“EY İlin İş Adamı” müsabiqəsinin mükafatçısı Zaur Darabzadə: “Fürsətlər öz-özünə yaranmır, onları yaradan bizik” - FOTO

“EY İlin İş Adamı” müsabiqəsinin mükafatçısı Zaur Darabzadə: “Fürsətlər öz-özünə yaranmır, onları yaradan bizik” - FOTO
Foto
Sosial 164

“EY Azərbaycan” şirkətinin ölkəmizdə təşkil etdiyi "EY İlin İş Adamı" müsabiqəsinin məqsədi əzm və dayanıqlılıq nümayiş etdirən sahibkarları qiymətləndirməkdir. Bu sahibkarlar yaşadıqları və fəaliyyət göstərdikləri cəmiyyət üçün dəyər yaradan, olduqca maraqlı uğur hekayəsi olan insanlardır. Müsahibimiz 2023-cü ildə keçirilən "EY İlin İş Adamı" müsabiqəsinin "Sosial təsir" nominasiyası üzrə mükafatçısı "CinemaPlus" kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Dərabzadə öz uğurlu biznes hekayəsini bölüşür.

- Zaur bəy, sosial təsir əslində nə deməkdir? Siz sosial təsirin bizneslə əlaqəsini necə görürsünüz?

- Düşünürəm ki, Azərbaycanda ən böyük əyləncə mərkəzi olan “CinemaPlus” kinoteatrlar şəbəkəsi milyonlarla insana keyfiyyətli məhsul və məzmunla göstərdiyi sosial təsirə görə bu nominasiyaya layiq görüldü. Sovet dönəmində Azərbaycanın regionlarında kinoteatrlar var idi. Təkcə Gəncə şəhərində 8 kinoteatr fəaliyyət göstərirdi. “CinemaPlus” ilk dəfə Azərbaycanın digər şəhərlərində kino mədəniyyətinin inkişafına öz dəstəyini nümayiş etdirdi və Gəncə şəhərində 30 illik fasilədən sonra ilk müasir “CinemaPlus Xəmsə Mall” kinoteatrını istifadəyə verdi. Bu kinoteatrda da bütün dünyada fəaliyyət göstərən kinoteatrlarla eyni vaxtda premyeraları nümayiş etdirmək imkanı var. İnsanlar gedəcək istiqamətləri əsasən metro və kinoteatrlara uyğun təyin edirlər. Bu baxımdan kino məhsulu bir növ sosial təsir növü sayıla bilər. Çünki kino təkcə film nümayişi deyil, həm də mədəniyyət, maarif və xüsusi sosial təsir mənbəyidir.

- Zaur bəy, əslində bu, kinodur, yəni əyləncədir və eyni zamanda sizin üçün biznesdir. Burada hansı sosial təsirdən söhbət gedə bilər?

- Əminəm ki, bu sual təkcə sizi deyil, oxucuları da maraqlandırır. Sizə bir misal çəkim. Hər bir insan kinoteatrda il ərzində orta hesabla 10 film izləyir. Bu filmlərin insanların həyatına sosial təsiri çox böyükdür. Siz izlədiyiniz son 5 filmi xatırlayıb bu təhlili özünüz də apara bilərsiniz. Kinoteatrlar şəbəkəsi olaraq, bizim üzərimizə böyük məsuliyyət düşür. Tamaşaçılarımızın 98 %-i Azərbaycan vətəndaşı olduğundan ölkəmizin mənafeyini qoruyan, mədəniyyətimizi düzgün təbliğ edən filmlərin nümayişini dəstəkləyirik və məzmunun doğru şəkildə çatdırılmasına çalışırıq.

- Deməli, repertuarın yaradılmasında daha çox sizin düşüncə prosesiniz rol oynayır?

