Zaur Darabzadə: "Bu gün “CinemaPlus” Azərbaycanın ən böyük əyləncə mərkəzidir" - MÜSAHİBƏ

Zaur Darabzadə: Bu gün “CinemaPlus” Azərbaycanın ən böyük əyləncə mərkəzidir - MÜSAHİBƏ
Şou-biznes 1570
“Report” “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadənin müsahibəsini təqdim edir.- Keçmiş “28 Cinema” kinoteatrının, bugünkü “CinemaPlus” kinoteatrının 5 yaşı tamam oldu. Bu əslində artıq formalaşmış şirkət üçün uğur sayıla bilər. Demək siz 5 ildir düzgün istiqamətdəsiniz. Zəhmət olmasa, kinoteatr haqqında məlumat verərdiniz.- Tam düzgün qeyd etdiniz ki, əgər hər hansı şirkət bazar iqtisadiyyatı və azad bazar rəqabəti dövründə 5 və daha çox il fəaliyyət göstərib, inkişaf edirsə, demək o düzgün istiqamətdədir. Keçmiş “28 Cinema” 5 il əvvəl açılmağı ilə artıq çox düzgün addım atmışdı. Çünki ölkəmiz sürətlə inkişaf edir, cəmiyyətimiz sürətlə dünyaya inteqrasiya edə bilir, gənclərin sayı artır, sosial mədəni həyat inkişaf etməkdədir. Bu isə artıq yeni teatr, kinoteatr və digər mədəniyyət ocaqlarına olan tələbatı artırırdı. “28 Cinema”da düzgün zamanda fəaliyyətə başladı və çox tez bir zamanda bazarın liderinə çevrildi.Daha sonra biz “28 Cinema” adını dəyişərək “CinemaPlus” adlandırmaq qərarına gəldik. Səbəb isə çox sadə idi. Kinoteatr şəbəkəsini genişləndirmək istəyirdik. Ad isə buna imkan vermirdi. Çünki “28 Cinema” adı düşünülərkən, sırf yerləşdiyi lokasiyaya uyğun düşünülmüşdü. Beləliklə total rebrendinq edərək, həm adı, həm xidmət səviyyəsini, həm də ümumilikdə yanaşmamızı dəyişdik.- Sual verməzdən öncə rebrendinqin çox uğurla həyata keçməyi ilə əlaqədar sizi təbrik edirəm. Ad, xidmət səviyyəsi və s məsələlərin dəyişməyini anladım, bəs yanaşmanın dəyişikliyi nədə öz əksini tapdı?- Hətta deyərdim bir yanaşma yox, bir neçə özümüz üçün yeni hədəflər təyin edib, onlara çatdıq. Məsələn, elə götürək xidmət səviyyəsinin artırılmasını. Özünüz bilirsiniz ki, bu gün kinoteatr bazarı o qədərdə geniş deyil və iştirakçıların sayı azdır. Göstərdiyimiz filmlər, satdığımız qida və içki isə demək olar ki digər kinoteatrlar ilə müqayisədə eynidir. Hətta qiymətlərimiz belə eynidir. Bunu düşünərək, qərara gəldik ki, biz demək öz xidmət səviyyəmizi artıraraq, tamaşaçıların rəğbətini daha çox qazanmalıyıq. Ələxsus da rebrendinqdən sonra. Çünki çoxları “28 Cinema” adını unudub, “CinemaPlus” adını yadda saxlamaqda çətinlik çəkirdi. Ona görə biz bütün gücümüzü tamaşaçıya göstərilən xidmətin ən yüksək səviyyəyə çatması üçün topladıq. Bunu da tam 100%-a çatdırdığımızı demək istəməzdim, lakin işin 70% görülüb. Bu isə çox nəhəng bir işin həyata keçməsi deməkdir.- Sadalaya bilərsinizmi “CinemaPlus”da bu iki il ərzində nə kimi işlər görülüb və gələcəkdə nələr gözlənilir?- Görülən işləri məmnuniyyətlə sadalayacam, lakin görüləcək layihələri tam açıqlamaq istəməzdim. Amma bir neçəsi barədə məlumat verəcəm. Görülən işlərin arasında:1.www.cinemaplus.az saytının tamamilə yenilənməsi. Xeyli sayda yeni funksiyaların əlavə olunması, bilet alma prosesinin tezləşdirilməsi və sadələşməsi2.CinemaPlus-un mobil əlavəsinin tamamilə yenilənməsi. Funksiyaların arasında kinoya bileti əlavəni tərk etmədən alma imkanı, gələcəkdə nümayiş olunacaq filmləri “like” düyməsi ilə bəyənib və filmin nümayişə girməsinə 1 gün qalmış məlumatlandırılması3.“CineClub” loyallıq sisteminin tamamilə yenilənməsi4.Fiziki məhdud insanlar üçün xüsusi oturacaqların quraşdırılması. Bundan əlavə “CinemaPlus Azərbaycan” kinoteatrında fiziki məhdud insanlar üçün xüsusi lift xidmət göstərir. Bu da o deməkdir ki, kinoteatrın qapıları hər bir tamaşaçının üzünə açıqdır5.