Bakının bu yollarında tıxaclara son qoyulacaq

Bakının bu yollarında tıxaclara son qoyulacaq
Foto Açıqlama
Sosial 476

Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib.

BAKU.WS-in məlumatına görə, dövlət proqramında Bakı şəhəri üzrə yeni yolların çəkilməsi, paytaxt və ətraf ərazilərdə 4 dəmir yolu xəttinin bərpası və digər layihələr öz əksini tapıb.

Yeni layihələrlə bağlı BAKU.WS-ə açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, təqdimatda bir neçə dairəvi yollar qeyd olunub. Onlardan biri də Novxanı üzərindən keçən Bilgəh-Novxanı-Xırdalan yoludur:

"Bu yol layihəsinə 2007-ci ildən startı verilmişdi. 2014-cü ildə Koroğlu dairəsindən üzü hava limanına, hava limanından Mərdəkan, Buzovna, Bilgəh, Kürdəxanıya qədər həmin yol tikilmişdi. Tikinti işləri bir az zəif getmişdi və indi bərpa olunub. Bu yol Sumqayıt istiqamətində M-1 magistralı və M-4 Şamaxıya gedən magistralın, yəni Xırdalan şəhərinin üstü ilə əlaqələndiriləcək.

Şəhərə gələn axının bir hissəsini məhz hava limanı istiqamətindən təşkilinə kömək edəcək. Bundan başqa, Ziya Bunyadov küçəsinin yükünü azaldacaq. Ziya Bünyadov şəhərdaxili prospekt olsa da, bu yoldan tranzit avtomobillərin keçidi də müşahidə olunur və kritik bir vəziyyət yaradır. Ona görə iki yarımdairəvi yolların tikintisi nəzərdə tutulub. "Baksol yolu" istiqamətində və ondan yuxarı istiqamətdə bu yolların tikintisi şəhərə daxil olmadan sürətli hərəkəti təmin edəcək və şəhərdaxili hərəkətliliyə, avtomobillərin sıxlığına birbaşa təsir göstərəcək".

Rauf Ağamirzəyev əlavə edib ki, müasir şəhərlərin giriş nöqtələrində "Park and Ride" (Park et, səfərini ictimai nəqliyyatla davam et) kimi həllər təşkil olunur: "Siz avtomobillə şəhər istiqamətində gəlirsiniz və müəyyən nöqtələrdə avtomobili park edib səfərinizi ictimai nəqliyyatla - metro, avtobus, şəhərətrafı elektrik qatarı və yaxud məkanından asılı olaraq mikromobillik və ya piyada davam edirsiniz. Yəni bu növ həllər tətbiq olunur və qeyd etdiyim növlərə də diqqət ayrılmalıdır ki, o yükü götürə bilsin.

Bu, birbaşa şəhər küçələrindəki sıxlığa, tıxaca təsir edən məqamlardır. Əsas sual odur ki, biz səfərimizi nə ilə təşkil edirik və hansı zamana biz hər hansı bir məkana çata bilirik. Burada əsas məsələlərdən biri də şəraitin yaradılmasıdır. Yəni piyada infrastrukturunun qurulması önəmlidir ki, insanlar özləri qərar versin. Hansı məsafəni hansı növlə qət edəcəklər. Piyada, mikromobillik, avtobus, tramvay metro kimi çeşidlər çox olmalıdır. Yeni metro stansiyalarının tikilməsi, şəhərətrafı elektrik qatarı şəbəkəsinin təkmilləşdirilməsi, yeni tramvayın çəkilməsi yekunda bugünkü vəziyyətin dəyişməsinə səbəb olacaq.

Həmçinin şəhərətrafı qəsəbələr var ki, zamanla orada dəmir yolu olub, onların bərpası da vacibdir. Çünki bir avtomobil yoluna avtobus və fərdi nəqliyyatla mobilliyi təmin etmək olmaz və çox fərdi nəqliyyatdan istifadə yekunda yenə də tıxaca gətirib çıxaracaq. Ona görə dəmir yolunun bərpa olunması olduqca vacib addımdır".

Orxan Hüseyn

Son xəbərlər