Bölgələrdəki ictimai nəqliyyat problemi bu cür həll edilə bilər - AÇIQLAMA

"Bölgələrdə ictimai nəqliyyat sistemi bərbad vəziyyətdədir".
Bu sözləri BAKU.WS-ə açıqlamasında bölgələrdəki nəqliyyat sisteminin aqibətindən danışan ekspert Elməddin Muradlı deyib.
Ekpert vurğulayıb ki, rayonlarda sərnişin daşıma və yük daşıma sistemi bir az qəlizdir və nizamlanmayıb:
"Bölgələrdə ictimai nəqliyyat sistemi bərbad vəziyyətdədir. Bəzi bölgələrdə ümumiyyətlə bu sistem yox vəziyyətindədir. Kimlər köhnə dövrdən bu nəqliyyat sistemində çalışıbsa, onlar hardasa bir mikroavtobusla, köhnə avtobusla sərnişin daşıma xidməti göstərir. Rayon mərkəzləri var ki, orada heç ümumiyyətlə avtobus yoxdur. Elə rayon mərkəzləri var ki, məsələn avtovağzalı bir yerdədir, amma hansısa bir sahibkar özü üçün başqa bir yerdə avtovağzal düzəldib, bütün maşınları da çəkir ora və dövlətin istifadəsində olan avtovağzal boş qalır. Yəni bölgələrdə ictimai nəqliyyatla bağlı, ümumiyyətlə nəqliyyat sistemi ilə bağlı vəziyyət çox çətindir. Sərnişin daşıma olsun, yük daşıma olsun bir az qəlizdir nizamlanmayıb, hələ tənzimlənə bilməyib".
Elməddin Muradlı qeyd edib ki, rayon nəqliyyatında höküm sürən bu bərbad vəziyyətin biraz qarşısını almaq üçün hazırda mərkəzləşdirilmiş qaydalar müəyyənləşdirilib:
"İndi mərkəzləşdirilmiş qaydalar müəyyənləşdirilib. Onlayn sistem üzərindən buraxılış kartları verilir, yük daşıma fəaliyyəti üçün icazə blankları və başqa qeydiyyat prosedurları aparılır. Bunlar həmin sistemə müəyyən bir təsir göstərir".
Ekspert onu da bildirib ki, bəzən Bakıda istifadə müddətini başa vuran avtobuslar rayonlara göndərilirdi. Bu isə heç də ürəkaçan vəziyyət deyil:
"Əvvəl çox biabırçı bir ənənə var idi. Bakıda istismardan çıxarılan köhnə avtobusları bölgələrə satırdılar. Bu doğru, düzgün yanaşma deyil. Yəni bu Bakıda istismara yararsızdırsa, bölgələrdə də istifadəyə yararsızdır. Rayon camaatı niyə köhnə avtobusda gəzməlidir? Rayonlar üçündə hansısa bir imkanlar yaradılmalıdır. Amma retabellik baxımından sahibkarlar maraq göstərmir. Ona görə də bu məsələlər hansısa bir formada həllini tapmalıdır".
Elməddin Muradlı onu da vurğulayıb ki, dövlət sahibkarlara dotasiya ayırsa, rayonlardakı ictimai nəqliyyat problemi müəyyən qədər həll olunar:
"Sahibkarlar bölgədə ictimai nəqliyyat işlədə bilmir. Çünki gəlir aşağı səviyyədədir. Bölgədə nə qədər insan var, nə qədər ictimai nəqliyyata axın olacaq. Yəni dövlət bunu tənzimləməlidir, hansısa formada sahibkara dotasiya ayırmalı subsidiyalar verilməlidir. Sahibkar maraqlı olmalıdır ki, dövlət dəstəyi varsa mən bu ictimai nəqliyyat xidmətini göstərim".
"Ya da rayon icra hakimiyyətləri yenə əvvəlki qaydada bu işlə məşğul olmalıdılar. Təbii ki, burada da özbaşınalıq, rüşvətxorluq, şəxsi maraq yox ictimai maraq üstün tutulmalıdır. İndi bu məsələyə baxmaq lazımdır ki, icra hakimiyyəti bu işin öhdəsindən gələ bildimi? Vaxtı ilə onların tabeliyində idi. Hərhalda bir az qəliz məsələdir, amma kökündən həll etmək üçün dövlətin bu sahədə dəstəyinə ehtiyac var" -deyə, ekspert fikirlərinə əlavə edib.
Şəhanə Xankişiyeva
Oxşar xəbərlər
Mərkəzi Nəbatat Bağı: "Dezinfeksiya məhlullarının insan sağlamlığına heç bir zərəri yoxdur" - AÇIQLAMA
Mərkəzi Nəbatat Bağında istifadə edilən dezinfeksiya məhlullarının insan sağlamlığına heç bir zərəri yoxdur. BAKU.WS xəbər verir ki, bu barədə Mərkəzi Nəbatat b...