Dərslərin kompensasiyası ilə bağlı YENİ TƏKLİFLƏR
Azərbaycanda koronavirus infeksiyası ilə əlaqədar tətil günlərinin martın 27-nə kimi uzadılması dərs saatlarının necə kompensasiya ediləcəyini gündəmə gətirib.
BAKU.WS xəbər verir ki, ölkə ictimaiyyəti yaranmış vəziyyətdə şagirdlərin dərslərdən geri qalmaması və hansı addımın atılması ilə bağlı geniş müzakirələr aparır.
Son olaraq “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilib. Təhsil Nazirliyinin dəstəyi ilə teledərslər bütün sinifləri əhatə edəcək, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunacaq.
Mövcud vəziyyəti dəyərləndirən təhsil eksperti Kamran Əsədov BAKU.WS-ə bildirib ki, şagirdlərdə bilik və bacarıqlar qısa müddət ərzində formalaşmır və ya itmir: “Bu səbəbdən təqvimə nəzər yetirdikdə görürük ki, mart ayında onsuz da 15 qeyri-iş günü var. Şagirdlərin mart ayının birindən dərsə getdiyini nəzərə alsaq, ümumilikdə dərs prosesindən geri qalmaq günləri 14 gündür. Mart ayında şagirdlər 14 gün dərsə gedəcəkdilərsə, koronavirusa görə tətil elan olundu və nəticədə uşaqlar 14 gün dərsdən kənarda qaldılar.
Bu da təqvim proqramında hər fəndən geri qalmaq paraqraflarının sayı 3-dür. İbtidai siniflərdə bu rəqəm fənlərə görə 4 və 5 arasında dəyişir. Nəzərə alsaq ki, şagirdlərin bilik və bacarıqlarının formalaşması sentyabr ayının 15-dən başlayır, bu müddət o qədər də ciddi itki hesab oluna bilməz. Amma kompensasiya olunması zəruridir, çünki bəzi informasiya və biliklər dərsdə formalaşır və yaranır”.
Təhsil eksperti itirilmiş dərslərin bərpa olunması ilə bağlı bir neçə versiya mövcud olduğunu deyib: “Birincisi, tətil müddətinin uzadılmasıdır. İyun ayının 14-də dərslər bitdikdən sonra 15 gün buna əlavə edilsin və nəticədə məktəb iyunun 14-ü yox, 30-u bitsin. Təbii ki, bu, effektiv variant olmayacaq. Çünki həmin vaxt ölkəmizdə hava temperaturu isti olur, məktəblərimizin havalandırma və soyudulması işləmir. Eyni zamanda su və nəqliyyat problemi də mövcuddur. Azərbaycanda həmin vaxt havanın orta temperaturu 35-37 dərəcə olur. Bu da şagirdlərdə günvurma diqanozunu ortaya çıxara bilər.
İkinci versiya dərslərin şənbə və bazar günləri keçirilməsidir. Misal üçün aprel ayında heç bir qeyri-iş günü yoxdur. Şagirdlər bütün günləri dərsdə olacaqlar. Burada qeyri-iş gününün olmamasını nəzərə alsaq, itirilmiş 14 günü ardıcıl şənbə günlərinə dərs salmaqla aradan qaldırmaq olar.
Üçüncü versiya isə budur ki, əsas fənlərin dərslərini şənbə və bazar günlərinə salmaq, eyni zamanda qeyri fənlərin dərslərini isə həftə içi keçirilən dərslərlə birləşdirməkdir.
Bununla bağlı bizim mərkəz də hökumətə əlavə layihələr təqdim edib. Söhbət dərslərin onlayn formada keçirilməsindən gedir. Bu gündən etibarən Təhsil Nazirliyi məhz “Mədəniyyət” televiziyası ilə birgə onlayn dərs keçmək üsulunu tətbiq edəcək. Biz təklif etmişik ki, Təhsil Nazirliyinin “You Tube” kanalı və ya müəyyən kanallara dərslərin onlayn versiyasını yerləşdirək və sonradan sorğu əsasında bundan nə qədər şagirdin istifadə etdiyini müəyyənləşdirək.
Kamran Əsədov həmçinin qeyd edib ki, şagirdlər lazım olan bilik və bacarıqları məktəbdə əldə etmir: "Əksəriyyət məktəbdən kənarda bilikləri özündə formalaşdırır. Ona görə əsas məsələ hazırlıq və repetitor kurslarıdır. Çünki ali məktəbə hazırlaşanlar onsuz da məktəbə az gedirlər. Burada problem ibtidai sinif şagirdləri üçün yaranır”.
Əsas vəzifə odur ki, biz bu məsələdən az zərərlə çıxmalıyıq. Bunun üçün isə elektron resurslardan istifadə edilməlidir. Müəllimlərin üzərinə bu məsələdə böyük yük düşür. Demək olar ki, “Whatsapp”ı olmayan valideyn yoxdur. Uşaqlarla valideynlər “Whatsapp” qrupları vasitəsilə ev tapşırıqlarını yerinə yetirib və müəllimlərinə geri dönüş edə bilərlər. Hər hansı mətn, şeir və ya başqa dərsləri şagird hazırlayıb, onu video vasitəsilə müəlliminə göndərə bilər.
Biz həm də təklif etmişik ki, şagirdlər “Skype” vasitəsilə dərslərə qoşula bilər. Bu tətbiqə 50-dən çox insan eyni vaxtda qoşulur və görüntülü danışa bilir. Bunu Bakı və ətraf rayonlardakı məktəblərdə tətbiq etmək və effektiv dərslərin kompensasiyasını təmin etmək olar. Bütün hallarda mövcud vəziyyət göstərir ki, 11 ildir, təhsil haqqında qanunun qəbul edilməsinə baxmayaraq, biz onlayn təhsilə hazır deyilik və zəruri addımlar atmamışıq".
Oxşar xəbərlər
Övladları məktəbə gedən valideynlərin DİQQƏTİNƏ - VİDEO
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilib. BAKU.WS xəbər veri...