Bank kartlarından oğurluq cəhdləri artır: DİN-dən XƏBƏRDARLIQ
Son dövrlər vətəndaşların bank kartlarından vəsaitlərin oğurlanması halları artmaqda davam edir.
BAKU.WS-in məlumtına görə, xüsusilə sosial şəbəkələr və mobil əlaqə vasitəsilə həyata keçirilən kiber dələduzluq cəhdləri yeni üsullarla insanları hədəf alır.
Özlərini bank əməkdaşı, yaxın qohum və ya alıcı kimi təqdim edən şəxslər vətəndaşların etibarından istifadə edərək maliyyə məlumatlarını ələ keçirməyə çalışırlar.
DİN Mətbuat Xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşların bank kartlarından pul vəsaitlərinin müxtəlif kiber üsullarla ələ keçirilməsi cəhdləri müşahidə olunur:
"İnternet məkanında cəlbedici vədlərlə maskalanan dələduzlar özlərini ailə üzvü, tanış, bank əməkdaşı, satılan məhsula görə beh ödəmək istəyən müştəri və digər şəxslər kimi təqdim edə bilərlər. Onlar istifadə etdikləri üsul və vasitələri tez-tez dəyişsələr də, yekun məqsədləri vətəndaşların etibarından sui-istifadə edərək bank kartı məlumatlarını əldə etməkdir.
Bu məqsədlə vətəndaşlardan kartın üzərindəki 16 rəqəmli kod, CVV, 3D təhlükəsizlik və SMS təsdiq kodları tələb olunur. Qeyd edək ki, bu məlumatların əldə olunması ilə kart hesablarından vəsaitlərin oğurlanması mümkün olur.
Bu tip cinayət halları əsasən naməlum nömrələrdən daxil olan zəng və mesajlar, həmçinin saxta saytlar və platformalar vasitəsilə törədilir. Daxil olan hər bir müraciət əsasında polis əməkdaşları tərəfindən əməliyyat-texniki tədbirlər həyata keçirilir, bu əməlləri törədən şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunurlar.
Eyni zamanda, kibercinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və vətəndaşların məlumatlandırılması məqsədilə polis əməkdaşları tərəfindən mütəmadi maarifləndirici tədbirlər həyata keçirilir. Məktəb və universitetlərdə görüşlər təşkil olunur, ictimai yerlərdə xəbərdarlıq xarakterli materiallar yerləşdirilir, sosial çarxlar və məlumatlandırıcı materiallar hazırlanaraq yayımlanır.
Bir daha vətəndaşlara müraciət edirik ki, şəxsi və bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın, şübhəli zəng və mesajlara reaksiya verməyin, kimliyindən əmin olmadığınız şəxslərə onlayn ödəniş etməyin Hər hansı təhlükə hiss etdikdə dərhal bankla əlaqə saxlayın və DİN-in "102" Xidməti-Zəng Mərkəzinə, eləcə də Nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edin".
Orxan Hüseyn
Oxşar xəbərlər
2025-ci ildə qanunsuz ayrılmış 3 min hektar torpaq bələdiyyələrə qaytarılıb
"2025-ci il ərzində inzibati nəzarət qurumuna təqdim edilən 81 711 sayda bələdiyyə aktı hüquqi baxımdan yoxlanılıb. Ekspertiza nəticəsində həmin sənədlərin 97.2...