, yoluxmanın daha da artacağını görə bilərik.
Ona görə ki, fəsil dəyişkənliyi, havaların soyuması ilə insanlar birdən-birə başlayırlar açıq məkanlardan qapalı məkanlara keçməyə, sıx toplaşmağa. Eyni zamanda evdə otaqların havalandırılması azalır, çünki pəncərələri havalar soyuduqca daha çox bağlayırlar, eyni otaqda daha çox adam toplaşmağa başlayır, məsafə gözlənilmir və s.
Belə olduğu halda, təbii ki, yuxarı tənəffüs yollarının virus infeksiyalarına yoluxma ehtimalları yüksəlir, eyni şəkildə də COVİD-ə yoluxma ehtimalı arta bilər".
Oxşar xəbərlər
Dünya ölkələri bayramı erkən etməyə başladı, vəziyyət daha da pisləşdi
Ötən ilin dekabrında Çinin Uhan şəhərində ortaya çıxan və bütün dünyada bu günə qədər 8 milyondan çox insanın yoluxmasına səbəb olan koronavirus pandemiyası ilə...