Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı

Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı
AÇIQLAMA VİDEO
Sosial 22

"Azərbaycanda turizm sektorunda artım göstəricilərinə baxmayaraq, ölkəyə gələn xarici turistlərin sayında azalma müşahidə olunur. Yüksək qiymətlər, aviabiletlərin baha olması, xidmət keyfiyyəti və turizm mövsümünün qısa çəkməsi sektorun inkişafına mane olan əsas amillər sırasındadır".

BAKU.WS-in məlumatına görə, bu barədə iqtisadçı Xalid Kərimli danışıb.

Onun sözlərinə görə, turizm hazırda ölkə iqtisadiyyatının 2,9 faizini təşkil edir:

"Sektor üzrə 8 aylıq statistikada 4,5 faiz artım qeydə alınsa da, ölkəyə gələn turistlərin sayında azalma var. Belə ki, 2025-ci ildə turist sayı əvvəlki illə müqayisədə 2,1 faiz, 2026-cı ilin ilk 9 ayında isə ötən ilin eyni dövrünə nisbətən 6 faiz azalıb".

İqtisadçı azalmanın səbəbləri arasında dünyadakı müharibələri, enerji və aviabiletlərin bahalaşmasını göstərib:

"Bu amillər xüsusilə gərginlik yaşanan regionlara və onların yaxınlığındakı ölkələrə turist axınını zəiflədir. Turizmin inkişafı yalnız otel və istirahət mərkəzləri üçün deyil, bütövlükdə iqtisadiyyat üçün əhəmiyyətlidir. Bu sahə nəqliyyat, iaşə, ticarət və əyləncə sektorlarında tələbi artırır, yeni iş yerləri yaradır və ölkəyə xarici valyuta gətirir".

Bir turistin Azərbaycanda orta hesabla 1000-1500 dollar xərclədiyini bildirən iqtisadçı regionların inkişafında da turizmin rolunu xüsusi vurğulayıb:

"Sektorun əsas problemlərindən biri isə qiymətlərin rəqabətqabiliyyətli olmamasıdır. Bundan başqa, aviabiletlərin baha olması, birbaşa uçuş imkanlarının məhdudluğu və tranzit zərurəti turistlərin Azərbaycana səfərini çətinləşdirir. Quru sərhədlərinin bağlı olması da ölkəyə giriş imkanlarını məhdudlaşdıran amillərdəndir.

Turizm obyektləri arasında rəqabətin zəif olması təqdim edilən xidmətlərin səviyyəsinə mənfi təsir göstərir. Azərbaycanın turizm sahəsində ən ciddi problemlərindən biri də mövsümiliyin kəskin olmasıdır. Qonşu ölkələrdə yay turizmi aprel ayından noyabradək davam etdiyi halda, Azərbaycanda bu dövr əsasən iyunun ortalarından avqustun sonunadək davam edir. Küləkli hava şəraiti də xüsusilə Bakının yay turizmi imkanlarını məhdudlaşdırır.

Sahənin davamlı inkişafı üçün qiymətlərin rəqabətqabiliyyətliliyinin artırılması, nəqliyyat əlçatanlığının yaxşılaşdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və turizm mövsümünün uzadılması vacibdir".

Orxan Hüseyn

Son xəbərlər