ETX "WhatsApp" və "Telegram" hesabları ilə bağlı xəbərdarlıq edir

ETX WhatsApp və Telegram hesabları ilə bağlı xəbərdarlıq edir
Sosial 133

"Telegram" və "WhatsApp" ani mesajlaşma tətbiqi üzrə son dövrlərdə istifadəçi hesablarının icazəsiz ələ keçirilməsi hallarının artması ilə bağlı araşdırmalar davam edir.

BAKU.WS xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti (Milli CERT) məlumat yayıb.

Bildirilib ki, bu istiqamətdə daxil olan müraciətlər və aşkarlanmış faktların təhlili bir çox hallarda istifadəçilər tərəfindən əlavə təhlükəsizlik imkanlarından istifadə olunmadığını göstərir.

"Bu baxımdan, vətəndaşlara tövsiyə edilir ki, "Telegram" və "WhatsApp" hesablarında ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirsinlər.

"Telegram"da bu funksiyanı aktiv etmək üçün istifadəçi əvvəlcə tətbiqin "Ayarlar" bölməsinə daxil olmalı, daha sonra "Məxfilik və Təhlükəsizlik" hissəsini seçməlidir. Buradan "İkimərhələli təsdiqləmə" bölməsinə keçərək əlavə şifrə təyin etməli və bərpa üçün elektron poçt ünvanı daxil etməlidir. Belə olduğu halda, hesablara giriş təkcə SMS-kod vasitəsilə yox, alternativ kanallarla göndərilmiş OTP kod üzərindən aparılır. Bu isə hesabların ələ keçirilməsi riskini azaldır.

"WhatsApp" tətbiqində isə "Ayarlar" bölməsindən "Hesab" hissəsinə daxil olaraq "İkimərhələli təsdiqləmə" seçilməlidir. Burada altırəqəmli PIN-kod təyin edilir və hesabın təhlükəsizliyi üçün elektron poçt ünvanının əlavə edilməsi tövsiyə olunur. Bu PIN-kod vaxtaşırı istifadəçidən sorğulanaraq, hesabın qorunmasını təmin edir.

Bununla belə, qeyd edək ki, Elektron Təhlükəsizlik Xidməti tərəfindən məsələnin həlli istiqamətində sözügedən tətbiqlər üzrə rəsmi nümayəndələrlə davamlı müzakirələr aparılır", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər