FHN-ə işə düzəltmək və "Bitcoin"ə pul yatırmaq adı ilə dələduzluq etdi

FHN-ə işə düzəltmək və Bitcoinə pul yatırmaq adı ilə dələduzluq etdi
Sosial 69

Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Babək İsrafilovun (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Sumqayıt Şəhər Məhkəməsinin 4 sentyabr 2025-ci il tarixli hökmü cəza təyini hissədə dəyişdirilib, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq) və 178.2.4-cü maddəsi ilə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası 2 il 3 ay müddətinə endirilib.

İttihama görə, Babək İsrafilov tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə bir sıra dələduzluq əməlini törədib.

Belə ki, 2021-ci ilin yanvar ayında zərərçəkmiş V.V.-nin özünü dövlət orqanlarında çalışan yüksəkvəzifəli şəxslərlə əlaqəsi olan şəxs kimi təqdim edərək, onun qardaşını Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Yanğından Mühafizə idarəsinə işə düzəlməsinə vasitə edəcəyinə dair yalan vəd verib. Təqsirləndirilən şəxs işə düzəlmək üçün komissiyadan keçmək və sənədlərin təsdiqlənməsi adı ilə 7 000 manat, fevral ayının əvvəllərində müəyyən vəzifəli şəxslərdən müsbət rəy almaq adı ilə 5 500 manat, ayın sonunda isə işə təyinat barədə əmrin alınması adı ilə 4 500 manat aldatma yolu ilə alıb. Nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 17 000 manat məbləğində maddi ziyan vurulub.

Babək İsrafilov eyni niyyətlə 2023-cü ilin mart ayında zərərçəkmiş N.N.-i elektron birjaya "Bitcoin" vasitəsilə yatırılan investisiya ilə böyük gəlir əldə ediləcəyi barədə inandıraraq 6 000 manat pulunu aldatma yolu ilə ələ keçirib.

Daha sonra, 2024-cü ilin mart ayında zərərçəkmiş şəxsə bacısı oğlunun borcunu əvəz etmək məqsədilə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 10 hektar torpaq sahəsi verildiyini iddia edib. O, torpaq sahəsinin sənədləşdirilməsi üçün 4 000 manat tələb edib. Təqsirləndirilən şəxs pul qarşılığında 10 000 manat və kriptovalyuta üzrə dividentlərin qaytarılacağı barədə yalan vəd verərək həmin məbləği Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən mərkəzi poçtun qarşısında aldatma yolu ilə ələ keçirib.

Bütün bu əməl nəticəsində zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan dəyib və təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunub.

Son xəbərlər