“Cinemazadeh” şirkəti ilə birgə xarici filmlərin yerli dublyajla səsləndirilməsi6.Azərbaycan istehsalı filmlərə böyük dəstək verilməsi7.Yeni hədiyyə kartlarının tətbiqi. Yəni artıq insanların ad günlərinə hədiyyə olaraq xüsusi kartlar vermək mümkündür. Bu isə kino məhsulunun insanların həyatında daha vacib rol oynamasının göstəricisidir.8.Yeni dəvətnamə sisteminin tətbiq edilməsi9.Pəhriz saxlayanlar üçün xüsusi “Diet Popcorn” məhsulunun istehsalı və satışıSaymaqla bitməyəcək..Gələcəkdə isə onu deyə bilərəm ki, əsas məqsədimiz bilet alışı prosesini daha da təkminləşdirmək, yeni avadanlığın gətirilməsi, növbələrin azalmasıdır və əlbəttə ki, insanların zövqünə uyğun kino nümayiş etmək. Bircə belə bir ip ucu verə bilərəm ki, tezliklə kağız biletlərin dövriyyəsi azalacaq, sonra isə ümumiyyətlə yığışdırılacaq. CinemaPlus elektron bilet sisteminə keçəcək. Bu isə həm bilet alışı prosesini, həmdə ümumilikdə zala daxil olma prosesini xeyli asanlaşdıracaq.
- Bu gün “CinemaPlus” şəbəkəsinə neçə kinoteatr daxildir və daha neçə kinoteatr açmaq fikriniz var?- Bu gün “CinemaPlus” (CP) şəbəkəsinə 6 kinoteatr (33 zal) daxildir. Bunlar: CP 28 Mall, CP Ganjlik Mall, CP Azərbaycan, CP Amburan Mall, Aygun Mall və CP Xəmsə (Gəncə şəhəri). Bildiyiniz kimi, CinemaPlus ilk olaraq 2016-cı ildə Azərbaycanın digər şəhərlərində kino mədəniyyətinin inkişafına öz dəstəyini verib və Gəncə şəhərində SSSR-i dövründən sonra ilk müasir CinemaPlus Xəmsə Mall kinoteatrını istifadəyə verib. Bu kinoteatr heç də Bakıda fəaliyyət göstərən kinoteatrlardan geri qalmır və bütün dünyada fəaliyyət göstərən kinoteatrlar ilə eyni zamanda premyeraları nümayiş etmək imkanı var.Gələcəkdə isə biz daha iki kinoteatr istifadəyə verəcəyik. Biri yenə də Gəncə şəhərində yeni açılmış “Gəncə Mall”da, o biri isə Bakının mərkəzində yerləşən yeni açılacaq “Caspian Waterfront” əyləncə mərkəzində olacaq. Orada Azərbaycanda bu günə kimi tətbiq olunmayan və dünya kinoteatr bazarında çox az kinoteatrların malik olduğu yeniliklər olacaq.- Zaur bəy, sizcə “CinemaPlus” brendi bu gün Azərbaycanda artıq daha öncə sözünü demiş və milyonların rəğbətini qazanmış brendlər arasında bir sırada olması nə dərəcədə realdır?- Siz haradan bilirsiniz ki, CinemaPlus da milyonların rəğbətini qazanmayıb..? (gülür) Mən tam əminliklə sizə deyə bilərəm ki, 2016-cı ildə “CinemaPlus” şəbəkəsində 1 milyondan artıq tamaşaçı kino izləyib. Məgər bu kifayət deyil mi ki, “CinemaPlus” bu gün Azərbaycanın ən böyük əyləncə məkanı sayılsın və iri şirkətlər arasında olsun? Hətta mən deyərdim iri şirkətlər özləri “CinemaPlus” ilə əməkdaşlıq etmək istəyir və bu bizim üçün bir uğurdur. Azərbaycanda fəaliyyət göstərən əksər iri şirkətlər, holdinqlər, tele radio sahəsindən, telekomunikasiya sahələrindən tutmuş, nazirliklərə kimi “CinemaPlus” ilə işləməkdən məmnundur. Bu gün böyük şirkətlərin, dövlət müəssələrinin İnsan Resursları Departament müdirləri öz həmkarlarını motivasiya etmək üçün, ad günlərini təbrik etmək üçün hədiyyə olaraq məhz “CinemaPlus”a dəvətnamə, hədiyyə kartı sifariş edir, marketinq departamentləri korporativ keçirtmək üçün restoranlara yox, “CinemaPlus”a müraciət edir. Çünki biz həm maarifləndiririk, həm istirahət etməyə imkan yaradırıq, həmdə insanları standart istirahətdən daha emosional istirahətə yönəldirik. Bu gün “CinemaPlus” Azərbaycanın ən böyük əyləncə mərkəzidir!- Hansı yaddaqalan layihələri bizimlə bölüşə bilərsiniz?- Layihələr əslində həddən artıq çoxdur, çox istərdim hamısını sizinlə bölüşüm, lakin vaxtımız az olduğundan ən yadda qalanları haqqında məlumat verəcəm.İlk öncə Leyla Əliyevanın iştirakı və Heydər Əliyev Fondunun dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mütəmadi olaraq maraqlı cizgi filmləri nümayiş edirik, kino vaxtı uşaqlar dadlı pop korn və sərin içkilərdən sərbəst şəkildə istifadə edir.İDEA ilə birlikdə iki kinoteatrın - “CinemaPlus Azərbaycan” və “CinemaPlus Amburan Mall” qarşısında velosiped həvəskarları üçün xüsusi dayanacaqlar quraşdırdıq.Bundan əlavə Azərbaycan kino industriyasında ən böyük büdcəli kino “Əli və Nino” filmi yalnız “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olundu və demək olar ki, 100 mindən çox insan bu filmi izləmək imkanı qazandı.İlk dəfə olaraq Azərbaycanın ulduzları ilə xarici filmləri peşəkar şəkildə dublyaj edərək yerli tamaşaçıya təqdim etdik. Bu layihə bizim əsas tərəfdaşımız “Cinemazadeh” şirkətinin köməyi ilə baş tutdu.Azərbaycanda səs salmış bütün iri təqdimatların, layihələrin hər zaman informasiya dəstəkçisi olmuşuq. Onların arasında “Maşın Şou”, “Jara” musiqi festivalı, bir çox məşhur dünya ulduzlarının konsertləri, marketinq forumları və s.Son yadda qalan layihəmiz yenədə “Cinemazadeh” və “Cinema Distribution” şirkətləri ilə birgə çəkdiyimiz “Kəklikotu” filmi və onun inanılmaz Qala gecəsi oldu. Qala gecəsində 1000-dən çox insan iştirak etdi. Bütün KİV nümayəndələri, məşhurlar, mədəniyyət və incəsənət xadimləri bu gecədə iştirak etdi. Filmin özünə qaldıqda isə “Kəklikotu” filmi ilk 4 günündə Azərbaycanda bu günə kimi heç bir yerli filmin göstərə bilməyəcəyi rekord nəticə göstərib.- Qiymətlər ilə bağlı hansı fikir bildirə bilərsiniz? Dəyişikliklər var mı? Yaxud gözlənilir mi?- Dünyada olan qlobal iqtisadi böhrana baxmayaraq, biz devalvasiyadan sonra qiymətləri qaldırmadıq. Yəqin ki, xəbəriniz var, kinoteatr bütün dünyada, eləcədə Azərbaycanda ən ucuz istirahət növü sayılır. Siz 10-11 manata həm 2 saat ərzində hər şeydən uzaqlaşaraq istirahət edə bilərsiniz, həmdə dadlı pop korn və sərin içki içə bilərsiniz. Lakin bu ucuz istirahətin arxasında çox çətin bir proseslər yer alıb. Belə ki, kino məhsulundan tutmuş, pop korn toxumuna kimi kinoteatr tərəfindən idxal olunur. Onu da qeyd etmək istərdim ki CinemaPlus-da satılan pop corn ABŞ-dan idxal olunur və xüsusi sort qarğıdalı, resepti ilə hazırlanır. Təbii ki, idxal olunan mallarda xarici valyuta şəklində həyata keçirilir. İndi özünüz düşünün, dollar 0,78 azn olanda da biletin qiyməti maksimal 7 manat, pop korn isə 2 manat idi, indi isə dollar 1,70-dir, lakin qiymətlər hələ də dəyişməyib. Bu da açıq aydın kinoteatrın gəlirlərinin azalmasının göstəricisidir. Ona görə də “CinemaPlus” kinoteatrlar şəbəkəsi artıq yerli istehsalı olan filmlərə qiymət artımı edib. Səbəb isə yerli film istehsalçılarına dəstək olmaqdır. Xarici filmlərə qaldıqda isə, qiymət siyasətində dəyişiklik olmasa yeni ildən sonra onların nümayişlərinin məhdudlaşması riski var. Ona görə böyük ehtimal ki, xarici filmlərədə biletin qiymətlərində cüzi dəyişiklik baş verəcək. Lakin heç də narahat olmaq lazım deyil. Hətta qiymət artırımı baş verdikdə belə, kinoteatr ən ucuz istirahət məkanı kimi öz yerini saxlayacaq. Onu da qeyd edim ki, yerli filmlərə biletlərin qiyməti artsa da, tamaşaçı dinamikasına heç də mənfi təsir göstərməyib, əksinə tamaşaçı sayı gündən günə artır.
