Instagram-da anonim "Hekayə" baxışı ilə premium abunə istifadəyə verilə bilər

Instagram-da anonim Hekayə baxışı ilə premium abunə istifadəyə verilə bilər
Sosial 22

"Instagram" yeni ödənişli "Plus" abunəsini sınaqdan keçirir. Bu abunə "Hekayələr" bölməsinin imkanlarını genişləndirir və əlavə məxfilik, həmçinin analitika alətləri təqdim edir.

BAKU.WS xəbər verir ki, bu barədə "TechCrunch" portalı məlumat yayıb.

Məlumata görə, pilot layihə hazırda Meksika, Yaponiya və Filippin kimi bəzi ölkələrdə test edilir. Bu, istifadəçilərin paylaşdığı ekran görüntüləri və tətbiqdə müşahidə olunan dəyişikliklər əsasında müəyyən edilib. Abunənin qiyməti regiondan asılı olaraq aylıq təxminən 1-2 ABŞ dolları arasında dəyişir.

"Instagram Plus" çərçivəsində istifadəçilərə bir sıra əlavə funksiyalar təqdim olunur. Bunlara "Hekayələr"i anonim izləmək imkanı, təkrar baxışlarla bağlı məlumatlar, auditoriyanın daha geniş şəkildə seqmentləşdirilməsi (məsələn, "Yaxın dostlar"dan əlavə limitsiz siyahılar yaratmaq), həmçinin paylaşımların müddətini əlavə 24 saat uzatmaq daxildir.

Bundan başqa, abunə istifadəçilərə animasiyalı reaksiyalar göndərmək və "Hekayə"ni izləyənlərin siyahısında daha təkmilləşdirilmiş axtarış funksiyasından istifadə etmək imkanı da verəcək.

Yeniliyin qlobal miqyasda nə vaxt istifadəyə veriləcəyi hələ açıqlanmayıb.

Son xəbərlər