"Global Media Group"un informasiya resurslarına hücum edənlərin bəziləri ölkədəki hotellərdə olublar

"Global Media Group"a daxil olan informasiya resurslarına haker hücumunun ilkin təhlilləri göstərir ki, daxili infrastrukturu zərərverici proqram təminatları ilə yoluxdurulub, mərkəzi idarəetmə sistemi tam olaraq ələ keçirilib".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya tərəfindən "Azərbaycanın media resurslarına 20 fevral hücumları: Kibermüdaxilədən dezinformasiyaya" mövzusunda təşkil olunan müzakirələrdə komissiyanın sədri Ramid Namazov deyib.
O bildirib ki, hücum nəticəsində sistem inzibatçısına məxsus kompüter ələ keçirilib, bütün internet resurslarının ehtiyat nüsxələrinin saxlanıldığı serverə giriş edilib:
"Bundan sonra isə hücumu həyata keçirənlər digər media resurslarına müdaxilə ediblər. Nəticədə veb-server məlumatları və ehtiyat nüsxələr silinib, media resursları məhv edilib, infrastruktura giriş məhdudlaşdırılıb. Təbii ki, hücuma məruz qalan media resurslarının kibertəhlükəsizliyinin təmin edilməsi məqsədilə aidiyyəti qurumlar tərəfindən dərhal müvafiq addımlar atılıb".
"Maraqlıdır ki, sonrakı müddət ərzində də, yəni aidiyyəti dəstək veriləndən sonra da bərpa edilən internet informasiya ehtiyatlarına kiberhücum cəhdlərinin davam etdiyi müşahidə edilib, lakin qarşısı alınıb. Hücum zamanı istifadə edilən IP (internet protokol) ünvanları və domenlər, o cümlədən qrupun bütün əlaqələri müəyyən edilib. Qeyd edilməlidir ki, hücumlara ölkədaxili IP-lərdən də dəstək verildiyi, kiberhücumda iştirak edən bəzi şəxslərin ölkəmizin ərazisində olduqları, hətta hansı hoteldə olduqları müəyyən edilib. Söhbət əcnəbilərdən gedir. Bu isə məsələnin sıravi bir kiberhücum halı olmadığının göstəricisidir", - deyə komissiyanın sədri əlavə edib.

Oxşar xəbərlər
Zəlzələdə çökmə riski olan binalar - Ekspert əhaliyə xəbərdarlıq etdi
"Paytaxtda tikilən yeni binaların əksəriyyəti zəlzələyə davamlıdır". Bu fikri əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Baku TV-nin "Aktual Gündəm" verilişi...