Əhaliyə kredit xəbərdarlığı: "Dollarla olan kreditlər ödənilməlidir"

Əhaliyə kredit xəbərdarlığı: Dollarla olan kreditlər ödənilməlidir
Sosial 3263

 

"Mikromaliyyə müştəriləri korlanarsa, gələcəkdə yüksək faizə pul verən sələmçilərə müraciət etməyə məcbur olacaqlar”.

Mərkəzi Bank tərəfindən 2015-ci ilin avqust ayında "Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik” təsdiq edilmişdir. Eyni zamanda, devalvasiyalardan sonra dolların bahalaşması nəticəsində kredit müştəriləri və kredit təşkilatları bir sıra çətinliklər ilə qarşılaşmışlar. "Marja" bu mövzularda ətraflı məlumat əldə etmək üçün, Azərbaycan Mikromaliyyə Assosiasiyasının Marketinq Komitəsinin eksperti Fuad Cəfərovdan müsahibə alıb.

Sual: Fuad bəy, Məsuliyyətli borclanma nədir?

Məsuliyyətli borclanma dedikdə müştərilərin maliyyə yüklülüyünün qarşısının alınmasını, məsuliyyətli və təhlükəsiz şəkildə kredit götürmə yolları, kreditlərinin rəsmiləşdirilməsi zamanı mövcud imkan və şəraitin nəzərə alınması, gəlirin və borcun idarə edilməsi, kredit müqaviləsinin başa düşülməsi, artıq borclanmanı yaradan səbəblər, narazılıqların həlli yolları, borcalanlarda məsuliyyətli borclanma vərdişlərinin aşılanması və digər əhəmiyyətli mövzular barədə məlumatlandırmağı nəzərdə tutur.

Sual: Böhran zamanı  müştərilərə məsuliyyətli borclanmanı necə təşviq etmək olar?

Beynəlxalq təcrübə göstərir ki, böhran  dövrünün ən böyük mənfi təsirləri mikro maliyyə sektorunda öz əksini tapır. Belə ki, məhz bu dövrdə borcalanların öhdəliklərinin yerinə yetirmələrində müəyyən çətinliklər yaranır. Odur ki, bu gün biz hər zamankından daha məsuliyyətli, şəffaf şəkildə borc verərək, müştəriləri beynəlxalq normalara uyğun olaraq artıq borclanmadan mühafizə etmək haqqında düşünməliyik. Lakin önəmli olan yalnız institusional məsuliyyət deyil: müştəri mühafizəsinin təmin olunmasında digər vacib məsələ isə məsuliyyətli borclanmadır, yəni, müştərinin borcu lazımi şəkildə necə istifadə etməyi bilməsidir.

Bank və qeyri-bank kredit təşkilatları müştərilərin düzgün borclanma anlayışını qavraması üçün onlarla sıx əlaqədə olaraq vacib mesajları onların diqqətinə çatdırmalıdır. Həmçinin, maliyyə institutları müştərilərin maliyyə yüklülüyünün qarşısının alınmasına məsuliyyətlə yanaşmalıdır. Belə ki, müştərilərə təhlükəsiz şəkildə kredit götürmənin yolları, gəlirin və borcun idarə edilməsi, kredit müqaviləsinin başa düşülməsi, artıq borclanmanı yaradan səbəblər, narazılıqların həlli yolları və digər əhəmiyyətli mövzular barədə məlumatlandırılmalıdırlar.

Həmçinin, Mərkəzi Bank, yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası və digər aidiyyəti assosiasiyalar birlikdə işləyərək insanların maliyyə savadlılığının yüksəlməsinə dəstəklərini artırmalıdırlar.

Sual: Problemli kreditlərin müştərilərin gələcək kredit imkanlarına hansı təsirləri olacaqdır?

Müştərilərin bilməli olduğu vacib məqamlardan biri Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) saxlanılan kredit tarixçələrinin dəyişməz olaraq qalmasıdır. İnsanlar kredit əldə etmək üçün banklara və BOKT-lara müraciət edirlər. Müştərinin müraciətini dəyərləndirmək üçün banklar ilk növbədə müştərinin kredit tarixçəsinə baxaraq ona kredit verilməsini və yaxud imtina olunmasını müəyyən edirlər. Beləliklə, müştərinin kredit tarixcəsi korlanırsa, maliyyə təşkilatları onlara kredit verməkdən imtina edə bilərlər. Nəticədə mikromaliyyə müştəriləri sələmçilər və lombardlara müraciət etməyə məcbur olurlar ki, onlar da daha yüksək faiz dərəcələri ilə borca pul verirlər.

Həmçinin, bir çox banklar və BOKT-lar "kredit reytinq sistemindən” istifadə etməyə başlayıblar. Bu o deməkdir ki, ödəniş tarixçəsi pis olan müştəri daha pis reytinq əldə edir və həmin müştəriyə  daha ağır şərtlərlə kredit verirlər (krediti daha yüksək faizlə kredit təklif edəcəklər, daha çox təminat tələb edəcəklər və yaxud da kredit verməkdən imtina edəcəklər). Bütün bu və ya digər faktlar gələcək kredit imkanlarına ciddi təsir edir. Belə ki, müştəri borcunu vaxtında qaytararsa, gələcəkdə daha əlverişli şərtlərlə kredit götürə biləcək.