- Mütləq şəkildə belədir. Bizim repertuar üzrə departamentimiz 60 zalda nümayiş olunan filmləri zamana və tamaşaçı tələbatına uyğunlaşdırır və seansları buna görə təyin edir. Filmlərini aldığımız dünyanın 6 nəhəng şirkəti üçün Azərbaycan film bazarı çox kiçik nöqtədir. Biz həm bu şirkətlərin şıltaqlıqlarını, həm də Azərbaycan tamaşaçısının istəyini nəzərə alıb ortaq məxrəcə gəlirik.

- Zaur bəy, mən filmi veb-saytlardan da yükləyib rahat şəkildə evdə izləyə bilərəm. Filmi kinoteatrda izləmək isə ayrı bir təcrübədir. Bəs "CinemaPlus" kinoteatrlar şəbəkəsinin xüsusiliyi nədədir?

- Pandemiya dövründə bu, biznes ətrafında ən çox müzakirə olunan mövzulardan biri idi. Çünki həmin dövrdə "CinemaPlus"olaraq, fəaliyyətimiz 20 ay müddətində dondurulmuşdu. Təkcə Azərbaycanda deyil, bütün dünyada pandemiyadan əziyyət çəkən sahələrdən biri də kino sahəsi idi. Tamaşaçılar kinoteatrlara getmək istəyirdilər, tələbat çox idi, amma evdən çıxa bilmirdilər. Bizdə artıq böyük risklər və tərəddüdlər yaranmışdı ki, biznesimizin sonu necə olacaq? Digər tərəfdən də “Netflix”in aktivləri gündən-günə qalxırdı. Amma təcrübə onu göstərdi ki, insanlar “Netflix”də film izləyərkən evdə belə, əlavə kinoteatr rahatlığını istəyirlər. Təbiidir ki, kinoteatrda olan böyük ekranı və keyfiyyətli səsi evdə əvəz edə bilmərik. Həm də burada əsas məsələ məzmundur. Kinoteatrda aldığımız məzmunu evdə çatdırmaq mümkün deyil. Pandemiyadan sonra ilk kinoteatrımızın açılışı “Dəniz Mall” ticarət mərkəzində oldu deyə, sadaladığım bütün amilləri nəzərə alaraq, burada “Standart” və “VİP” zallardan əlavə, ev ab-havasında “Diamond” zalını da yaratdıq. Bununla nəyə nail olduq? Biz həm “VİP”, həm də “Diamond” zallarında oturacaqları evdəki divana bənzədərək örtüyünü parçadan sifariş etdik və tamaşaçılar artıq oturaraq deyil, evdə olduğu kimi, uzanılı vəziyyətdə film izləmək imkanı əldə etdilər. Beləliklə, ev və kinoteatr rahatlığını bir araya gətirdik.

- Təbiidir ki, həm “VİP”, həm də "Diamond" zallarında film izləmək üçün biletlərin qiyməti daha yüksəkdir. Hər bir istehlakçı xərclədiyi pula maksimum keyfiyyətdə məhsul əldə etmək istəyər. Bəs siz "Diamond" zallarını yaratmaqla tamaşaçılar üçün hansı dəyəri yaratmış oldunuz?

- Biz istehlakçıların maraqlarını nəzərə alaraq bu zalları yaratdıq. “Diamond” zalında film izləyən hər kəs kinoteatrın yerləşdiyi ticarət mərkəzində olan və onlayn çatdırılma xidməti göstərən istənilən restorandan istənilən məhsulu sifariş edə və zalda film izləyərək yeyə bilər. Həmçinin burada yalnız sizin istifadə edəcəyiniz şəxsi sanitar qovşağı olur. Tamaşaçıya telefonla danışması üçün xüsusi komfort zona təklif edilir. Telefonunuzun enerjisini artırmaq və vayfaydan istifadə imkanınız olur. Adətən, kinoteatr zallarında arakəsmələrin eninə görə mobil bağlantı kəsildiyindən film izləməyə gələn iş adamları vayfaya çıxış imkanı istəyirlər. Biz bunu da nəzərə almışıq və bu xidməti qurmuşuq. Hər həftənin 2-ci günləri biletlərin qiymətini yarıya endirmişik ki, istənilən büdcəyə malik insan da gəlib mövcud imkanlardan faydalana bilsin.

Bundan əlavə, müşahidələrimiz göstərdi ki, azərbaycanlıların xüsusi yerlərə marağı böyükdür. Ona görə düşündük ki, zallarda xüsusi otaqlar təşkil edək və beləliklə, “Skybox”lar yaratdıq. Bu otaqların xüsusiliyi nədədir? “Skybox”lar “Diamond”a bənzəyir. Amma burada oturacaqların örtüyü parçadan deyil, dəridəndir. Oturacaqları İtaliya və İspaniyanın ən qabaqcıl brendlərindən sifariş edirik. Burada vacib bir məqamı da qeyd edim. Biz zallarımızdakı oturacaqları alarkən onların yanğına nə qədər davamlı olduğunu xüsusilə yoxlayırıq. Yəni bizim üçün tamaşaçılarımızın təhlükəsizliyi vacib faktorlardan biridir. Adi zallarda orta hesabla 70-80 nəfər insan film izləyirsə, “Skybox” məkanında cəmi 6 nəfər olur. Daha yuxarı mərtəbədə yerləşirsiniz və sizi heç kim görmür. Hər “Skybox”da öz liftiniz olur və “Diamond”dakı bütün xüsusi xidmətlər burada da var.

- Zaur bəy, siz bazara müxtəlif istehlakçı maraqlarına uyğun müxtəlif məhsullar təklif etməyə çalışırsınız. Bəs ölkəmizə gələn turist məhz "CinemaPlus"a getməsi haqqında haradan məlumat ala bilər?

- “CinemaPlus”un kinoteatrları bütün aparıcı ticarət mərkəzlərində, şəhərin müxtəlif nöqtələrində mövcuddur. Biz film elanlarımızı məhz turistlərin də görə biləcəyi saytlarda və portallarda veririk. Bizim hətta belə bir təcrübəmiz olmuşdu ki, məhsul maraqlı olduğundan filmi bizim kinoteatrda izləmək üçün bir neçə ailə Rusiyadan Azərbaycana gəlmişdi. Yəni Qərb istehsalı olan filmləri illərdir gözləyən Rusiya vətəndaşları həmin filmləri izləmək üçün qonşu ölkələrə, o cümlədən Azərbaycana hətta iki günlük kinotur da edirlər.

- Zaur bəy, bəs turist və ya Bakıda yaşayan əcnəbi nəyə görə "CinemaPlus"a gəlməlidir?

- Mən bu sualı belə də səsləndirərdim ki, ümumiyyətlə, niyə kinoya getməlidir? Təxminən bir neçə il bundan əvvəl bir beynəlxalq kino sərgisində tanınmış fransız kinorejissoru Lük Besson ilə tanış oldum. Müxtəlif mövzularda müzakirələr apardıq. O, mənə sual verdi ki, sizin rəqibiniz kimdir? Mən cavab verdim ki, Azərbaycanda bizdən başqa, bir kinoteatr şəbəkəsi və bir dövlət kinoteatrı var. Sayımız çox olduğundan və əlverişli nöqtələrdə yerləşdiyimizdən biz daha çox sayda tamaşaçı auditoriyasını əldə edirik və insanların bizə bəslədikləri rəğbətə görə biz bir addım öndəyik. Dedi ki, mən kino sahəsində deyil, ümumiyyətlə, mədəniyyət sahəsindəki rəqibinizi nəzərdə tuturam. Dedim ki, təəssüf ki, Azərbaycanda bu səviyyədə rəqabət yoxdur.

