Diqqətli olun! Başımıza hər an göydən daş düşə bilər

Diqqətli olun! Başımıza hər an göydən daş düşə bilər
Sosial 2641

Bakının Yasamal rayonu ərazisində 20 nömrəli məktəbin yeni tikilən binasından düşən dəmir boru bir nəfərin ölümünə, digərinin yaralanmasına səbəb olub. Qadınlardan birinin başı əzilib və o, qanitirmədən yerindəcə keçinib. Hadisə baş verəndən sonra hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb. Hüquq-mühafizə orqanlarından BAKU.WS-ə verilən məlumata görə, Yasamal rayon Polis İdarəsində və prokurorluqda araşdırmalar aparılacaq və günahkar şəxs və şəxslər cəzalandırılacaq. Lakin bu ölən şəxsi geri qaytarmayacaq. Bu səbəbdən də, yaxşı olardı ki, tikinti zamanı təhlükəsizlik qaydalarına əməl olunsun. 20 nömrəli məktəbin tikintisi zamanı isə kor-kor, gör-gör, bu qaydalara əməl olunmurdu. Nəticədə də faciə baş verdi. Məsələ ilə əlaqədar Təhsil Nazirliyi və Dövlət Əmək Müfəttişliyi Xidmətilə əlaqə saxladıq. Qurumlardan BAKU.WS-ə bildirdilər ki, 20 nömrəli məktəbin tikintisi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən aparılır. Meriya ilə isə məsələ ilə bağlı açıqlama verəcək məsuliyyətli şəxs tapılmadı.

Bu hadisə ilə əlaqədar "Bakıda qadınların başına boru düşdü, biri yerində keçindi" adlı yazıda məlumat vermişik.

Qeyd edək ki, məktəbi tikilməsilə bağlı dövlət sifarişçisi Təhsil Nazirliyidir. İnşaat şirkətinə dövlət lisenziyası isə 29 dekabr 2014-cü il tarixindən verilib. İlkin təməltökmə işlərinə isə ötən ilin dekabrın birində başlanılıb. 2016-cı ilin 1 dekabrında da plana uyğun olaraq təhvil verilməlidir. Layihəni "Bakinşaat Group” MMC-yə isə Bakı Dövlət Baş Layihə İnstitutu təqdim edib.

Xatırladaq ki, bu cür hadisə Bakıda ilk dəfə deyil ki, baş verir. 2013-cü ildə başına böyük daş parçası düşən 22 yaşlı gənc ölmüşdü. Hadisə iyulun 15-də Bakının Lermontov küçəsində qeydə alınmışdı. Hadisə zamanı Dövlət İdarəçilik Akademiyasının qarşısında yerləşən doqquzmərtəbəli binadan böyük daş parçası qoparaq aşağıdan keçən 1991-ci il təvəllüdlü R.Hüseynovun başına düşmüşdü. Komaya düşən gənc xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməmişdi.

Oxşar hadisə 2014-cü ildə də baş vermişdi. Heydər Əliyev prospektində sökülməkdə olan binanın uçması nəticəsində Bakı sakinləri – 1992-ci il təvəllüdlü Bayramlı Cavid Ədalət oğlu və 1988-ci il təvəllüdlü Ələkbərov Asiman Salman oğlu ölmüşdülər. Ölənlər ərazidəki Shevrolet Niva maşının içində olublar. Hadisə zamanı bu maşından əlavə daha 5 maşına ciddi zədə dəyib.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər