Ev sahibi ilə kirayəçi arasında münasibətlər necə tənzimlənməlidir?

Ev sahibi ilə kirayəçi arasında münasibətlər necə tənzimlənməlidir?
Video
Sosial 84

Sosial şəbəkələrdə yayılan görüntülərdən birində kirayəçinin yaşadığı evi zibilliyə çevirdiyi əks olunub. Ev sahibi isə bu vəziyyətə etiraz edərək kirayəçidən mənzili tərk etməsini tələb edib.

Bu kimi halların yaşanmaması üçün mütəxəssislər kirayəçi ilə ev sahibi arasında münasibətlərin rəsmiləşdirilməsini, yəni kirayə müqaviləsinin bağlanmasını vacib hesab edirlər. Çünki əvvəlcədən həm qiymət, həm də şərtlər razılaşdırıldıqda xoşagəlməz halların qarşısı alınır.

Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, 2026-cı il yanvarın 1-dən fiziki şəxslərə məxsus yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərə tətbiq edilən vergi dərəcəsi 14 faizdən 10 faizə endirilib.

Məsələn, evini aylıq 400 manata kirayə verən şəxs əvvəl 56 manat vergi ödədiyi halda, artıq bu məbləğ 40 manat təşkil edəcək.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, notarial qaydada bağlanan müqavilələrdə tərəflərin öhdəlikləri dəqiq şəkildə qeyd olunur:

"Gələcəkdə tərəflərdən hər hansı biri bu öhdəlikləri pozarsa, bununla bağlı məsuliyyət daşıyacaq. Ən çox rast gəlinən hallar kirayə haqqının vaxtından əvvəl artırılması və ya kirayəçinin əsassız olaraq mənzildən çıxarılması ilə bağlıdır. Müqavilə, həmçinin kirayəçi tərəfindən mənzilə dəyən zərərlərin qarşısının alınmasına xidmət edir. Müqavilə imzalandıqdan sonra ev sahibi vergi ödəyicisi kimi qeydiyyata alınır və əldə etdiyi gəlirin 10 faizini vergi kimi ödəyir".

Qeyd edək ki, bu yeniliklər sahibkarlıq fəaliyyəti çərçivəsində icarəyə verilən və ya hüquqi şəxslərə kirayə verilən əmlaklara şamil edilmir.

Vergidən yayınma hallarının qarşısının alınması məqsədilə tətbiq edilən daha bir yenilik maliyyə sanksiyaları ilə bağlıdır. Belə ki, 2026-cı ildən vergi orqanında qeydiyyata alınmaq üçün ərizənin təqdim edilməməsinə görə 200 manat məbləğində cərimə müəyyən edilib. Bu cərimə əvvəl 40 manat idi.

Son xəbərlər