Bu gün biz Azərbaycanda ən böyük əyləncə mərkəziyik. Yaratdığımız imkanlara görə filmi kinoteatrda izləmək istəyən əcnəbi vətəndaş və ya turist “CinemaPlus”a gələcək. Bir maraqlı faktı da deyim. “Qarabağ” futbol komandasının Avropa Liqasında oyunları zamanı müşahidə edirdik ki, “CinemaPlus”un satışı 80 % aşağı düşmüşdü. Biz nə etdik? Həmin oyunları kinoteatrlara gətirdik. Beləliklə, stadiona gedə bilməyən və ya futbola bilet tapmayan azarkeşlərə oyunları kinoteatrdan izləmək şansı yaratdıq.

- Kinoteatr sahəsində güclü rəqabətin olmaması intellektual tənbəlliyə səbəb olmur ki?

- Tam səmimiyyətimlə deyim ki, mən rəqabətin tərəfdarıyam. Rəqib bir addım öndə olanda bu, məni nə qədər məyus edirsə, həm də sevindirir. Çünki mənim komandam rəqibdən iki addım öndə olmaq üçün mübarizə aparmağa başlayır. “CinemaPlus” artıq nəinki məzmunla, həm də tamaşaçılar üçün rahatlıq yaratmaqla rəqabət aparır.

- Sizcə, hansısa dəbdə olan xarici film Azərbaycan dilinə keyfiyyətli şəkildə dublyaj olunaraq nümayiş etdirilərsə, Bakıda ümumi hədəf kütləsi bu filmləri izləməyə gələrmi?

- Düşünürəm ki, bunun üçün bir az zaman lazımdır. Yerli dublyajla səsləndirilmə bizi də narahat edən mövzulardandır. Oxuculara daha aydın olsun deyə, sadə dildə izah edim. Kinoteatr film istehsalçısı deyil. Biz filmləri xarici şirkətlərdən alaraq yalnız nümayiş etdiririk. Bu filmləri dublyaj edən studiyalar yaradılmalıdır. Həmin studiyalar da xüsusi sertifikatlara malik olmalıdır ki, filmlərini aldığımız nəhəng şirkətlər etibar edərək məzmunlarını dublyaj üçün o studiyalara göndərsinlər. Nəhəng film istehsalçı şirkətləri öz məzmun təhlükəsizliyini riskə atmamaq üçün xüsusi kiber təhlükəsizlik avadanlıqları olmayan studiyalarla əməkdaşlıq etmirlər.

Digər məsələ isə TV kanallarımız tərəfindən filmlərin qeyri-peşəkar dublyajıdır. Bu da müəllif hüquqlarının pozulması deməkdir. Bu kimi hallarla qarşılaşan xarici şirkətlər yerli şirkətlərlə əməkdaşlıqdan müəyyən mənada çəkinirlər.

- Zaur bəy, Rusiyada və Fransada çox gözəl dublyaj ənənəsi var. Amma bəzi ölkələrdə, ümumiyyətlə, filmlər dublyaj edilmir, alt yazılarla verilir...

- “CinemaPlus” kinoteatrlarında da xarici dillərdə olan və Azərbaycan dilinə dublyaj olunmayan bütün filmlər alt yazılarla verilir. Belə bir maraqlı faktı da deyim ki, Gəncədə alt yazılarla ingilis dilində film izləyən tamaşaçıların sayı heç də az deyil. Bu, bizi sevindirir. Çalışırıq ki, filmləri daha çox ingilis dilində, əlbəttə ki, alt yazılarla təqdim edək. Bizim xüsusiliyimiz bir də ondadır ki, istəmirik ki, Azərbaycan tamaşaçısı dünyada 2-ci və ya 3-cü dərəcəli tamaşaçı kateqoriyasına düşsün. Məsələn, postsovet ölkələrinin əksəriyyətində, Afrikanın aztəminatlı ölkələrində və Asiyanın bəzi ölkələrində, məsələn, mart ayında premyerası olan xarici film may ayında nümayiş etdirilir. Biz isə dünyada fəaliyyət göstərən kinoteatrlarla eyni vaxtda premyeraları nümayiş etdirməyə çalışırıq.