Kreditin gecikdirilməsinə görə tərəflər arasında bağlanan müqavilə üzrə cərimə faizləri tətbiq olunur ki, bu da verilmiş borca görə faiz öhdəliyinin həcmini hər gün artırır. Belə ki, müqavilə ilə nəzərdə tutulmuş aylıq ödəniş edilmədikdə, borclunun bank və ya BOKT qarşısında faiz borcu artır. Nəticədə mikro maliyyə müştərilərinin gəlirləri azalır həmçinin yüksək məbləğdə maliyyələşmə imkanları məhdudlaşır.

Sual: Böhran Bankları və BOKT-ları hansı proseslərə uyğunlaşdırır və bunun müştərilərə hansı təsirləri olacaqdı?

Bildiyiniz kimi, keçən il baş vermiş manatın devalvasiyasından sonra maliyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verdi. Reallıqda bu proses bir daha BOKT-lar və bankların maliyyə və daxili biznes proseslərinin dayanıqlığını yoxladı və yeni vəziyyətə uyğunlaşmağa məcbur etdi. Devalvasiyadan sonra banklar və BOKT-lar daha diqqətlə yoxlanılmış biznes prosedurları tətbiq etməklə riskləri minimuma endirməyə çalışır və bu vəziyyət 2016-cı ildə də davam edəcəkdir.

Devalvasiyanın əhaliyə təsirini yumşaltmaq məqsədilə Mərkəzi Bank tərəfindən kredit təşkilatlarına  biznes kreditlərini maksimum 25% FİFD və istehlak kreditlərini maksimum 29% FİFD ilə verilməsini tövsiyyə etmişdir. Beləliklə, böhran dövründə müştərilər daha ucuz maliyyə resurslarına çıxış əldə edəcəklər. Həmçinin maliyyə inistutları isə yeni texnologiyaların tətbiqi vasitəsi ilə xərclərin optimallaşdırılması yolu ilə gəlirlərinin artırılması yollarını müəyyən edəcəklər.

Həmçinin, Mərkəzi Bank tərəfindən 2015-ci ilin avqust ayında təsdiq edilən "Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik” kredit təşkilatlarını daha məsuliyyətli və effektiv işləməyə təşviq edir. Metodoloji Rəhbərlik bank xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və onun effektiv mexanizmin hazırlanması, maliyyə savadlılığının artırılması, məsuliyyətli kreditləşmə üzrə davranış standartlarının tətbiqinin təmin edilməsini tələb edir. Əvvəldə qeyd etdiyimiz kimi təkcə kreditləşmənin minimum tələblərini deyil, həmçinin müştərini mühafizə edir və hüquqlarını qoruyur. Misal üçün, əgər kredit verilməsinə imtina edilərsə, imtinanın əsaslandırılmasını tələb edir. Bu təqdirdə imtina olunmuş müştəriyə yazılı və ya elektron formada açıqlama verilə bilər ki, buda gələcəkdə müştərinin kredit əldə etmək imkanlarının genişləndirilməsi üçün hansı müsbət addımların atılmasına istiqamətləndirəcəkdi.

Sual: Sonda problemli kreditlərlə bağlı mikro maliyyə müştərilərinə nə tövsiyə edirsiniz?

Əgər şəxs müqaviləyə imza edərək krediti götürübsə, razılaşdığı kimi də müqaviləyə əməl etməli, krediti qaytarmalıdır. Hər hansı bir bəhanə, əsaslandırılmamış ödəmə imkanının olmaması kreditin qaytarılmasından imtinaya haqq qazandıra bilməz. Başa düşüləndir ki, müştərinin iqtisadi vəziyyəti obyektiv və subyektiv səbəblərdən ağırlaşa bilər, lakin bu halda dərhal təşkilata, banka xəbər verməsi lazımdır. Çünki bu halda maliyyə inistutları müştərinin danışıqlara getmək niyyətini daha açıq qəbul edir, dəstək olmağa çalışacaqdır. Lakın, vəziyyətin çətinləşdiyi halda təşkilatdan, bankdan qaçmaq müştəriyə olan etimadın azalmasına da səbəb olur və sonda hüquqi vasitələrdən istifadə qaçılmaz olur. İstənilən halda qanunla qaytarılmalı olan borcu müştəri ödəməlidir.

Həmçinin, müştərilər qərarlarını  qısa zaman üçün deyil, gələcək perspektivi düşünərək kredit tarixçələrini korlamamalı, onlara olan etibarı itirməyərək məsuliyyətli borcalan kimi davranmalıdırlar.

Hazırda Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən bir çox bank və BOKT-larla əməkdaşlıq çərçivəsində regionlarda müştərilərə ödənişsiz maliyyə savadlılığı üzrə təlim və seminarlar həyata keçirilir və əhalini bu imkanlardan istifadə etməyə dəvət edirik. Maliyyə savadlılığı üzrə təlim proqramında  ailə büdcəsi və onun xüsusiyyətləri, maliyyə məqsədlərinə nail olmanın yolları, maliyyə təhlili, yığım etmək və borc götürmək texnologiyaları və digər məsələlərə xüsusi diqqət yetirilir. 

BAKU.WS

Son xəbərlər