- Azərbaycanda kinematoqrafiya sahəsinin dirçəlməsi və inkişafında nə kimi addımlar atılır, nə işlər görülür?- Son zamanlar özünüzdə yəqin ki, görürsünüz yerli film istehsalı sektorunda xeyli inkişaf və irəliləyiş var. Demək olar ki, hər 1-2 aydan bir yeni film çıxır. Yeni aktyorlar, rejissorlar tanıyırıq və bu da çox sevindirici haldır. Dövlət özü də yeni filmlərin çəkilişlərinə, yeni avadanlıqların alınmasına dəstək durur. Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2016-cı il tarixli 745 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 10-cu hissəsinə uyğun olaraq investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələrinin siyahısına kinematoqrafiya fəaliyyətinin (kinofilmlərin yaradılması, nümayişi, yayımı, istifadəsi, təbliği, mühafizəsi) daxil edilib.Həmçinin biz müəlif hüquqlarını pozan (pirat) kontentlərə qarşı ciddi mübarizə aparırıq. Bu cür hallar kinoteatrın fəaliyyətinə çox neqativ təsir göstərir. Yerli və xarici filmlərin internet resurslara düşməməsi üçün diqqətlə izləyirik.- Sonda daha bir sual verib, bu maraqlı söhbətimizi sizinlə yekunlaşdırmaq istərdim. “CinemaPlus” 2 il ərzində bu qədər uğura imza atıbsa, gələcəkdə nə kimi uğurlara imza atmaq fikrindədir? Məqsədiniz nədir?- Biz “CinemaPlus” brendini yaradanda qarşımıza əslində çox məqsədlər qoymuşduq, lakin biri ən əsas idi: “CinemaPlus” hər bir insanın həyatında kiçikdə olsa hansısa yer tutmalıdır. Yaşından, cinsindən, sosial statusundan asılı olmayaraq “CinemaPlus” hər bir insanın həyatında kiçikdə olsa bir rol oynamalıdır. Və o demək deyil ki, yalnız film nümayiş etməklə,əsla... Hər bir göstərdiyi xidmətlə. Və inanın biz bunu edə bildik. Bu son iki il ərzində “CinemaPlus” həm dünyanın ən maraqlı futbol qarşılaşmalarının nümayişinə başladı, həm Azərbaycanda keçirilən ən iri miqyaslı forumlarını ərazi, səs və digər xidmətlər ilə təmin etdi, həm Azərbaycanda fəaliyyət göstərən yüzlərlə iri şirkətlərini minlərlə xüsusi dəvətnamələr, hədiyyə kartları ilə təmin etdi. Bu isə artıq “CinemaPlus”un sadəcə kino nümayişi üçün meydança yox, hər bir insanın burada öz sevinc və istirahət payını tapa biləcəyi məkana çevrilməsinin ən birinci göstəricisidir.Gələcək məqsədimiz isə dəyişməz olaraq qalır: Tamaşaçının zövqünü daim inkişaf etdirmək, keyfiyyətli və eyni zamanda əlçatan istirahət üçün maksimum şərait yaratmaq və insanların həyatında kiçik payımızı daha da artırmaqdır. Sürətlə inkişaf edən Azərbaycanın mədəni həyatında kiçik də olsa rolumuzun olması bizim üçün ən böyük qürur mənbəyidir! Bu yolda inamla addımlamağa davam edəcəyik!BAKU.WS

Son xəbərlər