- Bəs buna necə nail olmusunuz?

- Biz kinoteatrlarda filmlərin müəllif hüquqlarının qorunmasına çalışmışıq. Bütün zallarda kameralar yerləşdirmişik, satışın şəffaflığına nail olmuşuq. Bizim kinoteatrlar şəbəkəsində güclü təhlükəsizlik sistemi olduğu üçün məzmunun oğurlanması mümkün deyil. Piratçılıqla mübarizə aparmaq üçün xüsusi departament yaratmışıq. Zallarımızda nəzarət kameraları quraşdırılıb, eləcə də hər 15-20 dəqiqədən bir nəzarətçilər zallara baxış keçirirlər. Məsələn, zalda filmi telefonlar çəkmək qadağandır. Əməkdaşlıq etdiyimiz istənilən studiya istənilən filmin seansının satışını görür, satışa uyğun olaraq, tamaşaçı sayını da izləyir, bununla da məzmunun təhlükəsizliyini təmin etmiş oluruq. Məzmun təhlükəsizliyinin qorunması bizim üçün çox həssas mövzudur.

- Beynəlxalq partnyorlarınız sizin bu yanaşmanıza görə Azərbaycan kino bazarına hörmət bəsləyirmi?

- Bu, birmənalı olaraq belədir. Nəhəng beynəlxalq studiyalar məhz bizim peşəkar yanaşmamıza görə filmləri elə ilk həftəsində bizə təqdim edirlər. Əks halda yeni filmlər Azərbaycana ən tezi 4-cü həftədə gələcəkdi. Burada digər məsələ ondan ibarətdir ki, baxmayaraq ki, bizim film bazarı çox kiçikdir, sırf yanaşmamıza görə bizimlə əməkdaşlığa razılıq verirlər. Düzdür, indiyə qədər bizim kinoteatrlarda nümayiş olunan filmlərin hamısı dünya premyerası ilə eyni gündə yayımlanıb. Lakin bəzən filmi alana kimi müəyyən çətinliklərlə üzləşirik. Filmi aldığımız şirkətlər isə buna səbəb olaraq ölkəmizdə müəllif hüquqlarının hələ də kifayət qədər qorunmadığını gətirirlər. Buna görə beynəlxalq şirkətlərin Azərbaycanın kino sənayesinə etibarı zəifləyir.

Azərbaycanda pirat fəaliyyəti ilə məşğul olan kifayət qədər sayt var. Kinoteatrlarda yayımlanan hər hansı filmi bir həftə sonra bu cür saytlarda görə bilirik. Biz müəllif hüquqlarını pozan məzmunlara qarşı ciddi mübarizə aparırıq. Bu cür hallar kinoteatrın fəaliyyətinə olduqca neqativ təsir göstərir. Yerli və xarici filmlərin internet resurslarına düşməməsinə çalışırıq.

Bir haşiyə çıxım. Dünyada olan qlobal iqtisadi böhrana baxmayaraq, biz devalvasiyadan sonra bilet qiymətlərini qaldırmadıq. Çox çətinliklər yarandı. Çünki aldığımız məhsullar xarici məhsul olduğu üçün biz onların qiymətini avtomatik qaldırmalı idik. Qiymət siyasətinin tənzimlənməsi ilə bağlı bu gün də studiyalarla danışıqlar aparırıq. Məsələn, onlar hesab edir ki, bizdə xarici filmlərin məbləği təxminən 16-18 manat arasında olmalı, bir tamaşaçıdan orta hesabla 5 dollar qazanmalıdırlar. Biz isə istehlakçıların büdcəsini düşünərək bileti ümumilikdə 7-9 manata satırıq. Nəticə etibarilə uzunmüddətli danışıqlar aparırıq ki, nə qiymət artımı baş versin, nə də xarici filmlərin nümayişləri məhdudlaşdırılsın. İndiyə kimi xarici filmlərə olan biletlərin qiymətlərində artımın olmaması da bizim yanaşmamız nəticəsində baş verib.

- Zaur bəy, aztəminatlı ailələr üçün qiymətləriniz müəyyən mənada münasibdir. Siz Qərb istehsalı olan və dünyaca məşhur filmləri Azərbaycan istehlakçısına təqdim etməklə cəmiyyətimiz üçün dəyər yaradırsınız. Bəs “CinemaPlus” elə bir xüsusi xidmət təklif edirmi ki, məsələn, fiziki məhdudiyyəti olan insanlar həmin məhsullardan yararlana bilsinlər?

- Çox maraqlı sualdır. Xarici ölkələrdə olanda ictimai yerlərdə fiziki məhdudiyyətli insanları görürdüm və düşünürdüm ki, nə yaxşı ki, Azərbaycanda bu qədər fiziki məhdudiyyəti olan insan yoxdur. Daha yaxından müşahidələrim isə onu göstərdi ki, Azərbaycanda belə insanların sayı heç də az deyil. Sadəcə ölkəmizin bir sıra ictimai yerlərində onlar üçün düşünülmüş xüsusi şərait olmadığından o insanlar evdən bayıra çıxmırlar. 2015-ci ildən sonra tikilən demək olar ki, bütün kinoteatrlarımızda biz fiziki məhdudiyyətli insanları nəzərə aldıq. Kinoteatrlara girişlərdə olan pilləkənləri düz dəhlizlə əvəz etdik, rahat gediş-gəliş üçün panduslar quraşdırdıq, zallarda xüsusi yerlər ayırdıq. Bütün zallarda həmin insanlar üçün sanitar qovşaqları mövcuddur. Həmçinin kinoteatrların növbətçi administratorları hər zaman köməklik göstərməyə hazırdırlar.

Bu yenilikdən sonra müşahidə etdik ki, kinoteatrlarımıza artıq fiziki məhdudiyyəti olan insanlar da gəlməyə başladılar. Biz həm də müəyyən icmalarla çalışırıq. Onlar da qrup şəklində gəlib film izləyirlər. Son illər qazilər üçün xüsusi nümayişlər təşkil edirik. Bütün bu tədbirlərin görülməsi bizim üçün çox həssas və vacib məsələdir.

- Zaur bəy, siz sahibkar olaraq, öz biznes fəlsəfənizi və yanaşmanızı bir neçə kəlmə ilə necə ifadə edə bilərsiniz?

- Biznes haqqında sitatlar çoxdur və artıq klişeyə çevrilib. Oxuduğum kitablardan, izlədiyim motivasiya filmlərindən və ilham aldığım insanların fikirlərindən belə nəticəyə gəlirəm ki, bu sitatları insanlar özləri öz təcrübələrinə əsasən yaratmalıdırlar. Fürsətlər öz-özünə yaranmır, bu fürsətləri yaradan bizik.Yaranmış fürsətləri biz sadəcə düzgün qiymətləndirməliyik. Dəfələrlə hansısa məşhurun sitatları bizə ilham verib. Amma düşünürəm ki, bu xüsusi, ilham gətirən sitat bizim daxilimizdə yaranmalı və gördüyümüz işin nəticəsi ona imza atmış olmalıdır.

“EY İlin İş Adamı” müsabiqəsi haqqında

“EY” şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu işgüzar mükafatlarından biri olan “EY İlin İş Adamı” proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını da ilhamlandırmaqdır. Öz sahəsində ilk qlobal mükafat proqramı olaraq, “EY İlin İş Adamı” 60-dan çox ölkənin 145-dən çox şəhərini əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, inkişaf edən və dinamik biznes quran sahibkarları üzə çıxarır.

Son xəbərlər